970
16:41
11 Aprel 2020

Fatma Yıldırım: “Türk Şurasının Zirvə görüşü dünya üçün təcrübə ola bilər”


“Türk Şurasının fövqəladə Zirvə görüşü ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar üçün gerçək təcrübə ola bilər”.

Bunu APA -ya açıqlamasında millət vəkili Fatma Yıldırım deyib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşünün keçirilməsi mühüm hadisədir: “Zirvə görüşünün mövzusunun koronavirus pandemiyası ilə mübarizəyə həsr olunması Azərbaycanın bu məsələyə həssas yanaşdığının göstəricisidir. Fövqəladə Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında dərin əlaqələrin bariz ifadəsidir. Videokonfrans vasitəsilə Zirvə görüşünə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun qoşulması Azərbaycanın bu təşəbbüsünün nə dərəcədə aktual olduğunu təsdiqləyir”.

Millət vəkili qeyd edib ki, Zirvə görüşündə Azərbaycan Prezidenti dərinməzmunlu çıxış edib və ölkəmizdə pandemiyaya qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verib:

“Dövlətimizin başçısının qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır. Düşünürəm ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin bu təşəbbüsü bütövlükdə beynəlxalq birlik üçün bir nümunədir. Çünki bəşəriyyətin üzləşdiyi qlobal problem dövlətlərin və xalqların birgə əməkdaşlıq səyləri nəticəsində aradan qaldırıla bilər. Türk Şurasının fövqəladə Zirvə görüşü bu baxımdan ayrı-ayrı ölkələr və beynəlxalq təşkilatlar üçün gerçək təcrübə ola bilər”.

F.Yıldırım bildirib ki, bütövlükdə, Türkdilli dövlətləri ortaq tarix, mədəniyyət, dil, din, adət-ənənələr, dəyərlər bir-birinə çox sıx tellərlə bağlayır: “Ötən dövr ərzində müstəqil dövlətlərimiz arasında mədəni, humanitar, iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Azərbaycan bütün türkdilli dövlətlərlə geniş münasibətlərə malikdir və türkdilli ölkələr arasında əlaqələrin daha da güclənməsində maraqlıdır. Bu səbəbdən də münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Vacib məqamlardan biri də odur ki, beynəlxalq müstəvidə də türkdilli dövlətlər bir-birini hər zaman fəal surətdə dəstəkləyir. Bütün bunların fonunda, dünyanı bürümüş koronavirus pandemiyasına qarşı mübarizədə də türkdilli ölkələrin həmrəylik nümayiş etdirməsi olduqca təqdirəlayiq haldır və alqışlanmalıdır. Göründüyü kimi, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirdi. Bu fakt onu təsdiqləyir ki, beynəlxalq birlik qlobal pandemiya ilə mübarizəni vahid mövqe, vahid istiqamət üzrə aparmalıdır. Şübhə yoxdur ki, dünya ictimaiyyəti bizim bu təcrübəmizi yüksək qiymətləndirəcək və ondan istifadə edəcəklər. Çünki dünyanın çətin bir sınaqla üz-üzə qalması ölkələrin və xalqların həmrəyliyinə nə qədər ehtiyac olduğunu göstərir. Dünyanın ayrı-ayrı bölgələrində dinc insanların həyatını fəlakətə çevirən müharibələrə, münaqişələrə, qarşıdurmalara, terrora son qoyulmalı, bəşəriyyətdə sülh, barış çağırışlarına güclü dəstək verilməlidir. Bu yerdə Azərbaycanın bütün dünyada sülh carçısı olduğunu, öz humanist prinsiplərinə sadiq qaldığını xatırlatmaq yerinə düşər. Təsadüfi deyil ki, ölkəmiz koronavirus pandemiyasına qarşı mübarizədə də Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də bır sıra ölkələrə maliyyə yardımı edib”.

Millət vəkili nəzərə çatdırıb ki, videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə çıxış edən dövlət və hökumət başçıları, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək dəyərləndiriblər: “Zirvə görüşündə koronavirus pandemiyası ilə mübarizə ilə bağlı önəmli fikir və təkliflər irəli sürülüb, eləcə də görüşün sonunda Bəyannamə qəbul edilib. Onun fikrincə, fövqəladə Zirvə görüşündə alınan qərarlar bütövlükdə beynəlxalq miqyasda pandemiyaya qarşı aparılan mübarizəyə böyük töhfələr verəcək”.