13:59
12 Yanvar 2020

"Milli üçün fərqi yoxdur, məşqçi yerli oldu, yoxsa xarici" - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq forvardı, 27 yaşında məşqçiliyə başlayan Məhəmməd Qurbanovun apasport.az saytına müsahibəsi

- Karyeranızı başa vurduğunuzu və artıq məşqçilik karyerasına başladığınızı demək olar?
- Bəli, məşqçilik karyerama start vermişəm. Hazırda "Çayka" klubunun akademiyasında işləyirəm. U-14 komandasını çalışdırıram.

- Sizin üçün futbol oynamaq çətin və maraqlıdır, yoxsa məşqçilik etmək?
- Hər ikisi fərqli işlərdir. Həm məşqçilik, həm də futbolçu olmaq özünə görə maraqlıdır. Məşqçi kimi futbolu kənardan izləmək də insana xüsusi maraq verir.

- 27 yaşında məşqçiliyə başlamısız. Futbolçu kimi yaxşı təklif alsanız, karyeranızı bərpa edəcəksiniz?
- Futbolçu karyeramı tam başa vurduğumu da deyə bilmərəm. Planımda ayağımda əməliyyat keçirmək, daha sonra bərpa prosesi keçmək var. Gələcəkdə proseslərin necə gedəcəyinə baxacağıq.

- Məşqçi kimi məqsədləriniz sırasında Azərbaycanda çalışmaq var?
- Məşqçi kimi də özümü inkişaf etdirmək istəyirəm. Əlbəttə ki, Azərbaycandan məşqçi kimi təklif almaq da gözəl və maraqlı olardı. Hələ ki, çalışırıq, necə olacağını zaman göstərəcək.

- "Neftçi"yə keçdikdən sonra karyeranız elə də yaxşı alınmadı. Bunu nə ilə əlaqələndirirsiniz, "Neftçi"də heyətə düşmək çətin idi, yoxsa atmosfer ağır idi?
- Bu haqda çox danışmışam. "Neftçi" çox yaxşı komandadır. Amma həmin vaxtı klubda başqa şərtlər var idi. Yəni ki, ancaq legionerlər oynayırdı. Məhz buna görə də, "Neftçi"də özümü göstərməyim üçün imkan olmadı.

- Artıq uzun illərdir ki, "Neftçi" çempion ola bilmir. "Qarabağ"ı qabaqlamaq üçün nə etməlidir?
- Məncə, "Qarabağ" yenə çempion olacaq. Elə buna görə də çempionatın inkişaf etmədiyini açıq-aydın görmək olar. Əvvəllər çempionluq uğrunda mübarizə aparan çox komanda var idi. Hazırda isə belə deyil. Ortabab komanda statusunda olanlar da zəifləyib.

- Azərbaycan çempionatına marağın itdiyini deyənlər az deyil. Razısınız ki, çempionat əvvəlki kimi maraqlı deyil?
- Azərbaycan çempionatı ilə daima maraqlanıram, oyunları izləyirəm. Azərbaycan Premyer Liqası həqiqətən də çox zəifləyib. Çempionatda 8 komandanın olması rəqabətsizliyə gətirib çıxarır. Üstəlik, çempionatda Azərbaycanın səviyyəsinə uyğun olmayan çox futbolçu var.

- Azərbaycan millisinin də formasını geyinmisiniz. Hətta Robert Prosineçkinin vaxtında Xorvatiya ilə görüşdə əsas heyətdə meydana çıxmışdınız. Son tsikldə yığmamız cəmi bir xal qazandı. Hazırda baş məşqçi postu boşdur. Necə düşünürsüz, Azərbaycan millisini kim çalışdırmalıdır?
- Milliyə hansı oyunçuların dəvət olunacağını öncədən bilmək olurdu. Bir çox futbolçuların tsiklin bütün oyunlarına sanki abunə kartı var idi (gülür). Nikola Yurçeviç top səviyyədə məşqçi deyildi. Hamı Robert Prosineçkidən narazı idi. Amma oyundakı inkişaf və nəticələr göz önündədir. Kimin gəlməli olduğunu söyləmək çətindir. Kim gəlirsə-gəlsin millidə onun üçün çətin olacaq. Çünki gələn məşqçi yeni, gənc oyunçular dəvət edib eksperiment aparsa və nəticələr olmasa hamıda neqativ fikir oyanacaq. Ona görə də milli üçün fərqi yoxdur, məşqçi yerli oldu, yoxsa xarici.

Dİgər xəbərlər