1068
11:02
02 Mart 2020

Tarixdə ən güclü partlayış qeydə alındı

Astronomlar qalaktikalar çoxluğunda baş vermiş ən güclü partlayışın effektini müşahidə etməyə müvəffəq olublar. Onun gücü oxşar əvvəlki rekordunu təxminən beş dəfə üstələyir.

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) istinadən xəbər verir ki, bunun kainatın yaranmasından bugünədək baş vermiş ən güclü partlayış olduğu ehtimal olunur.

Hadisə Yer kürəsindən 390 milyon işıq ili məsafədə qalaktikalardan birinin mərkəzində, irihəcmli qara dəliyin yanında baş verib. O, qalaktikalararası qazın toplaşdığı ərazidə qabarcığa bənzər iz qoyub. Partlayışın səbəbləri hələ ki, müəyyən olunmayıb.

Qeyd olunur ki, partlayış zamanı yaranmış qazın qabarcığı çoxluğun yalnız bir tərəfindən müşahidə olunur. Tədqiqatın müəllifləri güman edir ki, keçmiş zaman ərzində qabarcığın əks tərəfi tədricən yayılaraq yox olub.