1289
17:20
30 Dekabr 2019

Samir Ələkbərov: "Gələcək nəsil sabah gorumuza söyəcək" - "Ofsayd"

Dövrünün ən güclü hücumçularından sayılan, özündən sonra gələn nəslə nümunə olan, İsraildə legioner həyatı yaşayan "Neftçi"nin əfsanəvi futbolçusu Samir Ələkbərov hazırda işsizdir. "Neftçi"də, "Xəzər Lənkəran"da köməkçi-məşqçi, U-21 yığmamızda müvəqqəti baş məşqçi işlədi, ancaq məşqçilik karyerası istənilən kimi alınmadı.

51 yaşlı mütəxəssis hazırda Nazim Süleymanovun sədrlik etdiyi Azad Həmkarlar İttifaqının üzvüdür.

Apasport.az saytının "Ofsayd" rubrikasının bugünkü tribunasında Ələkbərov yer alır. Hər zaman açıqsözlülüyü ilə seçilən Azərbaycan millisinin sabiq üzvü yenə maraqlı fikirlər səsləndirdi.

"Kim deyirsə ki, Azərbaycanda futbolçu yoxdur, eqoist adamdır"
- Ukrayna klubu "Lvov"da çox qalmadınız. Baş məşqçi dəyişikliyindən sonra getməyə məcbur idiniz?
- Əlbəttə. Yuri Panfilovun gedişindən sonra mən də ayrılmalı oldum. Çünki məni o aparmışdı. Amma sonra gələn Vladimir Mazyar da qalmadı. Orada ciddi maliyyə problemi var.

- İki il əvvəl U-21 millimizin baş məşqçisi işləmiş Samir Ələkbərovu Ukrayna klubunda fiziki hazırlıq üzrə məşqçi kimi çalışmağa nə vadar edib?
- Əslində mən fiziki hazırlıq üzrə məşqçi deyildim. Sadəcə, həmin yer boş olduğundan, ora üçün qeydiyyatdan keçirdilər. Komandada bütün işləri Panfilovla ikimiz görürdük. Amma sənəddə bu cür göstərilirdim.

- Ukrayna Premyer Liqasının əvvəlki gücündə olmadığı deyilir. Həqiqətən də, belədir?
- Mən deyərdim ki, indi daha da güclüdür. Onların klubları Çempionlar Liqasının, Avropa Liqasının birbaşa qrupundan başlayır. Bu da qazanılan reytinqlərə görədir. Çempionat top-səviyyədə olmasa da, Rusiya Premyer Liqası ilə eyni gücdə demək olar.

- Bizim hansısa futbolçumuzun səviyyəsi orada oynamağa imkan verir?
- Əlbəttə. Belə oyunçular var. Kim deyirsə ki, Azərbaycanda futbolçu, məşqçi yoxdur, o, eqoist adamdır.

"Onu axtarıram, tapa bilmirəm"
- Vaxtilə "Xəzər Lənkəran"ın da əvəzedicilərinə rəhbərlik etmisiniz. Bizdə niyə güclü gənc nəsil yetişmir?
- Əslində yetişir, ancaq biz onları itiririk. Mən "Xəzər Lənkəran"da işləyəndə millilərə çağırılan neçə gənc var idi. Məsələn, Elnur Cəfərov indi haradadır, axtarıram, tapa bilmirəm. 18 yaşında Robert Prosineçki Bolqarıstanla görüşdə onu əsas komandada oynatmışdı. Elnur kimi başqa bir neçə oyunçu da var idi ki, indi yoxdurlar. Səhv bizim özümüzdədir ki, bu uşaqları itiririk.

- Dediyiniz o səhv nədir?
- Bu, fərdi yox, sistemli problemdir. Sadəcə, sistem düzgün qurulmayıb və bu, kökündən dəyişməlidir. Azərbaycan futbolunda əsas problemlərdən biri valideyndir. Bu yaxınlarda hansısa valideyn Vüqar Məmməd barədə məktub yazmışdı ki, oğlumu milliyə çağırmayıb. Deyib ki, AFFA-dan 3-4 nəfərdən soruşdum, hamısı oğlumu təriflədi. Həmin şəxslərin adını desin, görək kimlərdir. Baş məşqçinin işinə kim qarışa bilər? Sən onu yola vermək üçün tərifləyə bilərsən. Amma bu, ciddi problemə yol açır.

- Futbolçu karyerasını bitirən kimi, uşaq komandasına baş məşqçi təyin edilənlər var. Bu yanaşma düzgündür?
- Bizdə futbolu bitirən kimi, əsas komandaya baş məşqçi təyin olunanlar da var. Uşaq məşqçisi kimi anadan olmursan ki. Uşaqlarla keçmiş futbolçu işləməlidir də.

- Gənc mütəxəssislərin hansısa təcrübəli məşqçinin yanında öyrənməsinə ehtiyac yoxdur?
- Əlbəttə, ehtiyac var. Məsələn, "Neftçi"də futbol akademiyasının direktoru olan Mik Benetin işi çox xoşuma gəlir. O, bütün yaş qruplarına nəzarət edir. Hər komandada da məşqçilər var. Həmçinin "Qəbələ"də bir ara ispanlar işlədilər. Təbii ki, 1-2 klubla iş düzəlmir. Gərək bu sistem ümumi qurulsun.

"Belə oyuna yaxşı deyirlərsə, bunun adı yaltaqlıq, qorxaqlıqdır"
- Adətən milli komanda ölkə futbolunun güzgüsü sayılır. Sizcə, bizim yığmamız AVRO-2020-də futbolumuzun əsl səviyyəsini göstərdi?

- Bu məsələdə hamı düşdü Nikola Yurçeviçin üstünə. Deyirlər ki, baş məşqçidən hesabat istədik. Hansı hesabatdan danışırlar, məlum deyil. Bir oyundakı hadisədən sonra mən onun işinə şübhə ilə yanaşdım. Yığmaya dəvət edilən Eddi İsrafilov Uelslə oyuna gəlmədi, Slovakiya ilə matçın keçirilməsinə bir gün qalmış kollektivə qoşuldu. Komanda ilə bir məşqdə də iştirak etməyən futbolçu sabahı gün əsas heyətdə meydana çıxır. Bu, peşəkar hərəkətdir? Bunun hesabatını tələb etmək lazımdır.

- Ola bilərmi ki, baş məşqçi İsrafilovu qəbul etməyə məcbur olub?
- Kül olsun o məşqçinin başına ki, onu kimsə futbolçunu yığmaya çağırmağa məcbur edir. Mən inanmıram ki, bizim hansısa məşqçiyə bunu edə bilsinlər. Məsələn, Qurban Qurbanova deyə bilərdilər ki, filankəsi oynat? Mən demirəm ki, Yurçeviç sırf ona kimsə tapşırıb deyə Eddini qəbul edib. Amma niyə bir gün əvvəl gələn oyunçunu meydana buraxdı, bunu başa düşə bilmədim.

- Yığmamız seçmə mərhələdə 1 xal topladı və sərgilənən oyun narazılıqla qarşılandı. Siz komandamızın çıxışını necə dəyərləndirirsiniz?
- Lap 6 xal toplasınlar... Ortada bir oyun da yox idi axı. İndi bəziləri deyirlər ki, Macarıstana qarşı yaxşı oynadıq, sayılmayan qolumuz oldu. Belə oyuna yaxşı deyirlərsə, bunun adı yaltaqlıq, qorxaqlıqdır. Millimiz heç bir matçda oyun göstərmədi. Bir az xorvatlarla burdakı görüş fərqli oldu, onda da Emil Balayevin qurtarışları və müdafiəçilərin yaxşı çıxışı sayəsində 1 xal aldıq.

"Çıxın ortaya, deyin görək 10 ildə nə etdiniz"
- Guya daha yaxşı baş məşqçi ilə yığmamız uğurlu çıxış edə bilərdi?

