1378
19:16
16 Yanvar 2020

Avtomobil qaz xəttinə çırpıldı, 20-yə yaxın ev qazsız qaldı

Lənkəran rayonunda minik avtomobili əvvəl qaz xəttinə, sonra ağaca çırpılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza axşam saatlarında Separadi kəndində baş verib.

1993-cü il təvəllüdlü, Masallı rayonu Türkoba kənd sakini Eltun Teymur oğlu Qafarov “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yol kənarından keçən qaz xəttinə, sonra isə ağaca çırpılıb.

Maşının sağ qabaq hissəsi, sərnişin tərəfi deformasiyaya uğrayıb və nəticədə sürücünün yanında əyləşən həmkəndlisi, 1993-cü il təvəllüdlü Cavid İsa oğlu İsayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Xidmətinin əməkdaşları xüsusi alət və avadanlıqların köməyi ilə yaralını maşından çıxara biliblər.

C.İsayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Yaxınlıqda yerləşən 20-yə yaxın evin qaz təchizatında fasilə yaranıb.

Faktla bağlı araşdırma aparılır.