1423
19:56
22 Fevral 2020

Sezar Meza Kolli: "AFFA bilir, mən xəbərsizəm" - MÜSAHİBƏ

Keşlə"nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə keçirilən oyundan sonra brifinq keçirib.

Apasport.az saytının məlumatına görə, paraqvaylı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib.

Jurnalistlərin suallarını cavablandıran Sezar eyni zamanda milliləşdirilməsinə də aydınlıq gətirib.

- Yəqin nəticədən məmnun qaldınız.
- Çətin oyun idi. Bu matça hazırlaşmaq üçün bir həftə ərzində yaxşı məşq etdik. Bacardığımızı ortaya qoyduq.

- "Zirə" ötən turda "Qarabağ"a 0:6 hesabı ilə məğlub olmuşdu. Rəqibin psixoloji cəhətdən toparlanmaması hiss olunurdu?
- Onların hansı formada olması bizim üçün maraqlı deyildi. Çünki özümüzün hansı formada olmağımız daha önəmli idi.

- Azərbaycan vətəndaşlığı almaq təklifi sizdən, yoxsa AFFA-dan gəldi?
- Hələ heç nə baş verməyib, baxacağıq. Hazırda yalnız "Keşlə"də məşq edirəm. Daha sonra nə olacaq, bilmirəm.

- Vətəndaşlığı hələ almamısınız?
- Xeyr. Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

- Bəs nə vaxt dəqiqləşəcək?
- Bu barədə yalnız AFFA bilir. Mən xəbərsizəm.

- Azərbaycan millisində oynamaq istəyiniz var?
- Mənim üçün şərəf olardı. Çünki uzun müddətdir ki, burdayam, Azərbaycanda özümü yaxşı hiss edirəm, xoşbəxtəm.

- Azərbaycan millisi elə də güclü komanda deyil. Yığmaya hansı köməyiniz dəyə bilərmi?
- Mən əlimdən gələnin ən yaxşısını edirəm. Millinin yeni baş məşqçisi təyin olunduqdan sonra bu məsələləri o daha yaxşı biləcək. Millidə oynayıb-oynamayacağımla bağlı kimin qərar verəcəyini deyə bilmərəm. Yeni baş məşqçi məni yığmada görmək istəsə, məmnuniyyətlə qəbul edəcəyəm.