5357
10:25
24 Noyabr 2019

Bakı metrosunda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB

Bu gün saat 05:41 dəqiqədə "Həzi Aslanov-Dərnəgül" xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti "Qara Qarayev" stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

"Bakı Metropoliteni" QSC-dən APA -ya verilən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal "Bakı Metropoliteni" QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" сащясиндя щяр ики istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və "Cəfər Cabbarlı-Xətai" mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

"Ulduz- Həzi Aslanov" sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

"Bakı Metropoliteni" QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

08:49

"Bakı metropolitenində təmas relsində yaranmış nasazlıq qatarlar hərəkətə başlamamışdan qeydə alınıb".

Bu barədə APA -ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə nasazlıq sərnişinlər metropolitenə daxil olmamışdan, saat 05:40-da baş verib: "Hazırda təxirəsalınmaz işlər görülməkdədir. Qısa müddətdə mövcud problem həllini tapacaq. Hadisə araşdırılır, əlavə məlumat veriləcək".

***

08:04

"Neftçilər-Qara Qarayev" mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı Metropolitenində “Qırmızı” və “Yaşıl” xətlər üzrə qatarların hərəkəti "Nəriman Nərimanov-İçərişəhər", "Nəriman Nərimanov-Dərnəgül" və əks istiqamətdə təşkil edilir.

Bu barədə APA -ya “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilib ki, hazırda "Ulduz-Həzi Aslanov" istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.