Yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) vizual nəzarət sisteminin və elektron məlumat bazasının yaradılmasına başlanılıb.
Lent.az xəbər verir ki, bu barədə mətbuat konfransında nazirliyin Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov açıqlama verib.
O bildirib ki, ilkin olaraq inventarizasiya işlərinə Bakı şəhərindən başlanılıb və bu proses mərhələli şəkildə böyük şəhərləri əhatə edəcək: “Nazirlikdə bununla əlaqədar İşçi Qrup yaradılıb. Həmin qrup şəhərin ərazisi inzibati rayonlar üzrə sistemləşdirir, hər rayon şərti kvartallara bölür və nömrələyir. Mövcud yaşıllıq sahələrinin uçota alınması üçün ərazidəki bütün ağac və kollar bir-bir sayılır, koordinatları götürülür, yaşıllıq faizi hesablanır, fotoşəkilləri çəkilir və elektron məlumat bazasında yerləşdirilir”.
O qeyd edib ki, Coğrafi İnformasiya Sistemlərində (CİS) ölkə üzrə yaşıllıqların elektron və vizual məlumat bazası daim yenilənəcək, dinamik olacaq, bununla da mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsinə, artıb-azalmasına nəzarətin həyata keçirilməsinə nail olunacaq: “İnventarizasiya işlərinə pilot olaraq Bakı şəhərinin Binəqədi rayonundan başlanılıb. Artıq rayonun bir sıra ərazilərinin məlumat bazası hazırdır. Məsələn, Binəqədi rayonu 8-ci mikrorayon ərazisində Naxçıvanski və Bəhlul Səttarzadə küçələrinin arasındakı müəyyən olunmuş 12-ci kvartalda 541 ağac və 273 kol mövcuddur, yaşıllıq 13.8 faiz təşkil edir.
Bu günədək İşçi Qrup tərəfindən Binəqədi rayonunun 350 hektar ərazisində 90 min ağac və kol sayılıb. Proses davam edir”.
Nazirlik rəsmisi əlavə edib ki, məlumat bazasından dövlət əhəmiyyətli infrastruktur, istehsalat layihələrinin hazırlanmasında, müxtəlif tikinti işlərinin layihələndirilməsində və torpaq sahələrinin ayrılmasında mərkəzi icra hakimiyyətləri, o cümlədən İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumlar da istifadə edə biləcək.