"İldə 50 manat qarşılığında vətəndaş 25 min manat sığorta ödənişi alır" - ASA sədrilə MÜSAHİBƏ
09 dekabr 2019 14:17 (UTC +04:00)

"İldə 50 manat qarşılığında vətəndaş 25 min manat sığorta ödənişi alır" - ASA sədrilə MÜSAHİBƏ

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Azər Əliyevin "APA-Economics"ə müsahibəsi:

- Azərbaycan sığorta bazarında hazırda vəziyyət necədir? İlin yekunlaşmağına bir aydan da az qalıb. Cari il sığorta sektoru üçün hansı hadisələrlə yadda qaldı, hansı gözləntiləriniz doğruldu?

- Ümumilikdə, hər şey yaxşıdır, lakin bundan daha yaxşı ola bilərdi. İcbari əmlak sığortasının satışının son iki ayda müşahidə olunan artımı xoş təəccüb hissi yaradır. İctimai məlumat aktivliyi və cəmiyyətin məlumatlılığı bu sığorta növünün satışına müsbət təsir göstərir. Amma təəssüf ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) məhsulu üzrə nəzərə çarpan artıma nail ola bilmədik. Bu məhsul üzrə zərərlilik güclü şəkildə artmaqda davam edir.

Demək olar ki, bütün bu il ərzində AVSMMİS məhsulu üzrə komisyon muzdların əsassız şəkildə artmasına qarşı mübarizə aparılırdı. İlin sonuna yaxın, əksər sığorta şirkətlərini təyin olunmuş qanunlar çərçivəsində komissiyalar verməyə inandırmaq mümkün oldu. Lakin hələ də komissiya mükafatlarını normadan artıq verməyə davam edən şirkətlər var.

İcbari Sığorta Bürosunda (İSB) İnformasiya Texnologiyaları üzrə iki maraqlı layihə həyata keçirilib. Bunlardan biri, AVSMMİS məhsulu üzrə  sığorta hadisələrinin qeydiyyat uçotu ilə bağlı proqramın tətbiqi və hələ ki, yalnız AVSMMİS məhsulu üzrə baş verən sığorta hadisələri ilə bağlı Dövlət Yol Polisi (DYP) tərəfindən verilən “Forma 4” arayışının elektronlaşdırılması ilə əlaqədar olub.

İkinci layihə isə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”sı üzrə şəhadətnamələrin buraxılması prosesinin avtomatlaşdırılmasıdır. Həmçinin Sosial Müdafiə Nazirliyi ilə inteqrasiya əldə edilib ki, bunun sayəsində əmək müqaviləsi olan hər bir işçi sığorta müqaviləsinə əsasən mütləq şəkildə təminat alacaq. Bu, vətəndaşların maliyyə təhlükəsizliyinin təmin olunması sayəsində çox ciddi bir uğurdur. Düşünürəm ki, üzümüzə gələn il bazarda artıq illərlə mövcud olan və yaxud 2019-cu ilin sonunda tətbiq olunan, aqrar sığorta kimi məhsulların təkmilləşməsinə həsr ediləcək.

- İcbari sığorta növləri üzrə tariflərə yenidən baxılması bir müddət gündəmdə idi. Hazırda bununla bağlı hansısa təkliflər verilibmi? Sizcə, hazırda hansı sığorta növləri üzrə tariflərə yenidən baxılması zəruridir?

- Bəli, bu ilin mart ayından etibarən AVSMMİS məhsulu istiqamətində ciddi analitik işlər aparılmışdır. Bazar araşdırıldı, zərər nisbəti təhlil edildi. Təəssüf ki, vəziyyət çox kritikdir, bu sığorta növünün zərərliliyi artıq 100%-dən çoxdur. Unutmayaq ki, bu məhsul əhali arasında bir nömrəli sığorta məhsuludur. Tarif mütləq dəyişdirilməlidir, lakin bununla yanaşı sosial yönümünü nəzərə alaraq, çox diqqətli olmaq lazımdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) ləğvindən öncə bir neçə təklif mövcud idi. Ümid edirəm ki, yeni nəzarət orqanı  ilk növbədə bu məsələ ilə məşğul olacaqdır. Digər sığorta növləri üzrə tarif dəyişikliklərinə ehtiyac yoxdur, hər şey normal həddədir.

- Daşınmaz əmlakın icbari sığortasında nəzarətin gücləndirilməsi planlaşdırılır. Yeniliklər nədən ibarətdir və nəzarətin sərtləşdirilməsinin bazara təsiri hansı səviyyədə ola bilər?

