1555
16:57
15 Yanvar 2020

Könüllülər hərəkatı: Onlar kimdir, nə qədərdirlər, nə işlə məşğuldurlar? - RƏSMİ

Prezident İlham Əliyev Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az mövzunun aktuallığını nəzərə alaraq bəzi dövlət qurumlarına bir neçə sual ünvanlayıb.

“Könüllülük haqqı ödənilməyən fəaliyyətdir”

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli bildirib ki, qurum 2012-ci ildə 15 nəfər könüllü ilə işə başlayıb, ancaq indi 22 mindən çox könüllünü öz ətrafında cəmləşdirə bilib:

“Demək olar ki, hər gün 800-ə qədər qurumun mərkəzlərində gənc könüllülüklə bağlı dəyişir. Onlar vətəndaşlara həm xidmətlərin göstərilməsində, həm də eyni zamanda müxtəlif sosial, mədəni, ekoloji, hüquqi, maarifləndirici layihələrin təşkil olunmasında təşkilatçı, icraçı, könüllü kimi iştirak edirlər.

Könüllülük fəaliyyətində heç bir məhdudiyyət qoyulmayıb. Bizim üçün könüllünün yaşının, irqinin, cinsinin, dininin fərqi yoxdur. Hazırda biz inklüziv könüllük proqramı yaratmışıq ki, məhdudiyyəti olan şəxslər də könüllülük üçün müraciət edə bilsin. Həmin şəxslər üçün sosiallaşmaq çox vacibdir. Eyni zamanda, fəal yaşlanma istiqamətində yaşlı insanların könüllü kimi bizə qoşulmasını və gənclərin fərdi peşəkar inkişafı üçün könüllülük proqramlarımız da var”.

S.Məmmədli qeyd edib ki, könüllülük haqqı ödənilməyən fəaliyyətdir:

“Burada əsas komponent fərdlərin öz bilik və bacarıqlarını artırmaqdır. Ölkə başçısının könüllülüklə bağlı “ASAN xidmət” işçilərinin və könüllülərin həvəsləndirilməsi üçün müvafiq sərəncamı olub. Hansı ki sözügedən sərəncam ölkədə könüllüyün stimullaşdırılmasında mühüm rol oynayıb”.

Sektor müdiri əlavə edib ki, hazırda qurumda fəaliyyət göstərən əməkdaşların içərisində əvvəllər könüllü olanlar üstünlük təşkil edir:

“Könüllülərin hər birini işlə təmin etmək mümkün olmasa da, onlar arasında iş verilən şəxslər var. Bununla bağlı “ASAN kadr” karyera mərkəzi də var. Onun vasitəsilə də könüllülərin işə qəbulu həyata keçirilir.

Bu ilin “Könüllülər ili” adlandırılması könüllülük hərəkatında stimul rolu oynayacaq. “ASAN xidmət”in regionlarındakı mərkəzlərində könüllülüyün daha geniş təbliğini həyata keçirəcəyik və eyni zamanda bu sahədə innovativ könüllülük proqramları hazırlayacağıq. Qurumu könüllülərsiz təsəvvür etmək olmaz, ona görə də bu sahədə öz töhfəmizi verməyə çalışacağıq”.

“Məqsədimiz könüllülər bizə nə verəcək deyil, bizim onlara nə verəcəyimizdir”

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov 2019-cu il martın 2-dən xidmətdə Miqrasiya Könüllüləri hərəkatına start veriləcəyindən danışıb:

“Bizim könüllülərimizin şüarı “Sən fərqlisən”dir. Onlar həqiqətən də fərqlidir. Bunun səbəbi odur ki, bizim əsas məqsədimiz könüllü gənclərimizi təkcə icraçı yox, idarəedici gənclərə çevirməkdir. Qeyd edim ki, könüllülər fəaliyyətə başladıqdan bir müddət sonra Miqrasiya Könüllüsü İctimai Birliyi yaradıldı və oranın da bütün idarəedici rəhbərləri könüllülər oldular. Hazırda da elədir və ictimai birlikdə 7 departament fəaliyyət göstərir. Hər departamentə könüllülərin öz seçimi ilə rəhbər, müavin təyin edilib”.

E.Kələntərov deyib ki, hazırda könüllü olmaq üçün 2800-dən çox gənc qeydiyyatdan keçib:

“Könüllülərlə bağlı hər hansısa bir məhdudiyyət qoyulmayıb. Həmçinin könüllülük müddəti də yoxdur. İstənilən şəxs saytımıza (https://migration.gov.az/home/volunteer) daxil olaraq Miqrasiya Könüllüsü bölməsindən qeydiyyatdan keçə bilər”.