- Bunu hamı deyir: Mourinyonu da gətirsən, Kapellonu da gətirsən, xeyri yoxdur. Uğur nəyə deyirsiniz? Uğur dünya və Avropa çempionatına, Çempionlar Liqasının qrupuna vəsiqədir. Dünənə qədər heç Avropa Liqasının qrupu uğur sayılmırdı. Kimi gətirsək, xeyri yoxdur. İndi də keçmişik xarici futbolçuları milliləşdirməyə.

- Milliləşdirmədən söz düşmüşkən, Slovakiya ilə son oyun ərəfəsində müxtəlif problemlər yaşandı. Dmitri Nazarov klubuna görə meydana çıxmaq istəmədi. Ondan əvvəl Eddi İsrafiovun pulunu ala bilmədiyi üçün gəlmədiyi iddia edilirdi. Belə oyunçular bizə lazımdırmı?
- Yadınıza gəlirsə, o vaxt Marko Aurelionu milliləşdirib, adını Mehmet qoymuş və Türkiyə yığmasına çağırmışdılar. Bütün Türkiyə ayağa qalxmışdı. Dedilər ki, adı Mehmet qoymaqla deyil, gərək Mehmet doğulasan. İndi Türkiyə millisi öz oyunçuları ilə Avropa çempionatının final mərhələsindədir və favoritlərdən də sayılır. Elə buna görədir ki, uşaqlar itir. Problem bu günlə bağlı deyil. SSRİ vaxtından - 80-ci illərdən bəri ölkə xaricindən nə qədər oyunçular gəlib, yerli uşaqlar məhv olub.

- Bir çoxları kimi, siz də futbolumuzun səviyyəsinin bu qədər aşağı olduğunu deyirsiniz. Əgər belədirsə, uğursuzluğun əsl səbəbkarı Nikola Yurçeviçdir, yoxsa AFFA ilə klublar?
- Bu yolla özlərini sığortalayırlar. 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı keçib getdi, heç kim bunun hesabatını vermədi. Çıxın ortaya, deyin görək 10 ildə nə etdiniz. Nədən qorxursunuz, hesabatınızı verin də. Görürsünüz ki, futbolumuz doğru yolda deyil, bəlkə nəyisə dəyişək.

"Demişəm ki, çıxın otaqdan, buna görə məndən küsüblər"
- İndi milliyə yeni baş məşqçi məsələsi müzakirə olunur. Əsas namizəd Robert Prosineçki hesab edilsə də, xorvatiyalı “Kayserispor”la anlaşdı. Azərbaycanlı məşqçilər, həqiqətən də, milli səviyyəsində deyillər?
- Niyə deyillər ki? Məsələn, Samir Abasov. Halal olsun ona, öz xidmətini təklif elədi. Özünə inanır, namizədliyini ortaya qoyur, əhsən olsun. Ağasəlim Mircavadov neçə ildir işləmir. Bosniya və Herseqovina yığmasında Prosineçkinin yerinə 71 yaşlı baş məşqçi təyin elədilər. Futbolda məşqçinin yaşı olmur. Ağasəlim müəllimin özünə də deyirəm ki, sənə elə ətrafın işləməyə imkan vermir. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev kimi mütəxəssislər işləməlidirlər. Onlardan fərqli olaraq, Samir Abasov öz sinəsini irəli verir, deyir "mən hazır". Məşqçilər Komitəsində olanların özlərinə deyirəm ki, birinizin namizədliyinizi irəli sürün.

- Bəlkə isti kreslo və daimi maaşı itirmək istəmirlər...
- (gülür) O kreslo həmişə yoxdur axı. Bilmirəm, bəlkə də, siz deyən kimidir. Amma iş xatirinə kreslonu atmalısan. Bir sözləri var: tövsiyə. O tövsiyəni yığışdırın, bir istiqamət verin. Nə qədər tövsiyə verərlər? Onlarda olan geniş imkan heç kimdə yoxdur. Demişəm ki, çıxın otaqdan, futbolu otaqda oynamırlar. Buna görə məndən küsüblər. Başa düşmürlər ki, yaxşılıqları üçün deyirəm. Onlar bizim ağsaqqallarımızdır, hörmətimiz var. Yaxşı, problemləri onlar deməsin, mən deməyim, futbolçular deməsin... Kimsə deməlidir də. Əcnəbi məşqçilərin içində Prosineçkiyə mənim də hörmətim var. Burada gördüyü iş göz qabağında idi. Amma Azərbaycandan gedəndə verdiyi müsahibədə futbolumuz barədə dediyini xatırlayırsınız?

- Bəli, demişdi ki, Azərbaycanda bundan artığını edə bilmərəm...
- Həmin vaxt 10 xal yığmışdıq. Amma final mərhələsinə çıxmaq üçün heç 15 xal kifayət etmir. İndi gəlsəydi belə, sual vermək lazımdır ki, bundan artığını edə biləcəksən? Vallah, əcnəbilərə tökülən pulu ayıraq elə uşaq futbolçuna. Pulun yaxşı olan vaxtında nələrə nail olduq? Daha 10 ili orada itirdik. Dövlət futbola maliyyə ayırmasa, heç kim cibinin pulunu xərcləməz. Bircə Mübariz Mənsimovdan başqa. "O olmasın, bu olsun" kinosunda deyir e: gətirəndə baxmadınız ki, bu kişidir, ya arvad? Mübariz Mənsimov da futbolda heç bir perspektiv görmədi, haqlı olaraq əlini çəkdi. Bu yaxınlarda Lənkəranda idim, stadionu görəndə oranı ürək ağrısı ilə tərk etdim.

"Bu gün-sabah ölüb gedəcəyik, hələ də bundan danışırıq"
- Son illər ən yaxşı klubumuz olan "Qarabağ" Avropa Liqasında qrupdan çıxmaq üçün daha necə komandalarla düşməli idi?
- Deməzdim ki, zəif qrup idi. Amma ikinci yeri tutmaq olardı. "Qarabağ" APOEL-lə heç-heçə edərək bu imkanı əldən verdi. Hər şey öz əllərində idi. Futbolda da belə hallar olur.

- 8 komandalı çempionatımızın səviyyəsinə hansı qiyməti verərsiniz?
- Bir tərəfdən də "Qarabağ"ı qınayırıq ki, qrupdan niyə çıxa bilmədin? Nə etsinlər ki, bir komanda ilə ildə 6 dəfə qarşılaşırlar. Rəqabətsiz çempionatda oynayan komanda əlinə düşən şansı qaçıracaq da. Eyni komanda ilə çempionatda 4, kubokda iki dəfə oyna. Belədə maraq da olmaz. Çempionatımızın səviyyəsi çox aşağıdır. Əvvəl deyirdilər ki, oyun sayı azdır, sonra başladılar tez-tez oynamaqdan şikayət etməyə. Başa düşmürəm, bunlar nə istəyirlər. Bütün Avropada üç gündən bir oynayırlar. Biz o səviyyəyə çatmalıyıq ki, qrupdan çıxa bilək. Gah qışqırırsınız ki, oyun sayı azdır, 3 gündən bir meydana çıxanda da şikayətlənirsiniz ki, ayaqlar dözmür.

- 2020-ci ilə çatmışıq, futbolçular hələ də tez-tez oynamağın çətinliyindən şikayətlənirlər. Bu durum nə vaxta qədər davam edəcək?
- Bunun sonu görünmür. Bu gün-sabah ölüb gedəcəyik, hələ də futbolçuların fiziki durumunun yaxşı olmadığından danışırıq.

- Komanda sayının az olmasından söz açılmışkən, PFL prezidenti Ramin Musayev gələn mövsüm böyük ehtimalla "Turan-Tovuz"la "Kəpəz"in Premyer Liqaya qayıdacağını və çempionatın 10 komandadan ibarət olacağı açıqlayıb. Mövsümün ortasında bunu demək nə dərəcədə peşəkar addımdır?
- Ramin Musayevdən belə səhv gözləmirdim. Sevindirici xəbərdir, amma bunu açıqlamağın zamanı indi deyil. Sonra deyirlər ki, I divizionda oyun alqı-satqısı var. Hazırda çempionatın lideri olan "Zaqatala" artıq əllərini yanına saldı. Eyni zamanda, Premyer Liqadakı komandalar da bilirlər ki, sonuncu yeri də tutsalar, çempionatda qalacaqlar. İşimizə peşəkar yanaşmırıq.

