2342
17:30
03 Aprel 2020

"Virtual məktəb"lə bağlı suallara - RƏSMİ CAVAB

Aprelin 2-dən Təhsil Nazirliyi "Virtual məktəb" layihəsinə start verib.

Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək.

“Virtual məktəb” layihəsi şagirdlərə nə cür kömək edəcək?

Bu sahənin təkmilləşdirilməsi üçün hansı işlər görüləcək? Yeni layihədə qeydiyyatdan keçməyənləri problemmi gözləyir?

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov Lent.az -ın mövzu ilə bağlı suallarını cavablandırıb.

O bildirib ki, “Virtual məktəb” layihəsi şagirdlərin hazırki vəziyyətdə təhsildən kənarda qalmamaları üçün Təhsil Nazirliyinin təqdim etdiyi bir imkandır. Onun sözlərinə görə, layihə teledərslərin davamı kimi təqdim olunur: “Bildiyiniz kimi, martın 11-dən Təhsil Nazirliyi tərəfindən “Teledərslər” layihəsi çərçivəsində Mədəniyyət və ARB Günəş kanallarında dərslər yayımlanır. Növbəti addım olaraq biz həmin dərslərin üzərində daha çox interaktivliyi təmin etmək üçün “Virtual məktəb” layihəsini başlayırıq. Koronavirus təhlükəsinə görə yaranmış vəziyyətlə bağlı bir sıra ölkələr də əvvəlcə distant təhsil layihəsi ilə başlamışdılar. Yaxın ölkələrdən Gürcüstan, Türkiyə, Ukraynada bu istiqamətdə işlər görülmüşdü. Ancaq bir neçə gün bundan öncə həmin ölkələrdə də qərar verildi ki, teledərslər formatında dərslər çəksinlər və bütün ölkəni əhatə etməyə çalışırlar”.

Layihəyə necə qoşulmaq olar?

Vüsal Xanlarov deyib ki, hər kəsin “Virtual məktəb”ə qoşulmağa texniki imkanları olmaya bilər: "Ancaq imkanı olanları bu layihəyə qoşulmağa dəvət edirik. Mobil telefon vasitəsilə də bu layihəyə qoşulmaq olar. Yeganə şərt şagirdlərin fin kodunu daxil etmək, doğum tarixini seçmək və elektron ünvanı təqdim etməkdir.

Hazırda sistemdə teledərslərin məzmunu var. Eyni zamanda, tapşırıqlar təqdim olunur. Tapşırıqlar hər həftə yenilənəcək və yeniləri şagirdlərə təqdim olunacaq. Valideynləri də bu prosesə qoşulmağa dəvət edirik. Beləcə tapşırıqları övladları ilə birlikdə həll etmək, verilən suallar üzərində nəticələri təhlil etməklə təhsil prosesinə qoşulmuş olacaqlar. Layihə vasitəsilə şagirdlər öz aralarında həm yazılı, həm də videobağlantı əlaqəsi qura biləcəklər”.

V.Xanlarov onu da qeyd edib ki, proses başlayandan artıq 35 min şagird sistemə qəbul olunub: “Hazırda şagirdlərin komlektləşdirilməsi gedir. Proses tamamlandıqdan sonra yenidən qeydiyyata başlanılacaq. Valideynlərə müraciət edirəm: qeydiyyat üçün çox tələsməsinlər. Sistem hər zaman açıq olacaq. Hər dəfə yeninlənəndə onlar həm köhnə, həm də yeni məzmuna çıxış əldə edəcəklər. Dünən ilk saatlarda girişin çoxluğundan müəyyən yüklənmələr oldu. Amma hazırda sistem işlək vəziyyətdədir. Əgər kiməsə şifrələr gec gəlib, ya da gəlməyibsə bu daha çox həmin şəxslərin elektron ünvanlarında olan problemlə bağlıdır. Çünki e-maillər bloka düşür, spam kimi qəbul etdiyi üçün həmin ünvanları buraxmır. Ona görə də həmin şəxslər e-maillərində olan spam qovlqularını yoxlasınlar. Əgər orada da yoxdursa saytı açanda, fin və doğum tarixini yenidən daxil etdikdə, artıq qeydiyyatdan keçiblərsə, bütün məlumatlar dərhal çıxacaq, keçməyiblərsə qeydiyyat məlumatları ekrana veriləcək ki, istifadəçilər üçün daha rahat olsun”.

Bütün ölkəni əhatə edəcəkmi?

Müsahibimiz vurğulayıb ki, Azərbaycan vətəndaşı olan istənilən şəxs bu layihədən istifadə edə bilər: “Platformaya qoşulmaq üçün fin nömrənin olması vacibdir. Yenə deyirəm, əgər hər hansı bir məsələyə görə fin sistemi tapmayıbsa, kömək məqsədilə bəyanat çıxır ki, filan e-mailə göndərilsin. Biz çalışacağıq ki, həmin şəxsə kömək edək”.

V.Xəlilovun sözlərinə görə, hazırda sistemdə elektron məzmun var. Teledərslərin yazısı-videosu var ki, onları izləmək olar. Suallar və tapşırıqlar da mövcuddur. Onun sözlərinə görə, növbəti mərhələdə müəllimlər bu prosesə cəlb olunacaq: “Dərslər mərkəzləşdirilmiş qaydada hər hansı bir təyin olunmuş saatlarda keçirilməyəcək. Məzmun yüklənəcək ki, şagirdlər daha çox öz valideynləri ilə birgə həmin məzmundan istifadə etsinlər. Eyni zamanda, müəllimlər prosesə qoşulduqdan sonra özləri virtual siniflər yarada və şagirdləri cəlb edə bilərlər.

Yəni “Virtual məktəb” portalında müəllimlər tərəfindən onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər. Bilirsiniz ki, bir çox müəllimlər bu işi görürlər. Həmin platformalar vasitəsilə hər dəfə şagirdləri axtarmağa ehtiyac olmayacaq. Artıq sinifləri müəllimlər formalaşdıra biləcək və siniflərə daxil olub dərsləri keçə biləcəklər. Müəllim istəsə hansısa dərsi canlı da keçə bilər və ya evdə oturub yazıb yükləyə bilər ki, şagirdlər izləsinlər. Yəni həm canlı, həm də videoyazı vasitəsilə dərslər yazmaq mümkündür.

Portala hər həftə müxtəlif mövzu və fənlərə uyğun olaraq yeni tapşırıqlar əlavə olunacaq”.

V.Xəlilov bildirib ki, müəllimlərin cəlbi prosesi gedir: “Bilisiniz ki, bütün bu işlər çox az vaxtda ərsəyə gəldi. O baxımdan, ilk növbədə valideyn və şagirdlər sistemə cəlb olunur, daha sonra müəllimlər cəlb olunur. Yaxın günlərdə bunlar hamısı olacaq”.

İdarə rəhbəri yeni layihəyə qoşulmayanlar üçün müəyyən problemlərin yaranacağı ilə bağlı yayılan şaiyələrə də aydınlıq gətirib və prosesin məcburi olmadığını qeyd edib: “Bəzi şayilər gəzir ki, bu sistemdə qeydiyyat mütləqdir. Kim keçməsə, problemlə üzləşə bilər. Belə deyil. Virtual məktəb layihəsi, sadəcə əlavə təhsil imkanıdır. Uşaqların bu müddət ərzində təhsildən kənarda qalmamaları üçün təqdim olunan üsuldur. Ona görə biz valideynləri, şagirdləri və müəllimləri bu sistemə qoşulmağa dəvət edirik. Qoşulmaq könüllüdür”.