Qurum rəsmisi könüllülərin stimullaşdırılması üçün müxtəlif layihələrin həyata keçirilməsindən də söz açıb:

“2019-cu ildə kifayət qədər zəngin layihələrimiz könüllülərin iştirakı ilə baş tutub. Bizim məqsədimiz könüllülərin bizə nə verəcəyi deyil, bizim onlara nə verəcəyimizdir. Ötən il könüllərimiz üçün çox uğurlu alındı. Miqrasiya Könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin nəzdində ilk DOST Mərkəzinin fəaliyyətə başlamasının 100 günü münasibətilə “Kim? Harada? Nə zaman?” intellektual yarışında ən yüksək nəticə göstərərək “DOST” kubokuna layiq görüldülər. Azərbaycanda ilk dəfə “SpellingBee” yarışını təşkil etdilər, davamlı olan Gənclik İnkişaf Forumu layihəsi ilə bərabər yerli və beynəlxalq təşkilatların iştirakı ilə müxtəlif tədbirlərdə iştirak etdilər. Bizim könüllümüz Fərid Quluzadə ilin ən fəal könüllüsü adına layiq görüldü.

Bildirim ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bir neçə gün əvvəl Miqrasiya Könüllüsü İctimai Birliyinin idarə heyəti ilə görüşüb və tədbirdə Miqrasiya Könüllüsü İctimai Birliyinin bu il üçün nəzərdə tutulmuş tədbirlər planı təsdiq olunub. Tədbirlər planında 70-ə yaxın layihənin keçirilməsi bu il üçün nəzərdə tutulub”.

İdarə rəisi sonda deyib ki, Dövlət Miqrasiya Xidmətində işlə qəbul ilə əlaqədar mütəmadi olaraq elanlar verilir:

“Burada çalışmaq istəyənlər Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanlarında özlərini sınayırlar. Testdən uğurla nəticə əldə edənlər, müsahibə mərhələsinə keçid edirlər. Burada könüllülərin üstünlükləri ondan ibarət olacaq ki, artıq onlar bizimlə, iş strukturu ilə yaxından tanış olduqları üçün miqrasiya sahəsindəki yeniliklər barədə daha məlumatlı olurlar. Bunu da bildirim ki, ötən il Tibb Universiteti ilə memarandum imzaladıq və universitetdəki əcnəbi tələbələrə müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı prosedurları könüllülər həyata keçirdi. Növbəti təhsil mövsümündə coğrafiyamızı genişləndirməyi düşünürük”.

“İşə qəbul zamanı könüllü gömrükçü”lərə üstünlük verilir”

Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov isə qeyd edib ki, komitə sədrinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sistemində könüllülük hərəkatının inkişafı ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamı ilə ötən il ilk dəfə “Könüllü gömrükçü” dəstəsi yaradılıb:

“Hazırda komitənin aparatının, eyni zamanda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələrində, habelə komitənin digər qurumlarında 114 nəfər könüllü gömrükçü uğurla fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsində "Könüllü gömrükçü" dəstəsinə üzvlər "Ehtiyat üzvlər bazası"ndan müsahibə yolu ilə seçilir. “Könüllü gömrükçü” dəstəsinin üzvü olmaq üçün 18-28 yaş arası olan istənilən gənc müraciət edə bilər. Eyni zamanda, komitənin rəsmi internet səhifəsinin (https://customs.gov.az/) müraciətlər bölməsində “Könüllü gömrükçü” alt bölməsi yaradılıb ki, bu da öz növbəsində növbəti dəfə könüllü olmaq istəyən gənclərə rahat formada müraciət etmək şəraitini yaradıb. Könüllülük fəaliyyəti üçün müraciət edən şəxs komitənin rəsmi internet səhifəsində yaradılan “Könüllü gömrükçü” alt bölməsinə daxil olmaqla xüsusi müraciət formasını doldurmalıdır. Bundan sonra müraciət edən şəxslər arasında müsahibə keçirilir və bu müsahibədə əsasən ali təhsil müəssisələrinin, habelə peşə təhsili müəssisələrinin tələbəsi və ya məzunu olan, müxtəlif dil bilikləri, kompüter proqramlarından sərbəst istifadə etmə və etik davranış qabiliyyətlərinə sahib olan gənclərə üstünlük verilir. Müsahibədən uğurla keçən gənclərdən sağlamlıq haqqında arayış tələb olunur ki, bu da onların fiziki cəhətdən bu fəaliyyətə yararlı olmasını şərtləndirir".

