33852
18:07
09 Yanvar 2020

Sibirdən Bakıya gələn təhlükə: qara təsbeh, "brodyaqa", AUE dəhşəti... – Səbuhi Məmmədli yazır

- Tı druq, ya druq,

- Mı kriminalnıy kruq…

Yəqin bu vulqar bəstəni marşrut avtobuslarda, metro-stansiyaların qarşısındakı pirat disklər satılan kiçik dükanlarda çox eşitmisiniz. Çay evləri isə... hə, bu, başqa bir aləmdi. Əsasən yeniyetmə və gənclərin yığışdığı bu tip obyektlərdə də belə bəstələrə rast gəlmək olur. İndi “Dolya vorovskaya” ilə bərabər yeniyetmələr jarqonla dolu bu cür bəstələrin də vurğunudurlar. Əksərinin leksikonunda isə “avtoritet” “vorzakon”, “razborka” kimi sözləri tez-tez eşitmək olar.

Artıq ictimaiyyətdə də bu tip halların geniş yayıldığı barədə həyəcan təbili çalınır. Şagirdlər bəzən əllərində təsbeh, telefonlarına yüklənmiş kriminal musiqilərlə məktəb dəhlizlərində gəzişirlər. Bir qədər əvvəl isə tanınmış ictimai fəallardan biri sosial şəbəkələrdə maraqlı bir status paylaşmışdı. Sitat:

“Məktəblərdə özünə AUE deyib qruplaşan nə qədər gənc oğlan uşaqları var bilirsinizmi? Üç ildi adda-budda bu söhbəti eşidirdim, indi kütləvi hal alıb. Gənclər bıçaqla gəzir, narkotik çəkmək, “damara vurmaq”, “cayıllıq” söhbətləri edirlər. “06”, “07”, “Niva”, yəni Rusiya istehsalı maşınları sürmək dəbdir, bizimkilər məsələyə təsbehi də qatıb və ən böyük xəyalları “vor zakon”, “lotu”, yəni cinayətkar olmaqdı”.

Müəllif daha sonra yazır: “Bu üç hərfi hər küçədə görmək mümkündür, yanında da "Jizn voram" ifadəsini. Bu hərəkat Rusiyada yaranıb və məlum səbəblərdən gəlib bizim uşaqlara yoluxub”.

***

...2011-ci ilin yayı. Rusiyanın Zabaykalsk diyarının Nerçinsk rayonu Priiskovı qəsəbəsində yerləşən ərzaq anbarına hücum olur. Hücum zamanı gözətçi vəhşicəsinə döyülür. Quldurlar anbarı qarət etsələr də, onların yaxalanması uzun çəkmir. Sən demə, gözətçi onlardan birini tanıyıbmış. Polisə verdiyi ifadədən sonra əvvəl həmin şəxs, daha sonra isə qrupun digər üzvləri saxlanılır. Amma polislər şokdaydılar. Bilirsinizmi niyə? Çünki saxlanılanların hamısı 15-17 yaşlı yeniyetmələr idi. Və ilkin dindirmədən sonra onlar özlərini necə təqdim etsələr yaxşıdı? AUE-nin üzvləri kimi.

Bəs nədi bu AUE? “Arestantski uklad edin” sözlərinin baş həriflərindən götürülüb. Dilimizə “Məhbus yolu birdir” kimi tərcümə etmək olar.

Hə, bir qədər sonra o da aydın olur ki, nəinki Zabaykalskda, Uzaq Şərqin əksər vilayətlərində AUE-nin ideologiyası əsasında birləşən onlarla qeyri-rəsmi yeniyetmə birlikləri fəaliyyət göstərir. Məhz Rusiyanın şərqindən başlayan AUE tədricən bu ölkənin qərbinə doğru yayılmağa başlayıb.

Onlar bəzən özlərini “brodyaqa” adlandırılar. Onları “şpаna” çağırmaq ürəklərincədi.

Kriminal aləmdə “brodyaqalar” gələcəkdə “qanuni oğru” adı almaqda həmişə israrlıdırlar. Və bu titulu almaq haqlarını özlərində saxlayırlar. Amma onların qarşısında duran ən böyük öhdəliklərdən biri də məhz “qanuni oğruların” keçirdiyi həyat tərzini təbliğ etməkdir. “Brodyaqa”lar “qanuni oğrular”ın keçdiyi və artıq qəbul olunmuş bütün qaydalara tam məsuliyyəti ilə əməl etməlidirlər.

“Brodyaqalar” heç vaxt və heç bir dövlət qulluğu tuta bilməzlər. Onlar ailə qurmamalı, oğul-uşaq yiyəsi olmamalıdır.

“Oğru” ranqına çatanadək mütləq “maloletka”nı keçməli, hələ yeniyetmə vaxtlarından həm xarakter, həm də ruh etibarı ilə yetişməlidir.

Onlar hər yerdə, hara düşsə belə, minbir əziyyət, həyatı bahasına belə bu qaydaların yeriməsi üçün cəhdlərini əsirgəməməlidir. Çünki “brodyaqa” gələcək “OĞRUDUR”. Harada olursa-olsun, böyük qardaşlarının həyat tərzini yerinə yetirməyə və riayət etməyə borcludur. O, zonda bu qanunların işlək vəziyyətdə olmasına da məsuldur, buna mütləq nəzarət etməlidir. Kiçik bir “kosyak”, yəni səhv ciddi cəzalandırmayla müşahidə oluna bilər. Dövlət qaydaları ilə heç bir bağlılıq olmamalıdır. Həmin qayda və qanunlara mütləq müqavimət göstərilməli, bir sözlə yaxın buraxılmayaraq rədd olunmalıdır.

Bəli, “Məhbus yolu birdir” deyirlər.

AUE kriminal meylli yeniyetmə və gənclər üçün necə deyərlər özlərini sübut etmək üçün qeyri-formal bir qurumdur. Onun qaydaları həmin şəxslər üçün sanki bir növ konstitusiyadır.

Onlar həbsxana romantikasını hər şeydən üstün tuturlar, tərifləyir və müəllimlərin və valideynlərin iddialarına qəti şəkildə rədd edirlər.

AUE artıq Rusiyada soyğunçuluq və oğurluğu təşviq edən bir hərəkata çevrilib.

Bu hərəkatın qeyri-rəsmi təbliğatçıları əvvəlcə qısa vaxtda Sibir, Transbaykal və Uzaq

Şərqi işğal etdilər. Tədricən, AUE dalğası qərbə doğru irəlilədi. İndi paytaxt Moskvada belə onların təbliğatçılarına rast gəlmək mümkündür.

Hər gün sosial şəbəkələrdə AUE-yə həsr olunmuş onlarla ixtisaslaşmış qrup görünür, minlərlə yeniyetmə qeydiyyata alınır. Bəzən belə icmalar məşhur kompüter oyunları adlarının arxasında gizlənir və ya adi bir yeniyetmənin belə problemlərini müzakirə edirlər.

AUE artıq cinayət anlayışlarına riayət edən, kriminal aləmin hakimiyyətini dəstəkləyən və tanıyan, fikirlərini öz həmyaşıdlarına zorla tətbiq edən, həbsxana davranışlarını başqaları ilə münasibətlərdə proqnozlaşdıranların qeyri-rəsmi hərəkatıdır.

Rusiya KİV-ə inansaq, hərəkat barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə belə məruzə edilib. Vətəndaş Cəmiyyətinin və İnsan Hüquqlarının İnkişafı Şurasının katibi Yana Lantratovanın dediyinə görə isə, son vaxtlar daha çox valideyn ona müraciət edir.

“Müraciətlərində deyirlər ki, övladları səhər məktəbə gedirlər və spirtli içkilərin və narkotiklərin təsiri altında geri qayıdırlar. Onlar Rusiyanı parazit kimi başına götürmüş bir cinayətkar subkulturaya sığınmaq məcburiyyətindədirlər”.

Bəs AUE-çilərlə mübarizə yolu necədir? Rusiyada hələ ki bu mübarizənin yolunu tapa bilmirlər. Çünki hüquq mühafizə orqanları nə qədər çalışsalar da, sosial şəbəkələrdə təşkilatlanmış AUE-çiləri birdəfəlik ləğv etmək çətin görünür.

Ekspertlərin fikrincə, belə davam edəcəyi təqdirdə, AUE hərəkatı bütün MDB məkanına yayıla bilər. Elə, “Tı druq, ya druq, mı krmnalnı kruq” tipli bəstələrin tez-tez eşidilməsi də bu həyəcandan xəbər verir.

Bəs hardandı belə meyl yeniyetmələrdə? Nədən kriminal, qanuni oğru mövzusu yeniyetmələr üçün prioritetə çevrilir? Və bu meyllər get-gedə artmaqdadır?

Psixoloq Aidə Nəbiyevanın dediklərindən:

“Onlar düşünürlər ki, kriminal aləm hər şeyə qadirdi, istədiyini günahlandırar, istədiyini cəzalandırar, aradan götürər. Kiminsə dayısı, əmisi bəzən onlar haqqında deyir ki, kişi kimi yaşayır, kişi kimi davranır. Bacarıqlı, yüksək gücə malik bir obyekt kimi qəbul edirlər. Bu səbəbdən onlar çalışırlar ki, bu aləmlə sıx əlaqədə olsunlar, mümkün qədər çox informasiya əldə etsinlər”.

Psixoloq deyir ki, maraq onları bu aləmin üzvünə də çevirə bilir:

“Bu yolla onlar digərlərinə özlərinin üstünlüklərini sübut etməyə çalışırlar. Neqativ vərdişlər öyrənib tətbiq etməyə başlayırlar. Kriminal aləm yeniyetmələr olmadan heç nə edə bilməz. Onlar yeniyetmələri özlərinə cəlb edərək, öz adlarından işlədərək bir çox planlarını gerçəkləşdirirlər. Ailələr bu yaşda övladlarına xüsusi diqqət, sevgi göstərməlidir. Ailə yaxınlaşarsa, yeniyetməni bu təsirlərdən qoruya bilər. Məktəblərdə kriminal aləmlə bağlı antitəbliğat aparılması da prosesə müəyyən qədər mane ola bilər”.