588
13:54
10 Yanvar 2020

Qəbələ ilə bağlı kitablar toplusunun təqdimatı olub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş kitablar toplusunun təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə AMEA-nın birinci vitse-prezidenti akademik İsa Həbibbəyli, Türkiyə və Koreyanın Azərbaycandakı səfirləri Erkan Özoral və Kim Tonq Op, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədri Ruhəngiz Heydərova və başqa şəxslər iştirak ediblər.

Akademik İsa Həbibbəyli tədbiri açaraq bildirib ki, təqdimatı keçirilən toplunun hazırlanması Azərbaycanın dövlətçilik ənənəsini göstərmək baxımından əhəmiyyətli hadisədir.

Onun sözlərinə görə, Qəbələnin tarixinə, etnoqrafiyasına və folkloruna həsr edilmiş toplu AMEA-nın son illər gördüyü işlərin davamıdır: "Bu toplu bizim tarixi ənənələrimizi yeni nəsillərə çatdırmaq baxımından çox sanballı əsərdir. Burada Qəbələ dərindən öyrənilərək ciddi elmi faktlar əsasında Azərbaycan oxucusuna təqdim olunub. Topluda görkəmli dövlət xadimi Heydər Əliyevin siyasəti nəticəsində ölkəmizin bütün regionları kimi, bu regiona da diqqətin nəticəsi əksini tapıb. Eyni zamanda Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qəbələyə səfərləri, görülən işlərin nəticələri qeyd olunub. Mən Qəbələnin qədim tarixi ilə yanaşı, müstəqillik dövründə Azərbaycana verdiyi töhfələrin təqdim olunmasını da bu kitabın əhəmiyyətlərindən biri hesab edirəm. Bu baxımdan Qəbələ tarixi etnoqrafik tədqiqatlar çoxcildliyini Azərbaycan ictimai fikrinin öyrənilməsinin üzvü tərkib hissəsi olduğunu, Azərbaycan tarixinin yenidən yazılmasına böyük töhfə verəcəyini düşürəm. Eyni zamanda kitabın ərsəyə gəlməsində böyük dəstək vermiş SEBA rəhbəri Ruhəngiz xanımın işini yüksək qiymətləndirirəm. Bir neçə il əvvəl Qəbələdə arxeoloji abidələrlə tanış olmuşdum. Deyə bilərəm ki, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının Qəbələdə yaratdığı şərait nəticəsində əldə olunan nailiyyətlər, oradakı arxeologiya, konservasiya işləri beynəlxalq aləmə çıxarılmağa layiqdir".

Sonra Qəbələ etnoqrafik ekspedisiyasına həsr olunmuş "Qəbələ etüdləri" adlı sənədli film nümayiş olunub.

Filmin nümayişindən sonra toplunun redaktoru, akademik Teymur Bünyadov çıxış edərək 2020-ci ildə Qəbələnin 2500 illiyinin qeyd ediləcəyini diqqətə çatdırıb: "Qəbələ min il Azərbaycanın paytaxtı olub. Son illər Qəbələdəki inkişaf hər kəsə məlumdur. Ulu öndər Heydər Əliyev Qəbələni Qafqazın incisi adlandırmışdı. Həqiqətən də, Qəbələ təkcə Qafqazın deyil, Yaxın Şərqin də ən qədim şəhərlərindən biridir. Hesab edirəm ki, bu toplu elmimizə, Qəbələyə, Qəbələyə gələn minlərlə qonağa, xalqımıza hədiyyədir".

Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Azərbaycan və Koreya alimlərinin əməkdaşlığı nəticəsində böyük işlər görüldüyünü vurğulayıb: "Mən sevinirəm ki, Koreya alimləri Azərbaycan üçün tarixi baxımdan əhəmiyyətli olan bir regionda arxeoloji işlər görüb, bunun nəticəsində də belə bir toplu ərsəyə gəlib".

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova "Qəbələ seriyası"ndan növbəti kitablar toplusunun SEBA və Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə 3 cilddə “TEAS” Press Nəşriyyat Evi tərəfindən nəşr edildiyini diqqətə çatdırıb: "Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, Azərbaycanın tarixi, dini, mədəni abidələrinin bərpası və dünyada tanıdılması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gördüyü işlər ölçüyəgəlməzdir. SEBA Assosiasiyası da bu təşəbbüsə töhfəsini vermək məqsədi ilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara dəstək verib. Qəbələ ilə bağlı elmi araşdırmalar 2005-ci ildən SEBA Assosiasiyasının Qəbələ Arxeoloji Ekspedisiyası layihəsinin gerçəkləşdirilməsi ilə bərpa edilib. Ekspedisiya öz işinə mərhum professor İlyas Babayevin rəhbərliyi ilə başlayıb, 2009-cu ildən etibarən fəaliyyətini Koreya alimləri ilə birgə davam etdirir”.

Tədbir çıxışlarla davam edib.

Qeyd edək ki, toplu "Qəbələ tarixi", "Qəbələ etnoqrafiyası" və "Qəbələ folkloru" adlı üç kitabdan ibarətdir. Kitablar Azərbaycan, rus və ingilis dillərində nəşr olunub.