1656
15:59
31 Mart 2020

Koronavirusa yoluxma nə vaxta qədər uzanacaq? – FİKİRLƏR FƏRQLİDİR

Koronavirus yeni yayılmağa başladığı üçün hələ tam tədqiq edilməyib. Yalnız ehtimallar və təhlillər var.

Lent.az Rusiya mətbuatına istinadla xəbər verir ki, “NovaMedika” tibb şirkətinin baş həkimi Zaxar Leykin təcridolunma tədbirlərinin yarım il çəkə biləcəyini deyib.

Həkimin fikrincə, istilərin düşməsi ilə virusun aktivliyi səngiməyəcək. Çünki isti ölkələrdə də bu virus meydan oxuyur. Leykinin fikrincə, immunitetin yaranması üçün əhalinin 70 faizi bu virusa yoluxmalıdır: “İnsanların yarıdan çoxunun bu virusa yoluxması və peyvəndin kəşf edilməsi onun qarşısını bütünlüklə ala bilər. Bu da ən azı yarım il çəkəcək. Ona görə də bu müddətdə insanların təcridi davam etməlidir”.

Həkim proqnoz verib ki, Rusiyada virusun pik həddi aprelə düşəcək. O vaxta qədər ölkədə 20 min insan yoluxacaq. Onun sözlərinə görə, əgər bu ssenari Çindəkinə bənzəsə, ehtimal olunur ki, iyulun sonlarına vəziyyət stabilləşər: “Başqa proqnoz ehtimalımız yoxdur”.

Xatırladaq ki, bundan əvvəl Seçenov adına Tibbi Araşdırmalar İnstitutunun direktoru Aleksandr Lukaşev demişdi ki, ən yaxşı halda bu virus bir neçə il çəkəcək: “Sonralar da insanlarla qalacaq, amma belə ağır formada yox, digər viruslar kimi”.

Qeyd edək ki, hazırda Rusiyada bu virusa 1836 adam yoluxub.