413
14:02
13 Dekabr 2019

Komitə sədrindən işgəncələrə məruz qalan uşaqlarla bağlı açıqlama

"Analığı və atası tərəfindən işgəncəyə məruz qalan azyaşlılarla bağlı məsələ hərtərəfli araşdırılır".

APA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, Komitənin nümayəndələri, Baş Prokurorluq və İcra hakimiyyəti araşdırma aparır: "Bununla bağlı çox ciddi iş gedir. Bu hərəkətə yol verən şəxslər təbii ki, cəzalandırılacaqlar".

Qeyd edək ki, paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar - Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları xüsusatlarının istintaq yolu ilə araşdırılması məqsədi ilə Cinayət Məcəlləsinin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.3 (əzab vermə, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanıb.