Azərbaycan bu festivalda iştirak edəcək
08 yanvar 2020 13:49 (UTC +04:00)

Azərbaycan bu festivalda iştirak edəcək

Birləşmiş Ərəb Əmirliklərində “Abu Dabi Şeyx Zayed İrs Festivalı” keçirilir. Festivalda ölkəmizi təmsil etmək üçün Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin əməkdaşı Elgün Əliyev “Cəngi” estrada və folklor rəqs ansamblı ilə birgə Əbu-Dabi şəhərinə səfər edib.

Nazirlikdən Lent.az-a bildirilib ki, festival beynəlxalq əlaqələrin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi, ölkəmizin mədəni sənaye potensialının ixracı baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə müxtəlif ölkələrin rəqs kollektivləri ilə danışıqlar aparılır, hər bir xalqın ənənəvi milli rəqs elementləri barədə müzakirələr edilir.

Əbu-Dabi şəhərinin ətrafında böyük bir sahədə tikilmiş xüsusi festival şəhərciyində müxtəlif ölkələrin, şirkətlərin, yerli dövlət orqanlarının yüzlərlə stendi, pavilyonu, həmçinin istirahət və əyləncə məkanları, rəqs və ifalar üçün səhnələr qurulub. BƏƏ-nin yerli incəsənət kollektivləri ilə yanaşı, tədbirdə Azərbaycan, Rusiya, Çin, Hindistan, Rumıniya, Ukrayna, Bosniya və Herseqovina, Özbəkistan, Cənubi Afrika, Yəmən, Misir respublikalarının, Bəhreyn və Mərakeş krallıqlarının və digər ölkələrin rəqs kollektivləri, ifa və şou qrupları iştirak edib. Yaradıcı kollektivlər gündə üç dəfə (hər dəfə yarım saat olmaqla) şəhərcikdə yerləşən ayrı-ayrı səhnələrdə, həftədə iki dəfə isə Əbu-Dabi televiziyasının səhnəsində çıxışlar edirlər.

Fevralın 1-dək davam edəcək festivalda Azərbaycanın “Cəngi” estrada və folklor rəqs ansamblı “Bayram”, “Qaytağı”, “Dağlı”, “Naxçıvani”, “Tənzərə”, “Yallı”, “İgidlər”, “Tərəkəmə”, “Qıt-qılıda”, “Naz eləmə”, “Ağ çiçək”, “Dağlar gözəli” və “Sarı gəlin” kimi milli rəqslərimizi ifa edir.

# 1096
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar