639
19:30
09 Aprel 2020

Çingiz Qənizadə: “Ermənistanın saxta seçki şousunun iflasa uğraması gözlənilən idi”

“Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi ərazisidir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş bu ərazidə hər hansı bir seçki keçirilməsi beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Məlum olduğu kimi, bu il martın 31-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində "prezident və parlament seçkiləri"nin keçirilməsinə cəhd olunub, lakin uğursuzluğa düçar olub. Həmişə olduğu kimi, bu dəfə də dünyanın heç bir ölkəsi, o cümlədən beynəlxalq təşkilatlar, hətta respublikamıza qarşı daim qərəzli olan qurumlar da bu qondarma seçkinin nəticələlərini tanımadı. Beynəlxaq hüquq normalarına zidd olan bu qeyri-qanuni seçkilərlə həm Ermənistan siyasi hakimiyyəti, həm də Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyi bütün dünyada özlərini gülünc vəziyyətə saldılar və işğalçı olduqlarını bir daha təsdiqlədilər”.

Lent.az xəbər verir ki, bu fikirləri Dağlıq Qarabağda keçirilmiş qondarma seçkilərə münasibət bildirən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.

Hüquq müdafiəçisinin sözlərinə görə, işğalçı ölkənin qondarma seçkini martın 31-də keçirməsi düşünülmüş və məqsədli şəkildə atılmış addımdır . Çünki həmin gün ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir. Ermənistan tərəfi də qondarma seçkilər keçirməklə dünya ictimaiyyətinin diqqətini törətdikləri vəhşiliklərindən, soyqırımı aktlarından yayındırmaq istəyir:

“İşğaıçı ölkə tərəfindən “seçkilər” adlandırılan bu şou beynəlxalq hüquqa, insan haqlarına, dövlətlərin ərazi bütövlüyü, qonşuluq və dostluq prinsiplərinə tamamilə ziddir. Məhz buna görə də dünya birliyi bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər”.

Ç.Qənizadə bildirib ki, Ermənistan bu qondarma seçkilərlə özünü gülünc vəziyyətinə qoydu. Çünki BMT-dən sonra dünyada 2-ci ən böyük siyasi qurum sayılan Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin yekdil qərarı ilə Azərbaycanın işğal olunmuş torpaqlarında qondarma seçkilərin beynəlxalq hüquq normalarına zidd olduğu bir daha təsdiqləndi:

“Bundan əlavə, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri - ABŞ, Fransa, Rusiya bu saxta seçki şousunu pisləyərək, tanımadıqlarını bəyan etdilər. Həmçinin 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən Türk Şurası, Türk Parlament Assambleyası, Demokratiya və İqtisadi İnkişaf Təşkilatı-GUAM, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, NATO, Çex Respublikası, Estoniya, Latviya, Litva, Rumıniya, Bolqarıstan, Finlandiya, Almaniya, İtaliya, Monteneqro, Böyük Britaniya, Belçika, İsveç, Xorvatiya, İran, Kanada, Norveç və digər ayrı-ayrı dövlətlər də bəyanatlar verərək seçkinin nəticələrini tanımadıqlarını bildirdilər".

Hüquq müdafiəçisi dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı bir zamanda qondarma rejimin saxta seçkilər keçirməklə beynəlxalq ictimaiyyətin nifrətini qazandığnı bildirdi.

Dedi ki, Azərbaycanın apardığı uğurlu diplomatik siyasət nəticəsində artıq bütün dünya Dağlıq Qarabağ həqiqətlərini bilir:

“Möhtərəm Prezidentimiz İlham Əliyev beynəlxalq tədbirlərdə, o cümlədən dövlət başçıları ilə görüşlərində tarixi faktlara əsaslanaraq, Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqla Azərbaycanın mövqeyini ortaya qoyub. Məhz bu uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün dünyanın əksər ölkələri Prezident İlham Əliyevin mövqeyini dəstəkləyir və Ermənistanı işğalçı ölkə kimi tanıyır. Bütün bunlardan sonra Ermənistanın saxta seçki şousunun iflasa uğraması gözlənilən idi”.