80 tondan çox təhlükəli qidanın satışının qarşısı alınıb  - RƏSMİ
17 yanvar 2020 12:03 (UTC +04:00)

80 tondan çox təhlükəli qidanın satışının qarşısı alınıb - RƏSMİ

Heyvan xəstəlikləri və bitki zərərvericilərinin qarşısını almaq məqsədilə sərhəd ərazilərdə idxal nəzarəti məntəqələri yaradılacaq

2019-cu il ərzində Avropa İttifaqı tərəfindən fındıq məhsullarının 10 dəfə idxaldan imtina halı müşahidə edilib.

Lent.az xəbər verir ki, bu barədə məlumat verən AQTA sədri Qoşqar Təhməzli bildirib ki, 2017-ci ildən 2018-ci ilin iyul ayına qədər isə bu cür imtina hallarının sayı 36 olub:

"Bundan başqa, ötən il ərzində Daxili İşlər Nazirliyi və Baş Prokurorluqla birgə 45 əməliyyat keçirilib, 83 ton təhlükəli qida məhsulu aşkarlanaraq dövriyyəyə daxil olmasının qarşısı alınıb, 20 cinayət işi açılıb. İdxal olunan məhsulların təhlükəsizliyinin təmin edilməsi, ölkə ərazisinə heyvan xəstəlikləri və bitki zərərvericilərinin yayılmasının qarşısını almaq məqsədilə sərhəd ərazilərə yaxın yerlərdə idxal nəzarəti məntəqələrinin yaradılması ilə bağlı layihələndirmə işlərinə başlanıb. 2020-ci ilin Dövlət İnvestisiya Proqramına uyğun olaraq 2 məntəqənin tikintisinə başlanacaq. Dünya Bankının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” çərçivəsində müfəttişlər üçün 110 yoxlama çantası və 110 ədəd mikrokameraların satınalınması həyata keçirilib".

Q. Təhməzli diqqətə çatdırıb ki, 2020-ci ildən müfəttişlər həmin vasitələrlə təmin ediləcək:

"Layihə çərçivəsində müfəttişlər üçün 110 ədəd yoxlama planşetlərinin satınalınması həyata keçirilib və 2020-ci ildən İT əsaslı yoxlamalara başlanacaq. Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) idxal modulunun ilkin versiyası hazırlanaraq pilot layihə kimi istifadəyə verilib. Eyni zamanda ixrac sertifikatlarının elektron qaydada verilməsi ilə bağlı AQTİS-də ixrac modulunun hazırlanmasına başlanıb. 2020-ci ildə bütün ölkə ərazisində idxal-ixrac üzrə icazə sənədlərinin elektron qaydada verilməsi planlaşdırılır".

# 825
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar