Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin böyük elmi işçisi Etibar Bədəlovun açıqlamasına görə, 1991-2017-ci illər ərzində körpə ölümü hər 1 000 nəfər diri doğulan uşağa görə 13,5-dən 18,7-yə kimi yüksəlib.
Respublika Perinatal Mərkəzin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova Lent.az-a bildirib ki, körpə ölümlərinin artması ilə bağlı fikirlər həqiqətə uyğun deyil:
“Akademiyada və ya haradasa işləyən şəxs rəqəmlər barədə məlumat verməzdən əvvəl Dövlət Statistika Komitəsi, eləcə də aidiyyəti üzrə müvafiq orqanlarla rəqəmləri dəqiqləşdirməlidir. Əksər hallarda tibb elmləri namizədi, doktoru adı almaq üçün elmi tədqiqat aparan işçilər bir neçə müəssisədən alınan nəticələri respublikaya aid edirlər. Bu isə doğru yanaşma deyil”.
Baş mama-ginekoloq qeyd edib ki, artıq bir neçə ildir ölkədə yeni diri doğma meyarı dəyişib:
“2015-ci ilə qədər diri doğulma meyarımız 28 həftəlik müddətdə 1 kiloqram olan uşaqlar idi. Ona görə də bütün əmsallar, ölüm halları fərqli hesablanırdı. 2015-ci il yanvarın 1-dən isə dövlət başçısının sərəncamı ilə bütün beynəlxalq normativ hüquqlara, təlimatlara qoşularaq hamiləliyin 22 həftəsində 500 qram çəkisi və ondan artıq çəkidə olan uşaqları diri doğulan kimi qəbul etdik.
Bununla bağlı deyim ki, 500 qramdan 1 kiloqrama qədər çəkidə doğulan uşaqların yaşama halları az olur və təxminən onların 60-70 faizi həyatını itirir. Amma biz onları diri doğulan uşaq kimi hesab etdiyimiz üçün onların da körpə ölümlərinə təsiri olur.
Onu da əlavə edim ki, həmin uşaqlar doğulanların bir qismini – 10 faizini təşkil edir”.
S.Məmmədova körpə ölümlərinin ilbəil azaldığından da söz açıb:
“Bir neçə ildir xüsusi dərmanlardan, avadanlıqlardan istifadə etməklə, eləcə də mütəxəssislərin xaricdə təhsil alaraq geri qayıdaraq işləməsi nəticəsində və digər səbəblərdən körpə ölümlərini 70 faizdən 50 yə, 50-dən 40 -a qədər ilbəil azaltmağa nail olmuşuq”.
Dövlət Statistika Komitəsindən rəsmi məlumatlarına görə, 2014-cü ildə 1 655 (976 oğlan, 679 qız), 2015-ci ildə 2 033 (1 220 oğlan, 813 qız), 2016-cı ildə 1 666 (999 oğlan, 667 qız), 2017-ci ildə 1 700 (993 oğlan, 707 qız), 2018-ci ildə isə 1 547 (892 oğlan, 655 qız) 1 yaşa qədər körpə ölümü qeydə alınıb.
Hər 1 000 nəfər diri doğulana 2014-cü ildə 10.2 (10.9 oğlan, 9.5 qız), 2015-ci ildə 11.0 (12.2 oğlan, 9.5 qız), 2016-cı ildə 11.4 (12.8 oğlan, 9.7 oğlan), 2017-ci ildə 11.1 (12.3 oğlan, 9.7 qız), 2018-ci ildə isə 11.1 (12.0 oğlan, 10.1 qız) səviyyəsində qeydə alınıb.
Xatırladaq ki, bir neçə ay əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələrdə körpə ölümü əmsalı (hər 1000 diri doğulan arasında) 9-10 səviyyəsində olsa da, Azərbaycanda bu göstərici 19-dur.