789
17:57
09 Yanvar 2020

Sürüşmənin səbəbi AÇIQLANDI - YENİLƏNİB - FOTOLENT

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu “Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşları - coğrafiya üzrə fəlsəfə doktorları Rəfail Abdullayev və dosent Starə Tarixazər bu gün saat 9.05-də Bayıl ərazisində baş vermiş sürüşmə zonasında olublar.

Bu barədə Lent.az -a institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, hadisə yerində olan əməkdaşlar Bayıl yolunun Badamdar qəsəbəsinin 1,1 km-liyində (400 19I 56 II N-şimal enliyi; 490 48I 40II E-şərq uzunluğu) baş vermiş torpaq sürüşməsinin yolu tam bağladığını müşahidə ediblər. Onlar sürüşmə kütləsinin böyüklüyünü və onun 80-85 m. enində olan bir hissəsinin 100-120 m uzunluqda yerdəyişməyə məruz qaldığını xüsusi qeyd ediblər.

Tədqiqatçılar bildirirlər ki, Badamdar-Bayıl yolu hələ çar Rusiyası dövründən neft mədənlərində istifadə olunan ağır texnikanın hərəkətini təmin edib. Son vaxtlar yol ətrafı qruntda baş vermiş aktivlik tam şəkildə antropogen təsirin nəticəsidir. Ərazinin intensiv mənimsənilməsi, tikinti normativlərinə əməl edilməməsi, sürüşmə zonasının həddən artıq yüklənməsi, kanalizasiya xətlərinin olmaması, yeni yolların salınmasında buraxılmış səhvlər və s. ümumu tarazlığın pozulmasına və ərazidə sürüşməyə meylli kütlənin aktivləşməsinə gətirib çıxarmışdır. Belə aktivləşmədə təbii amillərin təsiri (atmosfer yağıntılarının miqdarı, qrunt sularının səviyyə artımı və s.) daha az ehtimal olunur.

***

17:35

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə sahəsində aktivlik davam edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov Lent.az -a bildirib ki, ilkin araşdırmaların nəticələrinə görə sürüşmənin məişət sularının torpağa axıdılması və atmosfer çöküntülərinin təsiri nəticəsində torpaq kütləsinin ağırlaşması səbəbindən baş verdiyi ehtimal olunur:

"Araşdırma və müşahidələr davam etdirilir".