738
18:01
14 Aprel 2020

Dövlət İmtahan Mərkəzi koronavirusla bağlı maraqlı test hazırlayıb - VİDEO

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən maarifləndirici tədbirlərə dəstək məqsədilə videoçarx və infeksiya barədə bilikləri yoxlamaq üçün “COVID-19 haqqında məlumatlılıq” testi hazırlanıb.

DİM-dən Lent.az -a verilən məlumata görə, videoçarxın məqsədi izləyiciləri maarifləndirmək və məsələyə elmi nöqteyi nəzərdən baxmağa kömək göstərməkdir.

Çarxda virus haqqında ümumi məlumatlar, infeksiyanın yayılma üsulları, xəstəliyin simptomları, virusdan qorunmanın və qorumanın yolları, problemin psixoloji tərəfləri, qabaqlayıcı tədbirlərin əhəmiyyəti, infeksiyanın həndəsi çoxalma qaydasında yayılma riski və bunun sadə – orta məktəb proqramına uyğun misallarla izahı verilib.

Videoya baxdıqdan sonra otk.az saytında “COVID-19 haqqında məlumatlılıq” testindən keçməklə Koronavirus infeksiyası barədə bilik səviyyənizi yoxlaya bilərsiniz. Burada infeksiyanın əlamətləri, yayılma yolları və ondan qorunma vasitələrinə aid tapşırıqlar var. Testin nəticələrinə uyğun məsləhətlərlə də tanış ola bilərsiniz. Test ödənişsizdir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin “Fərdi inkişafa dəstək” layihəsi”çərçivəsində abituriyentlər, onların valideynləri, o cümlədən vətəndaşlar üçün psixoloji maarifləndirmə və dəstək xidməti həyata keçirilir. DİM-in “Facebook” və “Youtube” kanallarında, eləcə də Layihənin “Pozitiv zəka” səhifəsində müxtəlif mövzulara – öyrənmə motivasiyası və modelləri, şəxsi inkişaf, inam, vərdiş, stres və onun idarə olunması, imtahanlara hazırlıq və digər məsələlərə aid videoçarxlara baxa bilərsiniz.