Musiqili Teatrda  “Paris Notr-Dama ithaf”  tamaşası oynanılacaq
25 yanvar 2020 15:41 (UTC +04:00)

Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası oynanılacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında böyük fransız yazıçısı və dramaturqu Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanı əsasında librettosu və quruluşu gənc rejissor Samir Qulamova aid olan “Paris Notr-Dama ithaf” tamaşası növbəti dəfə oynanılacaq.

Lent.az xəbər verir ki, ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan bu tamaşa bəşəriyyətin ən nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu il aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.

Yanvarın 26-da göstəriləcək səhnə əsərinin süjet xəttinin mərkəzində fransız ədəbiyyatında tarixi roman janrının zirvəsi hesab olunan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” romanının ölməz qəhrəmanları dayanır. Əsas qayəsində xeyirxahlıq, təmənnasız sevgi və mərhəmət hisslərinin təcəssümü əks olunan məşhur əsər indiyə qədər dünyanın bir çox adlı-sanlı teatr məkanlarında, müxtəlif rejissorların yozumlarında “Paris Notr-Dam kilsəsi” və ya “Notr-damlı Qozbel” adları ilə dəfələrlə səhnələşdirilib.

 

Tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünya şöhrətli bəstəkarların - Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.

Tamaşanın dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, xormeysteri, Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı, gənc rəssam Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.

Səhnə əsərində rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artistlər – Nadir Xasıyev, Səidə Şərifəliyeva, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Elxan İsmayılov, Hüseyn Əlili, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Eleanora Mehdiyeva, Zaur Əliyev, Əli Kərimov və başqaları ifa edəcəklər.

# 2688
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar