15:36
10 Yanvar 2020

Kilsədə möcüzə, qədri bilinməyən “Emmu": “Qardaşım bıçağı boğazıma dirədi...” - SİRLİ ULDUZLAR

“Mən futbolu təkcə tanınmış oyunçu olmaq üçün yox, həm də ailəmə kömək etmək üçün seçmişəm”. Bu sözlərin müəllifinin çox maraqlı həyat hekayəsi var. Möcüzə, ittiham, ailənin ondan üz döndərməsi, intihara cəhd və daha nələr, nələr...

4 yaşına qədər yeriyə bilməyən uşağın gələcəkdə tanınmış idmançıya çevrilməsi. İnanılmaz səslənə bilər, amma bu, həqiqətdir! Və ya özünün də dediyi kimi, möcüzə! Anasının müalicə üçün Afrikada onu aparmadığı yer qalmamışdı. Di gəl, heç bir loğman balaca “Emmu”nun dərdinə çarə tapa bilmirdi. Uşaq niyə yerimirdi, hansı səbəbdən addım atmırdı? Bu sual qarşısında həkimlər aciz qalmışdılar. Bəs necə oldu ki, möcüzə baş verdi?

Budəfəki yazının qəhrəmanı karyerası ərzində “Monako”, “Arsenal”, “Mançester Siti”, “Real”, “Tottenhem” kimi klublarda oynamış, son olaraq “Kayserispor”un formasını geyinmiş Emmanuel Adebayordur.

Ailədə daha çox “Emmu” deyə çağırılan Adebayor 1984-cü ildə, Toqonun paytaxtı Lomedə dünyaya göz açıb. Ailədə 7 uşaq olublar: 4 oğlan, 3 qız. Uşaqlıq və yeniyetməlik illəri məhz Lomedə keçib. Elə orada da futbol oynamağa başlayıb. 15 yaşında yerli “Aqaza” klubunun heyətində İsveçrəyə beynəlxalq turnirə yollanıb və istedadı ilə Fransa təmsilçisi “Mets”in skautlarının diqqətini çəkməyi bacarıb. Beləcə Avropaya yolu açılıb...

Adebayorun valideynləri əslən nigeriyalıdır. Buna baxmayaraq, o, Nigeriyanı yox, doğulduğu və böyüdüyü Toqonun millisini seçib. Əvvəl xristian olsa da, 2015-ci ildə müsəlmanlığı qəbul edib.

Şöhrət qazanandan sonra ailəsi üçün nələr etsə də, anası, qardaşları və bacıları ondan üz döndəriblər. “Emmu”nu biganə münasibətdə, xəsislikdə, hətta qardaşının ölümündə günahlandırıblar. Başına gələnləri daha təfərrüatlı özü nəql edir...

“Futbol mənim taleyim imiş”

“4 yaşım olsa da, yerimirdim. Anam məni Nigeriya, Qana və Afrikanın digər ölkələrinə, böyük şəhərlərə aparsa da, xeyri olmayıb. Həkimlərdən ümidini üzdüyündən, axırda məni kilsəyə aparıb. Orada anama 1 həftə mənim üçün dua edəcəklərini, həmin müddətdə addım atmasam, heç vaxt yeriməyəcəyimi deyiblər. Anam ağlamağa başlayıb. Həftə ərzində bir dəyişiklik olmayıb, ayağa qalxa bilməmişəm. Bazar günü səhər saat 9-da anam məni yenidən kilsəyə aparıb. Məni döşəmənin üstündə oturdub dua etməyə başlayıblar. Kilsənin kənarında isə uşaqlar futbol oynayırmışlar. Birdən top təsadüfən kilsənin qapısından içəri yuvarlanıb. Həmin anda ayağa durub topa tərəf qaçmışam. Bilirəm, inanılmaz bir şey kimi görünür, amma həqiqətdir. Futbol mənim taleyim imiş. Anam daim bunu mənə xatırladırdı”.

“Hər dəfə pul lazım olanda zəng edirdi”

"Mən uşaq ikən böyük qardaşım Kola ailənin ümidi olaraq Almaniyaya getdi. Ancaq gedəndən sonra yoxa çıxdı, bizimlə əlaqə saxlamadı. Həmin müddətdə başına gələnləri təkcə Allah bilir. Mən Fransaya köçəndə qardaşım yenidən peyda oldu, məni ziyarət etmək istədi. Həmin vaxt “Mets”in akademiyasında yaşayırdım, heç özümün də pulum yox idi. Onun oteldə qalması və geriyə bilet alması üçün işləmək məcburiyyətində qaldım. Sonra vəziyyət tamam dəyişdi və Allaha şükürlər olsun ki, “Mets”lə müqavilə imzaladım. Bunu eşidən qardaşım dərhal mənimlə əlaqə saxladı. Hər dəfə pul lazım olanda zəng edirdi. Bəzən oğlunun xəstə olduğunu deyərək pul istəyirdi, mən də göndərirdim”.

“Anam səsimi eşidən kimi telefonu söndürdü”

“Ailəmlə bağlı sirri - onların mənə necə münasibət göstərdiyini uzun müddət hamıdan gizlətdim. Əslində, ailəvi problemlər publikada deyil, ailə daxilində həll olunmalıdır. Ancaq anam, qardaşlarım, bacılarım mətbuatda mənə qarşı ittihamlar səsləndirdilər. Başa düşdüm ki, əslində elə olmadığını açıqlamağın zamanı çatıb. 17 yaşımda futboldan qazandığım ilk pulla ailəmin təhlükəsiz şəraitdə yaşaması üçün onlara yeni ev aldım. 2008-ci ildə Afrikanın ən yaxşı futbolçusu adına layiq görüldüm. Mənə mükafat veriləndə hər şeyə görə minnətdarlığımı bildirmək üçün anamı səhnəyə dəvət etdim. Həmin il tam tibbi müayinədən keçməsi üçün onu Londona gətirtdim. Hər dəfə mükafat əldə edəndə anama zəng edib, təşəkkürümü bildirdim. Ona qənnadı biznesi qurması üçün xeyli miqdarda pul göndərdim. Satışı artırmaq üçün adımdan və imicimdən istifadə etməsinə də razı oldum. Qızım dünyaya gələndə xoş xəbəri demək üçün anama zəng vurdum. Ancaq o, səsimi eşidən kimi telefonu üzümə söndürdü”.

“Bacım xəbərim olmadan evimi icarəyə vermişdi”

“Bir neçə il öncə Qanada 1 milyon 200 min dollar dəyərində malikanə aldım. Böyük bacım Yadonun orada yerləşməsinə bir söz demədim. Hətta əmioğlu Danielə də həmin evdə qalmağa icazə verdim. Bir neçə ay sonra tətilə çıxmışdım. Qərara gəldim ki, o evə baş çəkim. Evin önündə çoxlu maşın görəndə təəccübləndim. Məlum oldu ki, bacım mənim xəbərim olmadan malikanəni icarəyə verib və Danieli oradan qovub. Nəzərə alın ki, evin təxminən 15 otağı var. Bacıma zəng edib bunun hesabını soruşanda məni telefonda yarım saat təhqir etdi. Vəziyyəti başa salmaq üçün anama zəng etdim. Ancaq o da söyməyə başladı. Hər ikisi mənim nankor olduğumu dedi”.

“Qardaşım akademiyadan 21 telefon oğurladı”

“Düşündüm ki, qardaşlarımdan birini futbola cəlb edə bilsəm, yaxşı olar. Kiçik qardaşım Rotimini Fransada futbol akademiyasına yazdırdım. Bir neçə ay ərzində oradan 21 mobil telefon oğurladı, akademiyadan qovdular. Futbola marağının olmadığını görüb anama xeyli pul göndərdim ki, onu yaxşı məktəbdə oxutdursun. Nə məktəbə yazdırdı, nə də o pulu qaytardı. Bir müddət sonra anama 45 min avro dəyərində boyunbağı hədiyyə etdim. Ancaq sonra eşitdim ki, Rotimi onu 800 avroya satıb. Qardaşım Zinəddin Zidanın mənə verdiyi formanı da oğurladı”.

“Dedim, məni öldürün, pullarımı da götürün”

“Monako”da oynadığım vaxtlar idi. Bir gün qardaşlarım - Kola və Piter xəbər vermədən evimə gəldilər. Avtomobil biznesinə başlamaq istədiklərini və bunun üçün onlara pul lazım olduğunu dedilər. Təbii ki, söhbət böyük məbləğdən gedirdi. O qədər pulumun olmadığını, ancaq maaş alandan sonra kömək edəcəyimi bildirdim. Gözləmək üçün evimdə qaldılar. O ərəfədə dostum Paco yanıma gəldi və məndən 500 avro borc istədi. Verdim, getdi. Bunu görən Kola özündən çıxdı. Soruşdu ki, niyə dostuna pul verirsən, bizə yox? Ona başa salmağa çalışdım ki, sizə daha böyük məbləğdə pul lazımdır, hazırda o qədər imkanım yoxdur. Nə qədər etsəm də, sakitləşmədi. Piter də mübahisəyə qoşuldu, ona tərəf çıxdı. Səhər yuxudan oyananda şoka düşdüm. Gözümü açdım ki, qardaşım bıçağı boğazıma dirəyib. Piter sanki ağlını itirmişdi, heç Kola da özündə deyildi. Qışqırırdılar ki, sən bizim zamanımızı alırsan, vaxt itiririk. Dedim: “Məsələni bu cür həll etmək istəyirsiniz? Onda məni öldürün və pullarımı götürün”. Ancaq bıçağı geri çəkdilər. Polis çağırdım. Amma onlar mənim qardaşımdır, öz qanımdır, şikayət etmədim. Sonra Piter Parisə getdi, Kola ilə ikimiz qaldıq. Təhlükəsizliyim üçün tez bir zamanda ona istədikləri qədər pul verməyin yolunu tapdım”.

“İndidən var-dövlətimi bölüşdürüblər”

“2005-ci ildə ailə problemlərimizi həll etmək üçün görüş təşkil etdim. Hər birinin fikrini soruşdum. Mənə dedilər ki, ailənin hər üzvü üçün ev almalı və maaş təyin etməlisən. Anama maşın aldım, bəyənmədilər, məni xəsislikdə günahlandırdılar. Bir oğul ailəsinə dəstək olmaq üçün başqa nə etməlidir? Bacım anamı evdən qovduğumu iddia etdi. Halbuki bu, mümkün deyil! Anam özü getdi. Mən öləndən sonra var-dövlətimi necə bölüşdürəcəklərini indidən müəyyənləşdiriblər”.

“Dostum məni ölümdən qurtardı”

“Ailə münaqişəsi üzündən dəfələrlə təslim olmaq dərəcəsinə çatdım, özümü öldürmək istədim. Bacıma yığıb dedim ki, intihar edəcəyəm. Evimin yanındakı aptekdən çoxlu dərman aldım. Əvvəlcə əczaçı şübhələnib o qədər dərmanı mənə satmaq istəmədi. Ancaq yalandan dedim ki, bunları Toqoda xeyriyyəçilik üçün alıram, inandı. Evə qayıtdım. Özümü öldürmək üçün hər şey hazır idi. Son dəfə səsini eşidim deyə, gecəyarısı ən yaxın dostuma zəng etdim. O, mənə yalvardı, yaşamaq üçün hələ də səbəblərin olduğunu dedi. Sözlərinə inandım, vaz keçdim. Dostum məni ölümdən xilas etdi”.

“Belə çıxır ki, 2 saata Toqoya çatdığım üçün axmağam?”

“Qardaşım Piterin ağır xəstə olduğunu Qanada eşitdim. Görüşmək və kömək etmək üçün ən qısa zamanda Toqoya yollandım. Anam dedi ki, gəlməsən də olardı, pul göndərsəydin, bəs edirdi. Həmin gün ona nə qədər pul verdiyimi Allah bilir. Ancaq Piterin həyatını xilas etmək mümkün olmadı. Məni qardaşımın ölümündə ittiham etdilər. Guya onu sağaltmaq üçün pul xərcləməmişəm. Belə çıxır ki, mən 2 saat ərzində Toqoya çatdığım üçün axmağam? Piterin dəfn mərasiminə getməyim ailəmin ürəyincə olmadı. Halbuki digər qardaşım Kola ona bilet pulu göndərməyimə rəğmən, dəfnə gəlib çıxmadı. Piter dünyasını dəyişəndən sonra onun oğlunu (Cunior Emmanuel) övladlığa götürdüm. Hamıya bəyan etdim ki, qardaşımın oğlu bundan sonra mənim oğlumdur. Başqa nə edə bilərəm? Əşi, təki Piterin ruhu şad olsun”.

“İnsanlar məktəbə gedə bilmədiyim üçün məni bağışlamalıdırlar”

“Çoxu deyir ki, Adebayor məktəbə belə getməyib. Onlar unudurlar ki, mən yoxsulluq üzündən təhsil almamışam. Amma heç vaxt buna görə valideynlərimi günahlandırmamışam. Allaha şükürlər olsun ki, bu gün 3 xarici dildə danışa, qızıma və qardaşımdan mənə yadigar qalan Cunior Emmanuelə yaxşı təhsil alması üçün şərait yarada bilirəm. Bununla qürur duyuram. İnsanlar məktəbə gedə bilmədiyim üçün məni bağışlamalıdırlar. Əsas həyatda kim olmağındır. Futbolçu karyeramı bitirdikdən sonra anadan olduğum yerə - Toqoya qayıdacağam. Öz millətim üçün nümunə olmaq istəyirəm. Toqo əhalisi məktəb və idman akademiyalarının azlığından əziyyət çəkir. Halbuki Afrika böyük potensialı olan kontinentdir. Ancaq inkişaf üçün çox iş görmək lazımdır”.

Dİgər xəbərlər