Ağızsız bədənə diş axtarışı
29 yanvar 2020 16:16 (UTC +04:00)

Ağızsız bədənə diş axtarışı


İnsanın ən önəmli orqanlarından biri də ağzıdır. Ağzın açılmasa nə yeyə, nə içə bilərsən və nəticədə solub gedərsən. Yəni daim hərəkətdə olmalıdır. 

Bunu bir növ futbolçu ilə də müqayisə etmək olar. Meydanda daim hərəkətdə olmasa və ya hərəkətsiz qalsa, yenilgiyə məhkumdur. AFFA İcraiyyə Komitəsinin dünənki iclasından sonra məlum oldu ki, məşqçi də insanın “dişi”dir. Parçalamasa, çeynəməsə, qidanı nizama salmasa boğazdan keçməz, mədəni xəstə salar.

Elə milli komandamızın baş məşqçisi postu üçün müəyyən edilən mütəxəssis sayı da ağzımızdakı dişlərin sayı qədərdir. Baş katib, eyni zamanda yeni icraçı vitse-prezident Elxan Məmmədov dedi ki, İcraiyyə Komitəsinin 13 üzvü hərə öz namizədlərini ortaya atıb, bu da sayı 32-yə gətirib çatdırıb. Azərbaycan futbolu nə vaxt xəyalını belə, qura bilmədiyimiz səviyyəyə çatıb ki, bura gəlməyə müsbət baxan 25-30 əcnəbi namizəd (3-5 yerlini saymasaq) tapa bilmişik?

Ümumiyyətlə, bizim indi baş məşqçi üzərində bu qədər durmağımıza, həssaslıqla araşdırma aparmağımıza ehtiyac varmı? Sanki dünya çempionatına vəsiqəni hədəfləmişik, baş məşqçi seçimi də bunda həlledici rol oynayır. Biz indi oynamağa futbolçu tapmalıyıq. Yəni dişə istədiyini ötürən ağzı açmalıyıq. Qapalı olan ağıza isə 32 diş arasında seçim edirik.

Futbolçumuz olsaydı, klub sayı 8 yox, 18 olardı. Futbolçumuz olsaydı, milliyə çağırmağa 15 yox, 105 namizəd olardı. Futbolçumuz olsaydı, avrokubokda əcnəbilərin sayəsində nəyəsə nail olmazdıq. Futbolçumuz olsaydı, indi onun legioner həyatını müzakirə edərdik. Futbolçumuz olsaydı...

Bəli, olsaydı, bir çox problemin üstündən çoxdan xətt çəkilmişdi və o zaman baş məşqçi postuna 32 nəfər arasından seçim apara bilərdik. İllər bir-birini qovur, Azərbaycan futbolu "inamlı addımlarla" müstəqillik dönəminin ilk illərinə qayıdır, amma AFFA rəhbərliyi hələ də dişin qızıl, yoxsa titan olduğunu araşdırır.

Futbol da insan bədəni kimi zəncirvari fəaliyyət göstərir. Bir yerində problem yarananda digər orqanlar da bundan təsirlənir. Xüsusən də, beyindən gələn siqnallar səni yaxşı və ya pis addıma vadar edir. Azərbaycan futbolunun problemi ondadır ki, bir yox, bir neçə beyni var. Hər beyin o bədəni bir yerə dartanda da ortaya futbolumuzun hazırkı mənzərəsi çıxır.

Futbolumuz estetik əməliyyatlarla, diş dəyişməklə düzələn deyil. Doğru qərarlar vermək üçün beyni dəyişməliyik. Ən azından bir başda 4-5 deyil, bir beyin saxlamalıyıq.

apasport.az

# 2008
avatar

Oxşar yazılar