"Qəzet satışı heç işıqpulunu ödəmir..." - Yayım problemi yenidən gündəmdə
10 dekabr 2019 13:06 (UTC +04:00)

"Qəzet satışı heç işıqpulunu ödəmir..." - Yayım problemi yenidən gündəmdə

Son illərdə Azərbaycanda çap mediasının üzləşdiyi çətinliklərdən ən böyüyü yayım və satış məsələsidir. Küçə satışının yığışdırılması, qəzet köşklərinin sayının azaldılması, mövcud köşklərdə isə qəzetlərin satışının yaxşı təşkil olunmaması baş redaktorlar tərəfindən dəfələrlə vurğulanıb. Buna baxmayaraq, problemlər hələ də qalmaqdadır. Hazırda Bakıda qəzet satışının ən mütəşəkkil həyata keçirildiyi (?-red.) obyektlər "Kiosk Press" adlanan köşklərdir. Bu köşklərin adındakı "press" sözü, əminliklə demək olar ki, simvolik xarakter daşıyır və mənasını tamamilə itirib. Paytaxtda quraşdırıldığı ilk vaxtlarda qəzet-jurnal satışı məntəqələri kimi təqdim olunsa da, indi həmin köşklər min cür xırdavat, tütün məmulatları və başqa gündəlik tələbat mallarının satıldığı yerə çevrilib. 

Başqa tərəfdən, dövlət hər il büdcədən və Prezidentin Ehtiyat Fondundan KİV-in inkişafına xeyli pul ayırır. Həmin vəsait çap mediası arasında bölüşdürülür və bu yolla qəzetlərin böhran şəraitində mövcudluğunun qorumasına çalışılır. Dövlətin dəstəyi nəşr və əməkhaqqı problemini həll etsə belə, qəzetlər yayım və satış problemini həll etməyənə qədər normal inkişaf yoluna çıxmaq çətin olacaq. Bəs bu vəziyyətdə - yayım və satış obyektlərinin olmadığı, əldə yayımın qadağan edildiyi bir şəraitdə qəzetlərin satışını yaxşılaşdırmaq üçün hansı addımlar atıla bilər və konkret olaraq "Kiosk-press"lərdə satışı necə optimallaşdırmaq mümkündür? 

Mövzu ilə bağlı Lent.az-ın suallarını 2014-cü ildən nəşrlərin satış məntəqəsinə çatdırılması işini görən “Əks-səda” şirkətinin rəhbəri Vüqar Həsənov cavablandırıb. O, bildirib ki, səhər saat 7-dən gec olmayaraq, bütün köşklərdə dövrü mətbuatın çap günü üçün nəzərdə tutulan nəşrinin köşkdə olması təmin edilir:

“Bəzi köşklərdə xoşagəlməz hallar var və bunu qəbul edirəm.  Biz bu hallarla həm redaksiyalarla birgə, həm də fərdi qaydada özümüz üstümüzə düşəni yerinə yetirməklə məşğul oluruq. Şirkət qəzetlərin vahid düzülüş formasına uyğun şəkildə yer almasını, nümayiş olunmasını, oxucuya çatdırılmasını təmin etmək arzusunda, istəyindədir”.

V.Həsənov qeyd edib ki, hazırda paytaxtda 200-dən artıq “Kiosk Press” fəaliyyət göstərir:

“Sözügedən köşklər qəzetlərin satışı üzrə ixtisaslaşıblar və dövri mətbuatın yayımını həyata keçirirlər. Müəyyən məhsulların qəzetlərin önündə olmasının və ya qəzetlərin düzgün düzülüşdə olmamasının obyektiv və subyektiv səbəbləri var. Biz bunlara qarşı mübarizə, cəza tədbirləri həyata keçirik.

Bildirim ki, şirkət redaksiyalarla birgə monitorinqlər aparılmasının və sözügedən problemlərlə bağlı ictimai qınağın həyata keçirilməsinin tərəfdarıdır”.

Şirkət rəhbəri köşklərdə digər məhsulların satışına aydınlıq gətirərkən bildirib ki, hazırda çap mediasının vəziyyəti elədir ki, sözügedən obyektlərin təkcə qəzet satışı ilə məşğul olması rentabelli deyil:

“Çap mediasının satışı qəzet köşkünün təkcə elektrik enerjisinə olan tələbatını belə ödəyə bilmir. Şəhərimizin memarlığı ilə ansambl təşkil edən mətbuat yayımı köşkləri paytaxtın görünüşünə xüsusi rəng qatır. Onun üçün də axşam saatlarında köşklərdə işıq olması şərtdir. Orada yanan, istifadə olunan enerjini isə qəzet satışı ilə ödəmək mümkün deyil. Dünyanın hər yerində qəzet köşkləri kimi tanınan yerlərdə digər məhsullar da satılır. Burada qəbahət yoxdur. Mən bu məsələdə bütün təkliflərə açığam və qəzet yayımı və satışı ilə bağlı problemlərin aradan qaldırılması bizim üçün də çox önəmlidir”.

Obyektivlik naminə, şirkət rəhbərinin rentabelliliklə bağlı dedikləri ilə razılaşmamaq olmur. Köşkün saxlanılması, vergi və sair xərclər nəzərə alınsa, qəzetlərin satışından gələn vəsaitin buna bəs etməyəcəyi aydındır. Belə olan halda, vəziyyəti düzəltmək üçün hansı başqa addımlar atıla bilər? 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Lent.az-a bildirib ki, qəzet köşkləri ilə bağlı bir neçə dəfə qurumda müzakirə aparılıb:

“Mətbuat Şurası yayım məsələsinə kompleks baxır. Çünki yayım yalnız köşklərdən ibarət deyil. Yayımın bir hissəsi abunələrdən ibarətdir, Kütləvi İnformasiya Vasitələri (KİV) bununla bağlı özü də kampaniya apara bilir. Kampaniya elə aparılmalıdır ki, abunə sayı çox olsun və qəzetin yayımına da birbaşa təsir edə bilsin.

Bundan başqa, digər məsələ isə satışdır. Hazırda 500-ə yaxın köşk fəaliyyət göstərir. Çox təəssüf ki, metrolarda, eləcə də əldə qəzet yayımına son qoyuldu. Bununla bağlı təklif etdik ki, metro stansiyalarının girişlərindəki müəyyən yerlərdə satış bərpa edilsin. Bəzi yerlərdə buna nail olduq, lakin əksər yerlərdə bu, olmadı”.

Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasında çap məhsullarının yayımı ilə bağlı komissiya fəaliyyət göstərir:

“Dediyiniz köşklərin əksəriyyətində başqa məhsullar satmasının fərqindəyik. Onlar görüntü olaraq qəzetləri yalnız kənara qoyurlar. Bununla bağlı monitorinqlərin keçirilməsindən sonra məlum olur ki, köşklərdə qəzetlərin satılmasına maraq yoxdur.

Eyni zamanda, orada çalışan şəxslərin də qəzetlər barədə anlayışları olmur. Bəzən satış üçün gətirilən qəzet bağlamaları heç açılmır. Bu barədə müvafiq qurumlara dəfələrlə müraciət etmişik, nəticələr isə göz qabağındadır.

Ümumilikdə, bütün bunlar qəzet yayımına çox ciddi ziyan vurdu və qəzetlərin özünün maliyyələşməsində problemlər yaratdı. Əslində, bu sahədə problemlər əlifbanın dəyişilməsi ilə başladı. Çünki insanların çoxu kirildə oxumağa öyrəşmişdi. Sonra müəyyən problemlər ortaya çıxdı, qəzet oxuyan nəslin qəzetə marağı azaldı və xüsusən də reklam bazarında problemlər meydana gəldi”.

Beləliklə, köşk sahibləri hazır, Mətbuat Şurası hazır. Qalır bircə görüşüb bu problemlər barədə danışmaq və razılaşmaq...

# 1396
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar