20 Yanvar – Azadlıq yolunun günəşi - VİDEO
20 yanvar 2020 18:47 (UTC +04:00)

20 Yanvar – Azadlıq yolunun günəşi - VİDEO

Körpələr doğularkən ağlayır. Azərbaycan da belə doğuldu. 30 il bundan öncə. 1990-cı ilin 20 Yanvar tarixində. Gözləri yaş, ətrafı qan və qışqırıq səsləri içində...

Ürəklərin müstəqillik eşqi ilə isindiyi soyuq bir qış günü Azərbaycan tarixinə qanla yazılmış azadlıq zirvəsi kimi həkk olundu. Dünyanın ən böyük imperiyasını lərzəyə gətirən kiçik dövlətin azadlığı.

20 Yanvar hadisəsi əslində 1988-ci ildə başlanan Dağlıq Qarabağ münaqişəsinin davamı idi.

Bundan kifayətlənməyən ermənilər təxribatlara əl atmağa başladılar. Onlar guya Bakıda Ermənistandan qaçqın düşən azərbaycanlıların erməniləri talan etmələri və qətlə yetirmələri barədə xəbərlər yayılmağa başladılar. 

Məsələ Moskvaya qədər gedib çıxdı. SSRİ-nin paytaxtından gələn dövlət rəsmiləri baş verən prosesləri araşdırmağa başladılar. Qərarlarını verərək Bakıda fövqəladə vəziyyətin elan olunmayacağını və Bakıya qoşun yeridilməyəcəyini bildirdilər. 

Amma Moskva verdiyi qərara əməl etməyərək 4 gün sonra Bakıda fövqəladə vəziyyət elan etdi. Şəhərə Sovet ordusu yeridildi.

20 YANVAR FACİƏSİ HADİSƏ ŞAHİDLƏRİNİN GÖZÜ İLƏ

Ayın 19-da saat 23:00-dan başlayaraq şəhərə 4 istiqamətdən Sovet Ordusu daxil oldu: 

Yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən elan edilmədən saat 60 min nəfərlik Sovet ordusu şəhərə yeridildi. 

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin "ALFA" qrupu yanvarın 19-da saat 19:28-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı. Respublikada televiziyanın yayımı dayandırıldı. 

Azğınlaşmış Sovet ordusu xalqa divan tutmaq üçün müxtəlif hiylələrə əl atmağa başladı. Axşam saat 21:00-dan sonra şəhərin küçələrində şütüyən maşınlardakı meqafonla insanları XI Qızıl Ordu meydanına, indiki "20 Yanvar" metro stansiyası ətrafına çağırırdılar. Lakin sadə, əliyalın vətəndaşın heç birinin xəyalına gəlməzdi ki, hərbi texnikalardan onlara silah tuşlanıb, atəş açılacaq. 

Həmin gecə günahsız insanların qanı axıdıldı. O soyuq gündə şəhid olanların qanı sanki üzünü buz bağlamış torpağın canını isidirdi. Yüzdən çox insan faciə nəticəsində şəhid oldu. 

Yanvarın 20-də törədilən qırğına Bakı Ali Hərbi Məktəbinin müxtəlif millətlərdən olan kursantları etiraz əlaməti olaraq Salyan kazarmasında olan hərbi sursat anbarının bir hissəsini ələ keçirirlər. Bundan başqa, meyitlərin və yaralıların dənizlə başqa yerə aparılması barədə yayılan məlumatlardan sonra 50-yə yaxın mülki gəmi və neft tankerləri Bakı buxtasını dövriyyəyə alırlar. Onlar ara-sıra Sovet hərbi gəmiləri tərəfindən atəşə məruz qalırlar. 

Paytaxt Bakı müharibə zonasına bənzəyirdi. Səmasında hərbi vertolyotlar, sinəsində tanklar hərəkət edirdi. Yaralılara dərman tapılması müşkül məsələyə çevrilmişdi. Çünki Sovet əsgərləri dərman daşıyan maşınlara mane olurdu.

YARALANDILAR, DOĞMALARINI İTİRDİLƏR

20 Yanvar hadisələri zamanı 137 nəfər şəhidimiz, 744 nəfər yaralımız, 4 nəfər itkimiz oldu. 841 nəfər həbs olunaraq Rusiyanın müxtəlif şəhərlərinə aparıldı və işgəncələrə məruz qaldı. Sonrakı dövrlərdə onların bir qismi əlil oldu. 

Elxan anası ilə birlikdə qardaşı İlhamı ax tarmağa gedir, yaralı Sultanın xəstəxanaya yerləşdirilməsi üçün maşın ayrılır, Surac atasının, Könül böyük qardaşının acı taleyinə göz yaşları axıdır.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar küçələrdə, avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdi. Yaralıları aparmağa gələn təcili yardım maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

Bakının XX əsrdəki ikinci işğal əməliyyatına SSRİ Müdafiə naziri Dmitri Yazov şəxsən rəhbərlik edirdi. SSRİ Müdafiə, Daxili İşlər nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin hazırlayıb həyata keçirdiyi “UDAR”, yəni "Zərbə" adlı əməliyyatda əsas rolu SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi təyinatlı "ALFA" və A təxribat qrupları oynayırdı.

GÖRÜLƏN YUXULAR, ŞƏHİDLƏRİN ADINI DAŞIYANLAR

20 Yanvar faciəsinin şahidləri həmin günləri, itirdikləri doğmalarını yuxularında da gördüklərini deyir. 

20 Yanvar tariximizin ən şanlı səhifələrindən biridir. Azərbaycanın müstəqilliyini bərpa edən bu tarixin qəhrəmanları canlarını qurban verən şəhidlərimizdir. Deyirlər, şəhidlər yenidən doğulmaq üçün ölürlər. Elə doğulduğu gün adına şəhid doğmasının adını verənlər və arzusunda olanlar da var. 

20 Yanvarda qətliama məruz qalan Azərbaycan xalqı həm də ətrafında süni şəkildə yaradılan informasiya blokadasını yarmağa çalışdığı bir vaxtda dadına yetən tapıldı. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirdi, faciənin miqyası barədə bütün dünyaya məlumat verdi. Ulu Öndər Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi, Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru qətiyyətlə pislədi. Təsadüfi deyil ki, Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə verildi, bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Torpaq uğrunda ölən varsa, vətəndir! Bu gün vətənin müdafiəsi uğrunda canını verən insanların şərəfinə ucaldılan və hər bir azərbaycanlının müqəddəs bildiyi bir and yeri var: Şəhidlər Xiyabanı. Paytaxtın ən uca zirvəsi. Burada ölümün gözünə dik baxan oğul və qızlarımız əbədi məskən salıb. Onlar öz qanları ilə Azərbaycanı ikinci müstəqilliyinə aparan yola Günəş kimi işıq saçdılar. Bu mənada 20 Yanvar təkcə Ümumxalq Hüzn günü deyil, həm də Qürur günümüzdür.

Qürur günün mübarək, Azərbaycan!

# 1133
avatar

Oxşar yazılar