- İlk növbədə qeyd etmək lazımdır ki, bu sığorta növü əhalinin sosial müdafiəsi üçün çox vacib bir vasitədir. Belə bir qanunun mövcudluğu vətəndaşlarımızın maliyyə təhlükəsizliyini təmin etmək, maddi ziyana səbəb olan hər hansı bir bədbəxt hadisələr baş verdikdə onları çətin maliyyə vəziyyətində buraxmamağın ən yaxşı yoludur. Çoxlarına elə gəlir ki, bu bir növ əlavə pul toplamaq üçün yaradılan öhdəlikdir. Ancaq əslində, ildə cəmi 50 manat qarşılığında vətəndaş 25 000 manat miqdarında sığorta ödənişi alır. Bölgələrdə isə sığorta haqqı daha azdır. Nəzarət mexanizmləri hazırda tətbiq mərhələsindədir. Düşünürəm ki, yaxın gələcəkdə onlar haqqında məlumatlı olacağıq.

- Aqrar sığorta ilə bağlı gözləntiləriniz necədir? Onun sığorta bazarına təsirini necə dəyərləndirirsiniz?

- Qeyri-rəsmi məlumatlara əsasən, birinci il bazar həcminin 10-15 mln. manat təşkil edəcəyi gözlənilir. Başlanğıc mərhələ üçün bu o qədər də çox deyil, lakin mexanizm tam işlədikdən sonra bu həcmin ən azı iki dəfə artacağını düşünürəm.

- Sığortalıların elektron mərkəzi məlumat sisteminin yaradılması ilə bağlı işlər hansı mərhələdədir?

- ASA, MBNP, İSB və sığorta şirkətlərinin nümayəndələri ilə bir neçə görüş təşkil edilib. Məsələyə ümumi baxış müəyyənləşdirildi, lakin hər hansı bir sənəd şəklində hələ ki, təqdim edilməyib.

- Sığorta agentlərinin fəaliyyətini necə dəyərləndirirsiniz? Onların fəaliyyətində və nəzarət mexanizmində hansı dəyişikliklərə ehtiyac var?

- Sığorta məsləhətçiləri ilə iş çox zəif aparılır. Çox güman ki, bunun günahı ilk növbədə sığortaçıların özlərindədir, çünki sığorta məsləhətçiləri ilə  birbaşa işləyən məhz onlar özləridir. Təəssüf ki, son illərdə sığorta məsləhətçiləri üçün yeganə motivator komissiya mükafatlarıdır və təbii ki, komissiya mükafatının həcmi nə qədər çox olsa, onlar üçün o qədər yaxşıdır. Sığorta məsləhətçilərinin satdıqları əsas məhsul isə AVSMMİS-dir. Düzdür, bununla bərabər müsbət tendensiya də mövcuddur. Belə ki, bəzi şirkətlər daşınmaz əmlakın icbari sığortasının satışı ilə məşğul olacaq sığorta məsləhətçilərinin inkişafına maliyyə yatırımları etməyə başlayıblar.

- Sığorta şirkətlərində zərərlilik hansı səviyyədədir? Zərərliyin azaldılması üçün hansı təkliflər edilir?

- Hər sığorta şirkətində vəziyyət fərqlidir. Elə şirkətlər vardır ki, maddi cəhətdən sabitdirlər və müntəzəm gəlir artımı nümayiş etdirirlər. Elə şirkətlər də vardır ki, çox ağır maliyyə vəziyyətindədirlər. Sığorta məhsulları arasında ən çox paya sahib olan məhsul AVSMMİS olan şirkətlər birmənalı şəkildə ya artıq zərərliliklə bağlı çətinlik çəkirlər, yaxud da gələcəkdə bu çətinliklə üzləşəcəklər.

- Sizcə, bazarda yeni şirkətlərə yaxud mövcud şirkətlərin konsolidasiyasına ehtiyac var?

- Bu gün bazar üçün yeni sığorta şirkətlərinin açılması zərurətini görmürəm. Hətta bəzi sığorta şirkətləri birləşsələr daha faydalı olar. Biz sığorta şirkətlərinin sayı yox, onların keyfiyyəti və maliyyə sabitliyi üzərində işləməliyik.

- ASA-nın bu ili hansı maliyyə göstəriciləri ilə başa vuracağı gözlənilir? Sığorta şirkətlərinin üzvlük haqlarında dinamika necədir?

- ASA-da maliyyə baxımından hər şey olduğu kimidir. Həmişə pul ödəyənlər ödənişləri edir, ödəniş etməyənlər təəssüf ki, ödəməməyə davam edirlər. Lakin, biz nikbin ümidlərlə yaşayaraq inanırıq ki, vaxt gələcək və hər sığorta şirkəti öz üzvlük haqlarını ödəyə biləcək. Çünki, təşkilatımız sığortanın təşviqi, sığorta sektorundakı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində verilən tapşırıqları layiqincə yerinə yetirir və üzümüzə gələn 2020-ci ildə il maraqlı təhsil proqramları planlaşdırır.

# 1299
avatar

Oxşar yazılar