952
13:56
27 Noyabr 2019

Azərbaycanda qrip virusu yayılıb? - RƏSMİ AÇIQLAMA

Payız, qış mövsümü özü ilə birlikdə bir çox xəstəlikləri də gətirir. Bu xəstəliklər arasında ən çox yayılan isə qrip infeksiyasıdır. Hazırda ölkədə qrip virusu geniş yayılıb. Uşaqlar arasında daha çox yayılan virus güclü öskürək və yüksək temperaturla müşahidə olunur.

Görəsən, bu viruslardan necə qorunmaq olar?

Baş pediatr Nəsib Quliyev Lent.az -a bildirib ki, indiki virus infeksiyası mövsümə uyğun olan xəstəlikdir:

“Payız mövsümündə qrip infeksiyasına tez-tez rast gəlinir. Bütövlükdə viruslar çoxdur. Məsələn, adino, rota, paraqrip və digərqrip virusları var. Lakin hazırda qrip viruslarının törətdiyi və geniş yayılan xəstəlik qeydə alınmayıb".

Həkimin sözlərinə görə, payız və qış mövsümündə havanın soyuması xəstəliklərin yayılmasına gətirib çıxarır:

“İmmun sistemi zəif olan uşaqlarda havanın dəyişməsi xəstəliklərə gətirib çıxarır. Buna görə də valideynlərə tövsiyə olunur ki, uşaqları yay aylarından artıq payız-qış mövsümünə hazırlasınlar. Bunun üçün yay aylarında onların qidalarına diqqət edilməli, immun sistemini gücləndirən qidalar verilməlidir.

Bundan başqa, uşaqlar məktəbdə, bağçada kollektiv arasında çox olurlar və bununla əlaqədar onlarda az-az mövsümi xəstəliklərə rast gəlinə bilir. Payız-qış mövsümündə uşaqların qidalarına nəzarət edilməli, mövsümə uyğun geyindirilməli və xəstə uşaqlara təmasdan qorunmalıdır”.

Onun sözlərinə görə, bağçalara və məktəblərə nəzarət edilir:

“Bildiyiniz kimi, səhiyyə nazirinin əmri var. Əmrə müvafiq olaraq məktəb həkimləri, tibb bacıları təhsil ocaqlarına nəzarət edirlər. Ancaq bu təkcə tibb işçilərindən asılı olmamalıdır. Valideynlər özləri də diqqət etməlidirlər ki, virusa yoluxmuş uşaq evdə qalsın, digər uşaqlara infeksiya yayılmasın. Eyni zamanda, xəstə uşağın soyuq havada olması xəstəliyi daha da kəskinləşdirə bilər. Yaranan narahatlıq zamanı həkimə müraciət etməklə xəstəliyin qarşısını vaxtında almaq lazımdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildirilib ki, hər il olduğu kimi, bu il də payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik tədbirlərin, həmçinin epidemioloji monitorinqin gücləndirilməsi istiqamətində işlər aparılır:

“Hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir. Mövsüm dəyişikliyi ilə əlaqədar tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilsə də, artım yoxdur”.

Nazirlikdən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin respirator virus infeksiyaları respublika üzrə - 3.6 faiz azalıb.