11:54
10 Fevral 2020

“İnter” 2-ci yerdə qərarlaşan komandaya oxşamırdı” - İbrahimoviç


“2:0 hesabı ilə öndə olduğumuz məqamda nə baş verdiyini izah etmək çətindir”.

Lent.az -ın məlumatına görə, bunu İtaliya A Seriyasının 23-cü turunda “İnter”ə məğlubiyyətdən (2:4) sonra “Milan”ın hücumçusu Zlatan İbrahimoviç deyib.

İbrahimoviç fasiləyə 2 top fərqilə üstün yollandıqları halda, yekunda uduzmaqlarını belə şərh edib: “Fasilədə bir-birimizə dedik ki, ikinci hissənin ilk 15 dəqiqəsi çox önəmlidir, hesabın dəyişməsinə imkan vermək olmaz. Ancaq məhz həmin 15 dəqiqə ərzində 2 top buraxdıq. Sanki dayandıq, özümüzə inanmaqdan vaz keçdik. Fasilədən sonra pressinq edə, çoxlu ötürmələr verə bilmədik. Hesab bərabərləşəndən sonra rəqib üstünlüyü tam ələ aldı. Hər şey təcrübədən asılıdır. İki top fərqilə öndə olanda həmin hesabı necə saxlamalı olduğunu bilməlisən. Oyunun gedişi qəribə oldu. Çünki ilk hissəni tam bizim aktivimizə yazmaq olar. Səhvsiz oynayırdıq, “İnter” isə 2-ci yerdə qərarlaşan komandaya oxşamırdı. Amma fasilədən sonra rəqib səviyyəsini ortaya qoymağı bacardı”.

Qeyd edək ki, bu qələbədən sonra “Yuventus”la xallarını bərabərləşdirən “İnter” turnir cədvəlində ilk pilləyə yüksəlib.

Dİgər xəbərlər