284
12:40
28 Noyabr 2019

Azərbaycanda Günəşin fəallığı azalıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) kosmik hava durumunu açıqlayıb.

İnstitutdan Lent.az -a verilən məlumata görə, proqnoz dövründə Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn digər CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmayıb.

Hesabat dövründə Günəş küləyi parametrlərinin ədədi qiymətləri normal şəraitin hökm sürdüyünü deməyə əsas verir. Ümumi maqnit sahəsi 2-6 nT intervalında dəyişib, Bz komponenti üçün isə -4 nT qədər cənuba doğru kənaraçıxma müşahidə olunub. Günəş küləyinin sürəti 400 km/san-dək olub. Phi bucağı əsasən müsbət sektorda, qısa fasilələrlə isə mənfi sektorda qərarlaşıb.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).

Kosmik hava proqnozu – Proqnoz dövründə (28 - 30 noyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə nisbətən yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə Günəş küləyi parametrlərinin normal rejimə uyğun qalacağı proqnozlaşdırılır.

Geomaqnit sahədə ümumən sakitlik (Kp=1, 2) davam edəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1 faizdən aşağı qiymətləndirilir.