N.Axundov bildirib ki, qurumda könüllülük fəaliyyətinə şəxslər 3 ay müddətinə qoşulurlar:

“Komitənin aparatının, eyni zamanda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələrində, habelə komitənin digər qurumlarında gündəlik olaraq iki növbədə könüllülük fəaliyyəti təşkil olunur və könüllülər istədikləri növbə üzrə fəaliyyətə qoşularaq (birinci növbə 09:00-dan 14:00-qədər, ikinci növbə isə 14:00-dan 18:00 qədər) fəaliyyət göstərir. Gömrük sistemində könüllü kimi 3 ay müddətində çalışıb müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə komitə tərəfindən xüsusi sertifikatlar verilir ki, bu da onlara növbəti iş həyatına uğurlu bir keçid fürsəti qazandırır. Əlavə olaraq bildirmək istərdik ki, “Könüllü gömrükçü” dəstəsinin hər bir üzvü ilə “Könüllü fəaliyyət haqqında” qanunun tələbinə müvafiq olaraq müqavilə bağlanılır və hər bir könüllü xüsusi geyim dəsti ilə təmin olunur”.

Qurum rəsmisi gömrük orqanlarına işə qəbul qaydaları barədə də danışıb:

“Azərbaycan Prezidentinin 12 noyabr 2010-cu il tarixli 349 saylı fərmanı ilə təsdiq olunmuş "Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası"na uyğun olaraq həyata keçirilir. Müsabiqədən keçmiş namizədlərin gömrük orqanlarına təyinatı zamanı “Könüllü gömrükçü”lərin iş təcrübəsi nəzərə alınır və onlara üstünlük verilir.

Son olaraq əlavə edim ki, məlum olduğu kimi dövlət başçısı tərəfindən Azərbaycanda 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalanıb. Həmin sərəncamın 2-ci bəndində Nazirlər Kabinetinə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə dair tədbirlər planının hazırlanmasını və Prezidentə təqdim olunması tapşırılıb. Qeyd etmək istəyirəm ki, Dövlət Gömrük Komitəsi 2020-ci il üzrə tədbirlər planı təsdiq olunduqdan sonra nəzərdə tutulan silsilə tədbirlərdə “Könüllü gömrükçü”lərində iştirakını planlaşdırır. Bununla yanaşı “Könüllü gömrükçü” dəstəsinin üzvlərinin Dövlət Gömrük Komitəsinin Tarix Muzeyinə, Dövlət Gömrük Komitəsinin Akademiyasına, Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Təlim Mərkəzinə ekskursiya turlarının təşkil olunması nəzərdə tutulur. Habelə, Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 8 sentyabr-Dünya İlk Tibbi Yardım Günü münasibətilə Ümümdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində könüllülərə “İlk tibbi yardım” üzrə təlimin və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Əlavə olaraq bildirmək istərdik ki, Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin Ərazi Baş Gömrük İdarələrinə və həmçinin İdarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir”.

“17 nəfər könüllü DOST Mərkəzlərinin əməkdaşı kimi fəaliyyətini davam etdirir”

Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin mətbuat xidmətinin rəhbəri Şahin Əliyev hazırda 1 və 2 saylı DOST Mərkəzlərində “Könüllü DOST” proqramı üzrə isə 80 nəfər könüllünün fəaliyyət göstərməsindən söhbət açıb:

“Könüllü proqramı 3 alt proqramı əhatə edir: “Gənc DOST”, “Gümüşü DOST” və “Virtual DOST”.

“Gənc DOST” altproqramına qoşulmaq üçün yaş həddi 16-29 aralığında müəyyənləşdirilib və bu yaş kateqoriyasına daxil olan, ixtisasından asılı olmayaraq hər kəs müraciət edə bilər.

“Gümüşü DOST” altproqramına müraciət etmək üçün 50 yaşdan yuxarı pensiyaçılar müraciət edə bilərlər.

“Virtual DOST” altproqramı peşəkar mütəxəssislər, ictimai xadimlər, habelə əlilliyi olan şəxslər üçün kompüter, planşet və ya smartfondan istifadə etməklə ofis və evlərindən könüllü kimi fəaliyyət göstərmək imkanını yaratmaq məqsədini daşıyır. Bu altproqram çərçivəsində təhsil, təlim, tədqiqat, PR, konsaltinq və s. sahələr üzrə verilən tapşırıqlar onlayn qaydada könüllülər tərəfindən yerinə yetirilir”.

Ş.Əliyev qeyd edib ki, mərkəzdə fəaliyyət göstərən könüllülər vaxtlarını daha səmərəli və yadda qalan keçirmələri üçün müxtəlif sahələrdə təlimlər, seminarlar təşkil olunur:

“O cümlədən əlamətdar günlərə həsr olunmuş tədbirlərin təşkili prosesində yaxından iştirak edirlər. İki aylıq könüllülük müddəti bitdikdən sonra müxtəlif departamentlərdə təcrübə proqramlarında əlavə bilik və bacarıqlara yiyələnmələri üçün şərait yaradılır. Fəaliyyət müddətini uğurla başa vuran və ali təhsil müəssisələrini bitirmiş könüllülər DOST mərkəzlərində işlə təmin olunurlar. Hazırda könüllülük proqramı üzrə 167 gənc məzunu var və onlardan 17 nəfəri artıq DOST mərkəzlərinin əməkdaşı kimi fəaliyyətini davam etdirir. Bu tendensiya gələcəkdə də davam etdiriləcək.

