220
11:31
02 Dekabr 2019

Bakı və Bordo qardaşlığının 40 illiyi qeyd olunub - FOTOLENT

Bu il paytaxtımız Bakı ilə Fransanın Bordo şəhərləri arasında qardaşlıq əlaqələrinin yaranmasının 40 ili tamam olur.

Bu barədə Lent.az -a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məhz 1979-cu ildə Bordoda şəhərlərin qardaşlaşması barədə sənəd imzalanıb.

Əlamətdar tarixlə əlaqədar Fransa Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə Ağ şəhərdə yerləşən Nobel qardaşlarının ev muzeyində Bakı və Bordo şəhərlərinin qardaşlaşmasının 40 illiyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə dövlət rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadımləri, tanınmış idmançılar, iş adamları iştirak ediblər.

Qonaqları salamlayan Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosa Fransa-Azərbaycan əlaqələri, Bordo şəhəri, onun tarixi, bu günü barədə məlumat verib, Azərbaycanla Fransa arasındakı münasibətlərin, həmçinin Bakı ilə Bordo arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. O, Bakı və Bordonun çox fəal və cəlbedici şəhərlər olduğunu qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Fransa və Azərbaycanı bağlayan amillər çoxdur:

"Hələ 1708-ci ildə Səfəvilər ilə Fransa arasında diplomatik və ticarət müqavilələri bağlanıb. Qacarlar dövlətinin zamanında da sıx əməkdaşlıq var idi. Bu gün Fransa-Azərbaycan əlaqələri inkişaf edir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Fransaya rəsmi səfəri iki dövlət arasında əlaqələrin inkişafına təkan verdi. Cənab İlham Əliyev dəfələrlə Fransaya, Fransanın dövlət başçıları Azərbaycana səfərlər etmişlər. Heydər Əliyev Fondu Fransa Azərbaycan münasibətlərinin inkişafında önəmli işlər görüb. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Fransa Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda (İNALCO) Azərbaycan dili fakültəsi açılıb. Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə Bakıda Azərbaycan-Fransa Universiteti yaradılıb.

Heydər Əliyev fondu 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı abidələrin, 2008-ci ildə isə Luvr Muzeyinin bərpası işlərində iştirak edib. Xalq diplomatiyası səviyyəsində də əlaqələr inkişaf edir. Bir çox azərbaycanlı turistlər Fransaya, fransız turistlər Azərbaycana səfər edir. 40 il keçməsinə baxmayaraq Bordo şəhəri ilə yaranmış əməkdaşlıq bu gün də sıx davam edir onları bir çox sahələr bağlayır. Hər iki şəhər liman şəhəridir və formalaşmış iqtisadi və sənaye mərkəzləridir. Hər iki şəhərin zəngin tarixi var. Bakı və Bordo arasında əlaqələri daha da genişləndirməsi və inkişaf etdirməsi istiqamətində işlər davam etdiriləcək".

Sonra Bordo şəhərinin meri Nikolas Florenin təbrik məktubu oxunub.

Sonda Bordo şərablarının təqdimatı keçirilib.