"Nə qədər ki, qorxaqlıq, yaltaqlıq olacaq, futbolumuz belə də davam edəcək"
- Nazim Süleymanovun yaratdığı Azad Həmkarlar İttifaqının üzvüsünüz. Bir növ AFFA-ya müxalif sayılırsınız. Qurum kimi məqsədiniz, tələbləriniz nələrdir?
- Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə vermək, regionlarda futbolun dirçəlməsinə çalışmaq, yerləri gəzib, gəlib xəbər verməkdir. İnanmıram ki, AFFA bizimlə işbirliyinə razılıq verməsin. Axı hər yerdə belə bir təşkilat var. Yeni yarananda AFFA-nın baş katibi Elxan Məmmədovla görüşləri də olub. Bizim kiməsə müxalif olmaq fikrimiz yoxdur. Adımızı müxalifət qoyublar. Heç bir siyasi partiyanın üzvü deyilik.

- Ancaq hər iki tərəf bir-birinin əleyhinə fikirlər səsləndirir...
- Mənə də maraqlıdır ki, niyə bizə qarşıdırlar? Tək-tək müsahibə verib, əleyhimizə danışırlar. Halbuki yeni yaranma söhbəti olanda dəstəkləyirdilər. Anidən niyə belə fikirlərini dəyişdirdilər, bilmirəm.

- İki il əvvəl U-21 millisini çalışdırmısınız. Əgər AFFA-nın işini bəyənmirdinizsə, həmin vaxt niyə onlarla işləməyə razılıq vermişdiniz?
- Mən işləyəndə də, işləməyəndə də sözümü demişəm. Bizim məqsədimiz AFFA-da kimisə işdən çıxartdırmaq deyil. Bizim istəyimiz AFFA-nın istiqaməti dəyişməsidir. U-21-də işləyəndə bütün problemləri açdım, dedim ki, gəlin bunları həll edək. Amma həmin problemlər indinin özündə də qalır. Cəmi bir ay işlədim, hər şeyi də açdım.

- Bəlkə elə bu xasiyyətinizə görə, bir ay işlədiniz?
- Mən iki oyunluq gəlmişdim. Kiməsə yaltaqlıq eləsəydim, bəlkə də, qalıb işləyəcəkdim. Mən Azərbaycan futboluna təmiz gəlmişəm, təmiz də gedəcəyəm. Hörmət elədiyim Kazbek Tuayev deyib ki, keçmişi ləkəli olanlar o qurumdadırlar. Onun bu sözləri mənə çox pis təsir etdi. Konkret ad çəksin ki, filan işdə əli var. Həmin adamı səhəri gün mən təşkilatımızdan qovduraram. Kiminsə cinayət törədib-törətmədiyini araşdıran qurum deyilik. İnsan bir dəfə satqınlıq edirsə, deməli, ikinci dəfə də edəcək. Hansısa terror təşkilatıyıq ki, bütün qapılar üzümüzə bağlanır? Məqsədimiz bacardığımız qədər kömək etməkdir, kiməsə mane olmaq yox. Azad Həmkarlar İttifaqından neçə nəfər qaçdı. Təzyiqə dözə bilmədilər, qorxdular. Nə qədər ki, qorxaqlıq, yaltaqlıq olacaq, futbolumuz belə də davam edəcək. Vallah, gələcək nəsil sabah bizim gorumuza söyəcək. Deyəcəklər ki, futbol üçün heç nə etməyiblər. Biz görmədik, heç olmasa uşaqlar görsünlər. Amma bunu fikirləşənlərin sayı heç 2-3 nəfər deyil. Niyə biri 5 yerdə çalışmalıdır, o birilər işsiz qalmalıdırlar? Hərəyə bir iş verilsə, biz də futbolumuz üçün özümüzü ora-bura vurarıq. Deyirlər ki, qəbul edəcəyik. Mənə qəbul eləmək lazım deyil, mənə iş lazımdır. Mənim işim də meydançadır.

Dİgər xəbərlər