1229
13:48
01 Yanvar 2020

Məhkəməyə gəlmədən telefonunzla işlərinizi həll edəcəksiniz - Bu yeniliklə...

“Dünyada çox az ölkədə bu proqram tətbiq olunur”.

Bu sözləri Məhkəmə-Hüquq Şurasının mətbuat katibi Seyfəlpaşa Əliyev deyib.

Ötən ilin dekabr ayında Azərbaycan məhkəmə sistemində bir sıra yeniliklərin şahidi olduq. Əvvəlcə məhkəmələrdə media mənsubu olan hakimlər xidmətə başladı. 24 dekabrda isə mobil məhkəmə proqram təminatı işə düşdü. Bundan əvvəl də elektron məhkəmə sistemi fəaliyyət göstərirdi. Maraqlıdır, elektron məhkəmə sistemi olduğu halda mobil məhkəmə proqramının fəaliyyəti nədən ibarət olacaq?

Mövzu ilə bağlı Seyfəlpaşa Əliyev Lent.az -a danışıb. Mətbuat katibi əvvəlcə elektron məhkəmə sisteminin fəaliyyətindən söz açıb:

“Cənab Prezidentin 13 fevral 2014-cü il tarixli sərəncamı ilə ədalət mühakiməsi zamanı şəffaflığın, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi və müasir informasiya texnologiyalarının tətbiqi məqsədilə elektron məhkəmə sistemi yaradılıb. Azərbaycan məhkəmələrinin fəaliyyətində müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqini təmin edən bu mütərəqqi sistem əlçatanlıq baxımdan bir çox üstünlüklərə malikdir. Proqram vasitəsilə artıq məhkəməyə gəlmədən elektron qaydada müraciət etmək, proses barədə məlumatları dərhal elektron daşıyıcıda almaq, məhkəmə proseslərini audio-video vasitəsilə qeydə almaq, proses iştirakçıları üçün məhkəmənin gedişi, qərarlar, onların icrası və digər məlumatları əks etdirən elektron şəxsi kabinet yaratmaq mümkün olacaq”.

Mobil məhkəmə proqramının fəaliyyətindən danışan Seyfəlpaşa Əliyev, bu proqramın dünyada çox az ölkədə tətbiq edildiyini bildirib:

“Dövlət başçısının sərəncamına uyğun olaraq elektron məhkəmə sisteminin bütün bölgələrimizdə yayılması və onun fəaliyyətlərinin artırılması üçün mütəmadi tədbirlər görülür. Həmin tədbirlərdən biri də mobil məhkəmə proqram təminatının yaradılmasıdır. Bu təminat vasitəsilə artıq insanlar elektron məhkəmə sistemindən öz telefonlarında istifadə edə biləcəklər. Bu da məhkəmələrin əlçatanlığını artırır və kompüter olmadan elektron məhkəmə sistemindən yararlanmaq üçün imkan yaradır. Qeyd etmək lazımdır ki, bu yenilik dünyada çox az ölkədə tətbiq olunur və sevindirici haldır ki, Azərbaycan bu baxımdan dünyanın öncül ölkələrindən biridir. Mobil məhkəmə proqram təminatı ölkəmizdə rəqəmsal transformasiyanın uğurlu nümunəsidir. 24 dekabrdan fəaliyyətə başlayan proqramı vətəndaşlar öz telefonlarına yükləyib faydalana bilərlər. İnanırıq ki, proqram təminatı insanlar üçün faydalı olacaq və gələcəkdə digər yeniliklər də tətbiq ediləcək”.