18:38
05 Fevral 2020

Türkiyədə qar uçqununda ölənlərin sayı 38-ə çatdı - YENİLƏNİB

Bu gün Türkiyənin Van bölgəsində baş verən ikinci qar uçqununda ölənlərin sayı 33 nəfərə çatıb.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, daha 7 nəfər uçqunun qurbanı olub.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda ölənlərin sayı 38 nəfərə yüksəlib.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.

***

17.37

Türkiyənin Van bölgəsində qar uçqununda ölənlərin sayı artmaqda davam edir.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, ikinci uçqunda ölənlərin sayı 26 nəfərə çatıb, 53 nəfər yaralanıb.

Beləliklə, bu gün baş vermiş iki qar uçqununda 31 nəfər ölüb.

Gecə saatlarında baş vermiş ilk qar uçqununda 5 nəfər ölmüşdü.

***

16.30

Türkiyənin Van bölgəsində baş vermiş qar uçqununda ölənlərin sayı artıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 21-ə çatıb.

***

16:22

Türkiyənin Van bölgəsində qar uçqununda həlak olanlardan 8 nəfəri hərbçidir.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

Nazir deyib ki, bu gün Vanın Bağçasaray rayonunda dağlıq ərazidə xilasetmə işləri aparan jandarma, xilasedici və könüllü qoruyucuları daşıyan avtomobil qar uçqunu altında qalıb. Nəticədə onlardan 8 nəfər ölüb, 30 nəfər xilas edilib, 10-15 nəfərin axtarışı davam edir.

Bununla son iki gündə qar uçqunu nəticəsində ölənləri sayı 13 nəfər çatıb.

Qeyd edək ki, ötən gün Vanda dağlıq ərazidə mikroavtobus qar uçqunu altında qalıb. Nəticədə əraziyə cəlb edilmiş xilas edicilər 7 nəfəri xilas etsə də, 5 nəfərin meyiti tapılıb. Daha iki nəfər isə itkin düşüb. Bu gün xilasetmə işləri davam etdirilərkən növbəti qar uçqunu baş verib.

***

15:11

Türkiyənin Van bölgəsində bu gün baş verən ikinci qar uçqunu nəticəsində 8 nəfər öıüb.

APA-nın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib. Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, əraziyə cəlb olunmuş 300 xilasedici qar uçqunu altında qalıb. Onlardan 25 nəfər xilas edilib, 8 nəfərinsə meyiti tapılıb. Hazırda itkin düşmüş 10-15 nəfər axtarılır.

Bununla da iki qar uçqununda ölənlərin sayı 13 nəfər çatıb.

***

14:45

Türkiyənin Van bölgəsində növbəti qar uçqunu baş verib.

APA-nın xəbərinə görə, bu gün ötən axşam uçqun altında qalan 2 nəfəri xilas etmək üçün Bahçesaray rayonunda dağlıq əraziyə cəlb olunan xilasetmə briqadası təbii fəlakətlə üzləşib.

Rayonun bələdiyyə sədri Meki Aras bildirib ki, ərazidə 300 xilasedici cəlb edilib. Qəfildən qar uçqunu baş verib. Nəticədə onlarla şəxs uçqun altında qalıb. Bələdiyyə sədri indiyədək 25 nəfərin xilas edildiyini, qar uçqunu altında 50-dən çox adamın qaldığını bildirib.

***

08:27

Türkiyənin Van vilayətinin Bağçasaray bölgəsində qartəmizləyən texnikanın və mikroavtobusun qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, ümumilikdə 7 nəfər xilas olunub.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Van vilayətinin valisi Mehmet Emin Bilməz məlumat verib.

Onun sözlərinə görə, ərazidə xilasedicilər gecə boyu axtarışlar aparıb. Yerli sakinlər də bu işdə onlara köməklik göstərib: “Hazırda 5 vətəndaşımız həyatını itirib, sağ çıxarılan 7 yaralımız da var. Daha 2 nəfərin də qar uçqunu altında qaldığını düşünürük. Bölgədə işlər davam etdirilir”.

Yaralı halda mikroavtobusdan çıxarılanlar xəstəxanaya yerləşdirilib.

Hazırda xilasetmə işləri davam etdirilir. Gecə boyu yağan qar təkrar uçqunun ola biləcəyi təhlükəsini artırıb.

***

Saat 00:34

Türkiyənin şərqində yerləşən Van vilayətində baş verən qar uçqunu nəticəsində bir mikroavtobusda olan azı dörd sərnişin ölüb, daha beş nəfər yaralanıb.

APA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Van-Bağçasaray magistral yolunda baş verib.

Məlumata görə, həmin yolda qartəmizləyən maşın işləyirmiş. Qəfildən uçqun olub və qar təbəqəsi avtomobilin üstünə tökülüb. Nəticədə mikroavtobus 40 metr yüksəklikdən uçuruma düşüb.

Əraziyə xilasedicilər cəlb olunub. Avtomobildə olan beş nəfər yaralı halda çıxarılaraq xəstəxanaya çatdırılıb. Dörd nəfərinsə cəsədi çıxarılıb.

Xilasedicilər daha dörd nəfərin qar uçqunu altında qaldığını ehtimal edir. Xilasetmə işləri davam etdirilir.

Dİgər xəbərlər