1522
18:38
07 Fevral 2020

Dənizdə işləyən minə yaxın işçi təxliyə edildi


Bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskinləşəcəyi proqnozu ilə əlaqədar SOCAR 1000 nəfərə yaxın işçisini təxliyə edib.

Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün axşam saatlarından etibarən hava şəraitinin kəskin dəyişməsi proqnozu səbəbindən SOCAR-ın dənizdə işləyən təxminən 1 000-ə yaxın işçisi sahilə təxliyə edilib: “Hazırda dəniz platformaları və estakadalarda açıq sahələrdə aparılan işlər dayandırılıb. Bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə gücləndirilib. Dəniz platformaları ətrafında FHN-nin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”.

Qeyd edək ki, bu gün axşam saatlarında dənizdə küləyin sürətinin 35-40 m/s-dək artacağı proqnozlaşdırılır.