Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər
05 fevral 2020 16:43 (UTC +04:00)

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

“Səndən soruşuram, oduuu?…”

Bu sonuncu sözdən başlayım. “Səndən soruşuram, odu?…” - deyə elə çığırıb ki, aktyorun boğazında kapillyarlar partlayıb və ağzından qan gəldiyi üçün çəkilişi dayandırıblar.

Əsas rollardan birini oynayan aktrisa Şəfiqə Məmmədova eynilə “Bizim Cəbiş müəllim” filmindəki obrazının prototipini yaradıb. Bəli, obrazın prototipi. Eynilə Cəbiş müəllimin arvadı ərinin üzünü danladığı kimi, bu qadın da Seyfinin üzünü danlayır. Yəni anlaşıldı, Seyfi də Cəbiş müəllim kimi saf insandır. Lent.az-ın “Bizim filmlər” layihəsində söhbət Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Rasim Ocaqovun ekranlaşdırdığı, nədənsə çox nümayiş edilməyən, amma yaxşı filmlərdən biri sayılan “İstintaq” barədədir.

Bəlkə də çoxlarına məlum deyil, amma Rasim Ocaqov Akademik Dram Teatrın səhnəsində tamaşa qoyub. 1970-ci illərin ortalarında Rüstəm İbrahimbəyovun eyniadlı pyesi əsasında səhnəyə qoyulan “İstintaq” tamaşasında əsas rolları -Muradı Hamlet Xanızadə, Seyfini Məlik Dadaşov oynayıblar. Tamaşa çox da oynanılmayıb, görünür, düşünüblər ki, film variantı daha uğurlu olar.

“İstintaq” filmi 1979-cu ilin istehsalıdır. Filmdəki hadisələr isə 60-cı illərdə cərəyan edir.

Rasim Ocaqov buna qədər üç film çəkmişdi, “Qatır Məmməd”, “Tütək səsi” və “Ad günü” filmlərini. Üçüncüdə Rüstəm İbrahimbəyov və Rasim Ocaqov tandemi uğurlu alındığından onlara kino aləminin etibarı yaranmışdı.

Rasim Ocaqov əvvəlcə baş rollara Həsən Məmmədovu müstəntiq Seyfi,  Murad - müttəhim roluna Hamlet Xanızadəni dəvət etmişdi. Amma çəkilişlərin başlanmasına az qalmış rejissor gözdən itir. Məlum olur ki, Moskvaya aktyor arxasınca gedib.

Aleksandr Kalyagin isə ssenarini oxuyub çox bəyənib və Rasim Ocaqovun qarşısında şərt qoyub ki, məni sınaqsız Seyfi roluna çəkəcəksən, həm də fasiləsiz bir neçə gün ərzində, çünki vaxtım məhduddur.

Bu minvalla, Aleksandr Kalyagin Seyfi roluna çəkilmək üçün “Azərbaycanfilm”ə gəlmir, əvəzində “Azərbaycanfilm” “Mosfilm”ə gedir. İçəri məkanlar Qorki adına kinostudiyada çəkilib. Rejissor o rolda yalnız Kalyagini gördüyündən belə güzəştlərə gedib, şərtlərlə razılaşıb. Bunu sənət tələb edir – daha durub “niyə öz aktyorumuzu çəkməyib” yanaşması ilə fikir yürütmək lazım deyil. Düzdür, Adil İsgəndərov kimi də edə bilərdi - erməni aktyora “Qada, bura “Azərbaycanfilm”dir, min qatara, get Ermənistanda “Armenfilm” var” – demişdi. Hər ikisi haqlı.

Aleksandr Kalyagin Bakıya 2-3 günlüyə gəlir. Küçədə çəkildiyi kadrlar Bakıda lentə alınıb. Kalyagin çox möhtəşəm qarşılanıb və onun şərəfinə qonaqlıqlar olub. İndiyə qədər aktyor Bakıda yediyi kababın, aşın, dolmanın dadından, azərbaycanlılardan, Rasim Ocaqovun ustalığından danışır.

Sonralar Rasim Ocaqovun hər dəvətini aktyor məmnuniyyətlə qəbul edib.

 

Filmin ssenarisi Rüstəm İbrahimbəyovun həbs edilən bir dostunun söhbətləri əsasında qələmə alınıb.

Filmdə söhbət Azərbaycanda o dövrdə fəaliyyət göstərən mafiyadan gedir. Güləşçi Murad Əbiyev (Həsən Məmmədov) birdən birə qalantereya sexinin rəisi təyin edilir. Bu barədə ona istintaqda da sual verilir ki, siz necə oldu o sexə rəis təyin edildiniz? Müttəhim çətinliklə vəziyyətdən çıxır ki, təklif olundu, qəbul etdim. “Kim təklif etdi?” – sualı isə cavabsız qalır. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə (milyon manat məbləğində) həbs olunur. Müstəntiq Seyfi Qəniyev (Aleksandr Kalyagin) vicdanlı adamdır. Hiss edir ki, bu işin altında başqa adlar var, onlar da Muradı qabağa veriblər, yəni işi onun adının altında görüblər.

 

Müstəntiq işi çözüb, düzgün aparıb, alt qatdakı cinayətkarları ifşa etməyə çalışır. Hətta kimlər olduğunu da bilir, amma əlinə bu faktı yalnız istintaqdakı adam verə bilər, o da vermir. Bunu satqınlıq hesab edib heç kimi güdaza vermir, bunu öz bədbəxtliyi hesabına edir həm də.

Bunları başa düşən müstəntiq sonunda vicdanın yönləndirdiyi kimi də hərəkət edir, amma gec olur, günahsız müttəhim kamerada özünü asır.
 

Bütün filmlərdə olduğu kimi, sonunda ədalət qalib gəlir, günahkarlar cəzalarını alırlar. Əvəzində Seyfi rütbəyə və evə çata bilməsə belə.

İstintaqın gedişatında hər addımda yuxarıdan ona rütbə, ev eyhamı vurulur, əlindəki istintaqı “lazım olduğu qədər” tezliklə başa vurmasını tələb edirlər. Vicdanlı adam – bədbəxt adamdır…Bəlkə də, xoşbəxt. Nə bilim e, nisbi məsələdir. Onu heç qocaman həyat özü müəyyən edə bilmir…

Bütün bu detallar görə, Sovet senzurası və Azərbaycanda kino sahəsinə rəhbərlik edənlər filmin ekranlara çıxmasına mane olurlar. Sovet quruluşu hara, rüşvətxorluq, korrupsiya, mafiya hara? – deyə filmdə əsaslı dəyişikliklər tələb edirlər.

O vaxt ölkəyə rəhbərlik edən Heydər Əliyev məsələyə qarışır. Filmdə qabardılan məsələlərin, əslində onun hakimiyyətə gələrkən dərhal mübarizəyə başladığı cinayətlər idi. Ona görə də, əksinə, bu qəbildən filmlərin daha çox çəkilməli olduğunu deyir: “Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin - korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla Rasim Ocaqov nəzərdə tutulur) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və "İstintaq" filmi böyük şöhrət qazandı..."

Moskvada Bədii Şura üzvləri film bədii cəhətdən yüksək səviyyədə olsa belə, "Sovetlər ölkəsinə belə bir film yaraşmaz" fikrini önə çəkirlər.

Rasim Ocaqov danışıb ki, çox çək-çevirdən sonra filmin 28 kadrında düzəliş etməli idik: “O düzəlişləri etməsək, filmi, ümumiyyətlə, silə bilərdilər. Rüstəmlə birgə bu qərara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4-5 kadrında dəyişiklik etmək lazımdır. Misal üçün, filmin qəhrəmanı Muradın son anda özünü necə asmasını tam açıq şəkildə göstərirdik. Həmin kadra qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik. Dəyişiklik də əsasən ondan ibarət oldu ki, müstəntiq Seyfinin evinə zəng edib, Muradın özünü asmağa cəhd göstərdiyini deyir. Bundan başqa, toy səhnəsində də dəyişiklik etdik. Yenidən çəkdiyimiz kadrda toyun qızğın vaxtında iki nəfər məclisi tərk edərkən onlardan soruşurlar ki, toyu bəyənmədiniz? Cavabında "bu necə toydur, elə bil hər kəs pulunun çoxluğunu nümayiş etdirir, bir-birləri ilə yarışa giriblər" deyirlər.

Xatırladım ki, toy kadrının bu şəkildə çəkilməsini Heydər Əliyev də məsləhət görmüşdü. Mən də həmin hadisənin içində yaşadığım üçün bütün halların şahidi olmuşam. Yaxşı yadımdadır, Heydər Əliyevin qadağasına görə heç kim dəbdəbəli toy keçirmirdi, qohum-qardaşdan artıq adamı məclisinə dəvət edə bilmirdi. Bu baxımdan, biz də filmdə toy səhnəsini iki nəfərin sözü ilə tənqid etdik. Yəni əslində bu söhbət öz məqamında yerinə düşmüşdü".

Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verirlər. Moskva yenə də mane olmaq istəyir. İşə yenə Heydər Əliyev qarışır; “Biz filmi bəyənmişik” deyir. Bədii Şuranın üzvləri öz aralarında “onsuz da bu filmlə özlərini biabır edirlər, söhbət Azərbaycandan gedir, qoy etsinlər” – deyib, icazə veriblər.

Film Moskva Bədii Şurasının baxışından keçdikdən sonra yüksək kateqoriyaya layiq görülür. Buna baxmayaraq, tirajı çox olmur. Bəzi respublikalar, xüsusilə Özbəkistan, Ukrayna filmi qəbul etmədikləri üçün onun öz ölkələrində nümayiş edilməsinə qarşı çıxıblar.

1) 1980-ci ildə Düşənbədə XIII Ümumittifaq kinofestivalı - Ən yaxşı bədii filmə görə yaradıcı kollektivə Baş Mükafat verilib.

2) 1981-ci ildə ssenari müəllifi Rüstəm İbrahimbəyova, quruluşçu rejissor Rasim Ocaqova, quruluşçu operator Rafiq Qəmbərova, quruluşçu rəssam Fikrət Bağırova, aktyor Aleksandr Kalyaginə, aktyor Həsən Məmmədova və aktrisa Şəfiqə Məmmədovaya SSRİ Dövlət Mükafatı verilib.

 

 

# 20345
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar