402
10:39
02 Yanvar 2020

Həbsxanada silahlı dava: 16 nəfər öldü - Meksikada

Meksikanın Cieneguliias qəsəbəsindəki həbsxanada məhkumlar arasında baş verən davada ən azı 16 məhkum həyatını itirib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Zacatecas əyalətindəki həbsxanadakı hadisə zamanı 5 məhkum da yaralanıb.

Məlumata görə, iki saata yaxın davam edən hadisə zamanı məhkumlar bir-birinə silahla və bıçaqla hücum çəkiblər.

Məhkumlardan biri silahla yaxalanıb. Həbsxanada aparılan axtarış zamanı 3 silah və çox sayda bıçaq da aşkar olunub.

Məhkumların 15-i hadisə zamanı, biri isə xəstəxanada həyatını itirib. Onların ölüm səbəbinin silahla vurulmaları, bıçaqlanmaları və ağır cisimlərlə zərbə almalarının olduğu bildirilir.

Dava zamanı həbsxana işçilərindən heç kim yaralanmayıb. Davanın hansı səbəbdən başladığı hələ ki bilinmir. Hökumət davanın səbəbini və silahların həbsxanaya necə keçirildiyini öyrənmək üçün araşdırma başlandığını açıqlayıb.