Sağlam qidalanma xəstəliklərin qarşısını ala bilərmi? - RƏSMİ AÇIQLAMA
05 dekabr 2019 14:59 (UTC +04:00)

Sağlam qidalanma xəstəliklərin qarşısını ala bilərmi? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bildirib ki, Azərbaycanda əhali qidalanma rejiminə, vərdişlərinə, gigiyenasına yanlış əməl edir:

“İnsanlar bu məsələyə diqqət etsə, Azərbaycanda qida mənşəli xəstəliklərin sayı getdikcə azalar. Əhali düzgün qidalanmalıdır. Pəhriz reyimi yanlış gözlənilir, xüsusilə xanımlar arasında yanlış pəhriz saxlanılır. Bu, insanların sağlamlıq göstəricilərinə təsir edir. Sağlam qidalanmada problemlər var. Bu isə sonda Azərbaycanda insanların sağlıq göstəricilərinə təsir edir".

Maraqlıdır, əhalinin təhlükəsiz qidalarla təmin edilməsi onların qida mənşəli xəstəliklərdən qorunması üçün kifayətdirmi?

Bu barədə Lent.az-a danışan AQTA sədrinin müşaviri Elxan Mikayılov bildirib ki, bu, qida mənşəli xəstəliklərdən qorunma üçün kifayət deyil:

“Agentliyin fəaliyyət göstərdiyi dövrdə müşahidələr göstərir ki, istehlakçılarda baş verən qida mənşəli xəstəliklərin, zəhərlənmələrin və ölüm hallarının əhəmiyyətli hissəsinin başvermə səbəbi istehlakçıların təhlükəli qidalarla deyil, əksər hallarda təhlükəsiz qida məhsulları ilə qeyri-sağlam qidalanması ilə bağlıdır. Odur ki, əhalinin sağlamlığının təmin edilməsi, insan genefondunun qorunması, uşaqların və yeniyetmələrin düzgün inkişafı və boy artımı onların təhlükəsiz qidalarla rasional fizioloji normalar çərçivəsində düzgün qidalandığı və qida məhsullarının istehlakı zamanı gigiyena qaydalarına riayət etdiyi (sağlam qidalandığı) təqdirdə mümkün olur. Qida məhsullarının təhlükəsizliyinin təmin olunması məhsulları təklif edən sahibkarlardan asılı olduğu halda, həmin məhsullarla sağlam qidalanmaqla qida mənşəli xəstəliklərdən qorunmaq istehlakçılardan asılı olan məsələlərdir. Beləliklə, istehlakçıların sağlamlığının təmin edilməsi üçün onların təhlükəsiz qidalarla sağlam qidalanması zəruridir”.

E.Mikayılov qeyd edib ki, sağlam qidalanma məsələləri bu gün qlobal səviyyədə geniş müzakirə mövzusudur:

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, dünyada ildə 1,7 milyon insan qeyri-sağlam qidalanma nəticəsində ölür. Qida təhlükəsizliyinin ən yaxşı təmin olunduğu və bu faktlar üzrə dünyada ən aşağı göstəricilərə malik Avropa regionunda isə ildə 23 milyon insan qida mənşəli xəstəliklərə məruz qalır. Beləliklə, 5 min insan həyatını itirir ki, bunun əsas səbəbi insanların qeyri-sağlam qidalanmasıdır.

Ölkəmizin müvafiq beynəlxalq reytinqlərdə qida təhlükəsizliyi üzrə mövqeyi yaxşı olsa da, əhalinin qeyri-sağlam qidalanma vərdişləri nəticəsində qida mənşəli xəstəliklərin və ölüm hallarının sayının yüksək olması ölkənin ümumi mövqeyinə mənfi təsir edir. Özəl reytinq təşkilatı olan “The Economist” jurnalının 113 ölkə arasında apardığı qiymətləndirmə əsasında nəşr etdiyi Ərzaq Təhlükəsizliyi İndeksi üzrə 2018-ci ildə ölkəmiz 56-cı yerdə qərarlaşdığı halda, alt-indeks olan “Qida təhlükəsizliyi və keyfiyyəti” üzrə 86-cı yerdə qərarlaşıb. Qeyd edilən alt-indeksdə 5 qrup indikatorlar mövcuddur ki, onlardan yalnız biri qida təhlükəsizliyi, digər 4-ü (dietanın diversifikasiyası, qidalanma normaları, mikronutriyentlərin mövcudluğu və proteinin keyfiyyəti) əhalinin rasional qidalanması ilə bağlı məsələlərdir.

Onu da qeyd edim ki, ölkəmiz bu alt indeksin qida təhlükəsizliyi indikatoru üzrə mümkün 100 baldan 89 bal toplayaraq dünyada ön sıralarda yer tutur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1468

Oxşar yazılar