İlan soyutması, yarasa şorbası, dünyanı qorxuya salan kabus şəhər – Səbuhi Məmmədli yazır
27 yanvar 2020 18:30 (UTC +04:00)

İlan soyutması, yarasa şorbası, dünyanı qorxuya salan kabus şəhər – Səbuhi Məmmədli yazır

Uhan. Çinin Hubey vilayətinin mərkəzi. Yantszı və Xanşuy çaylarının qovuşuğunda yerləşən bu şəhərin 11 milyon əhalisi var. Bu çayların üzərində yerləşən möhtəşəm körpülər, şəhərin qədim memarlıq abidələri hər il  milyonlarla turisti özünə cəlb edir. Necə deyərlər, turist əlindən aşıb-daşır, Uhan. Amma...

Amma indi ölü bir sükuta qərq olub Uhan. Koronovirus deyilən virus şəhəri sadəcə qəbiristanlığa çevirib. Hələ ki 80 nəfərin canını alan, 3 minə yaxın insanı ölümcül hala salan, müalicəsi belə bilinməyən dəhşətli virusdan danışırıq sizlərə.

Hə, bayaq dediyimiz kimi, turistlərlə aşıb-daşan bu şəhər indi ölü bir məkanı xatırladır.  Bir vaxtlar atom bombası atılmış Xirosimanı, ondan da az zərər çəkməmiş Çernobılı xatırladır indi Uhan.

Ötən cümə səhər saat 10-dan şəhərdə ictimai nəqliyyat fəaliyyətini dayandırıb. İldə 14 milyon sərnişinə xidmət göstərən Tyanxe aeroportu belə qapalıdır. Şəhər polisi küçələrdə patrul nəzarəti həyata keçirir. Uhan meri Cou Sianvan xüsusi ehtiyac olmadan əhalini şəhərə çıxmamağa və tərk etməməyə çağırıb. Mer həm də bir məqamı xüsusi vurğulayıb; bu bəlanın mənbəyi şəhərin mərkəzi bazarında qanunsuz həyata keçirilən vəhşi heyvan ticarətidir. Hə, o məşhur yarasa söhbəti, yarasa şorbası vardı ha, məhz bu bazardan alınıb, bişirilib həmin gecə quşu.

Uhan mərkəzi bazarı. Səhər saat 5-dən qaş qarlana qədər açıq olur bu bazar. Əslində dəqiq təyinatı da bəlli deyil. Müxtəlif çeşidli ərzaq mallarından tutmuş, elə Bakının əşya bazarlarında gördüyünüz kimi – müxtəlif geyimlər, mebel dəstləri, təsərrüfat malları satılır Uhan bazarlarında. Hə, bazarın bir hissəsi isə heyvan, balıq, ekzotik meyvə tərəvəzlər üçün ayrılıb. Çirkabın, antisanitariyanın içində nələr satılmır bu bazarda? Hisə verilmiş donuz qabırğası, canavar əti, dərisi soyulmuş, necə deyərlər, yarımfabrikat halda yarasalar, soyutma ilan. Yox, bu hələ hamısı deyil.

Hələlik bir məqamı qeyd edək. Satışa çıxarılan bu məhsulların hamısı həmin gün satılmır. Heç bir soyuducu anbarları olmayan bu bazarda axşamdan qalan mallar çirkab, zir-zibil içində olan xüsusi qarajlara aparılır. Həmin qarajlar, həm də vəhşi heyvan və quşların doğranıb təmizləndiyi yerdir. Bir çox satıcılar və onların əlinin altında işləyənlər isə elə bu qarajlarda yatıb-durur. Üfunət iyi verən bu məkanların sayı isə saysız-hesabsızdır, bu bazarda.

Bura mallar çirkli avtomobillərdə gətirilir. Mənşəyi isə heç kimə bəlli deyil. Ən dəhşətli vəziyyət isə balıq köşkləridir. Elə bu köşklərdəcə doğranıb, yalın əllə təmizlənir, içalatı  elə ayaqlar altına atılır. Yeri gəlmişkən, koronovirusa yoluxan ilk şəxs məhz bu bazardan balıq alıb yediyini etiraf etmişdi.

Bu bazarda təkcə balıq və iri heyvan əti satılmır. Burda toyuq-cücə də satılır, göyərçinlər də. Tısbağa əti də, ekzotik dəniz canlıları da. Ən delikates ət isə koala əti sayılır. Koala ətinin satışı Çində rəsmən qadağa olunsa da, əl atdan tapmaq çətin deyil.

Bazardakı fastfud dükanları isə ümumiyyətlə biabırçılıqdı. Ümumi qazanda insanlara təqdim edilən düyü, elə düyü unundan hazırlanan kökələr, natəmizlik şəraitində  hazırlanan ədvalar. Bilirsinizmi nəyi xatırladar? Bakıda bəzi avtobusların sonuncu dayanacaqlarında sürücülərin və sərnişinlərin üz tutduqları peraşki və blinçik satılan köşklər, hamının ümumi qabdan istifadə etdiyi ketçup və acikayala dolu və aylarla yuyulmayan çirkli qablar. Yəqin tanış gəldi sizlərə, eləmi? Mən bir dəfə “20 yanvar”da və “Şamaxinka”dakı dayanacaqlarda üzərində milçəklər uçuşan ketçup dolu qablar, 50 qəpiyə lahmacun, 10 qəpiyə peraşki bişirilib satılan köşkləri görmüşdüm. Bəlkə hələ də durur.

İndi virusun yayılmasının qarşısını almaq üçün Uhanda geniş dezinfeksiya işləri həyata keçirilir, əhaliyə tibbi maskalar paylanılır. Şəhərin bütün giriş-çıxış məntəqələrində ev və vəhşi heyvanları gətirən və aparan avtomobillər yoxlanılır. Şəhərdəki bütün ictimai nəqliyyat vasitələri hər gün sterilizasiya edilir. Virusa yoluxmanın çoxalma ehtimalını nəzərə alan şəhər səhiyyə komissiyası xəstəxana və tibb müəssisələrində 2000 çarpayı ayırıb.

İş o yerə çatıb ki, çinlilərin milli bayramlarından olan Çin Yeni ilində Uhanda nəzərdə tutulan şənlikləri təxirə salıb.

Yerli alimlərin fikrincə, epidemiyanın pik nöqtəsi mart ayına təsadüf edəcək. May ayına qədər isə davam edəcək.

Biz virtual bir səyahət etdik Çinə, Uhana, şəhər mərkəzi bazarına. Amma…

Amma sizcə Bakıda, Bakı bazarlarında necə, vəziyyət qaydasındadırmı? Bax, bu artıq başqa bir söhbətin mövzusudur.

 

 

 

# 8821
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar