Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün Bakıda və ölkəmizin müxtəlif rayonlarında daha 120-dək fərdi yaşayış evinin və yeni yaşayış binalarından alınmış mənzilin şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə təqdimatına başlanıb.
Nazirlikdən Lent.az-a bildirilib ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillərlə, fərdi yaşayış evləri ilə təminatı proqramı da ildən-ilə genişlənir. Bu kateqoriyalardan olan vətəndaşlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə bu göstərici daha 50 faiz yüksəlib. Hazırda verilməyə başlayan 120-dək fərdi ev və mənzil də daxil olmaqla, 2019-cu ildə şəhid ailələrinə və müharibə əlillərinə verilən fərdi ev və mənzillərin sayı 934-ə çatır. Ümumilikdə, indiyədək nazirlik şəhid ailələrinə və müharibə əlillərinə 7600-ə yaxın mənzil və fərdi ev təqdim edib.