Könüllü fəaliyyətin qiymətləndirilməsi istiqamətindəki indikatorlardan biri də məhz qrup və fərdi layihələrin təklifidir. Təqdim olunmuş layihələr isə əməkdaşlar tərəfindən təkmilləşdirilərək könüllülər ilə birlikdə həyata keçirilir. Bu il də bu istiqamətlərdə müxtəlif sosial tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Əlavə edim ki, ötən ilin ikinci yarım ili ərzində 20-dən artıq sosial layihə, inklüziv tədbirlər həyata keçirilib”.

“7 nəfər könüllü işlə təmin edilib”

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib:

“Bu çağırışa uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Agentləri” könüllülük proqramına start verib. Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi "Nəqliyyat Agentləri" könüllülük proqramına seçimlərdə 124 nəfər iştirak edib, 60 nəfər proqrama seçilib, 35 nəfər məzun adını qazanaraq sertifikatla təltif edilib, 7 nəfər könüllü isə işlə təmin edilib.

“Koroğlu” NMM-də 24 nəfər könüllü səhər və axşam pik saatlarda 9 noyabr – 9 dekabr tarixlərində mərkəzin istifadə qaydaları, təlimatlar barədə sərnişinləri məlumatlandıraraq könüllü fəaliyyət göstərib.

Hazırda 30 nəfər könüllümüz bu və ya digər fəaliyyətlərimizdə fəal şəkildə iştirak edirlər”.

“Könüllülər proqram 6 istiqamətdə fəaliyyət göstərir”

Təhsil Nazirliyinin mətbuat xidmətindən isə qeyd edilib ki, “Bir” Tələbə-Könüllü proqramının 23 mindən çox tələbə-könüllü üzvü var:

““BİR” könüllü olmaq üçün tələbə olmaq şərtdir. Bura Bakı və regionlarda yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qoşula bilər. Hər bir tələbə proqrama qoşulmaq üçün sayt (https://www.konullu.edu.az/) vasitəsilə qeydiyyatdan keçərək özünə “BİR könüllü” profili yarada bilər. Bu profil vasitəsilə tədbirlərdən daimi xəbərdar olur və qoşula bilirlər. Hər tədbirə qoşulmaq üçün şərtlər fərqli ola bilir - xarici dil biliyi, təcrübə, ixtisas və s. Bu tədbirlərdən asılı olaraq dəyişə bilir. Proqram 6 istiqamətdə (Yaşa, Yaşat, Öyrən, Öyrət, Kəşf et, Zövq al) fəaliyyət göstərir. Bu istiqamətlərin çərçivəsində həyata keçirilən tədbirlərə dövlət və beynəlxalq tədbirlərdə iştirak, fləşmoblar, təlimlər, görüşlər, könüllülük akademiyalar, forumlar, xeyriyyə tədbirlərinin təşkili, regionlara, muzeylərə, maraqlı yerlərə səfərlər, idman və intellektual yarışlar, sosial aksiyalar daxildir”.

Məlumatda həmçinin bildirilib ki, Azərbaycanda ilk dəfə “Elektron könüllü portal” yaradılıb:

“Bu portal vasitəsilə tələbə-könüllülər iştirak etdikləri tədbir və layihələrin onlayn sertifikatını əldə edərək, CV-nə əlavə etmək imkanı qazanır.

Tələbə-könüllülər üçün müntəzəm olaraq akademiyalar, şəxsi inkişaf, idarəetmə ilə bağlı təlimlər, dil biliklərinin artırılması üçün kurslar və s. proqramlar həyata keçirilir. Həmçinin onlar üçün iş imkanları yaradılır. Bu imkanlardan istifadə etmək tələbə-könüllülərdən də asılıdır. Bir çox tələbə-könüllü bu imkanlardan istifadə edərək iş imkanı əldə edib, etməyə də davam edir.

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tələbə-könüllüləri vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərir. Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Prezidentin sərəncamı ilə elan olunan “Könüllülər” ilində proqram tərəfindən dövlət və beynəlxalq tədbirlərdə tələbə könüllülərin iştirakı, könüllülük akademiyası, forum, festival, təlim, kurs və görüşlərin təşkili, vətənpərvərlik ilə bağlı layihələrin həyata keçirilməsi, inklüziv könüllülüyün genişləndirilməsi, idman və intellektual yarışların təşkili istiqamətində tədbirlər planı hazırlanıb”.