Mingəçevirdə silahlı insident: şübhəli şəxs saxlanıldı
21 yanvar 2020 10:05 (UTC +04:00)

Mingəçevirdə silahlı insident: şübhəli şəxs saxlanıldı

Mingəçevirdə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov Lent.az-a bildirib ki, yanvarın 20-də 25 yaşlı Ziyad Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində xəsarət alaraq xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. 

Aparılmış araşdırmalarla 24 yaşlı Elsevər Quliyevin yanvarın 20-i saat 18 radələrində Mingəçevir şəhəri ərazisində magistral yol ilə hərəkətdə olarkən idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin qarşısını kəsib avtomobildən düşərək əlindəki odlu silahdan atəş açaraq sərnişin qismində gedən Ziyad Mirzəyevə şəxsi münasibətlər zəminində ağır dərəcəli bədən xəsarətləri yetirməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub, eləcə də əməliyyat tapşırıqları və müvafiq sorğular verilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Quliyev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 970
avatar

Mehman Nəbiyev

Oxşar yazılar