3221
13:04
23 Noyabr 2019

Bakıda istifadə müddəti bitən məhsulları satan market İFŞA EDİLDİ

Paytaxtda istifadə müddəti ötmüş məhsullar satan market ifşa olunub.

Bu barədə Lent.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AQTA əməkdaşları bir qrup sakinin müraciəti əsasında Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov 56 ünvanında fəaliyyət göstərən “Real” marketdə araşdırma aparılıb. Araşdırma zamanı vitrində olan qida məhsullarına baxış keçirilib. Marketdə istifadə müddəti ötmüş müxtəlif əmtəə nişanlı süd və süd məhsulları aşkar olunmuşdur. Yararlılıq müddəti ötmüş qida məhsulları qanunvericiliyin tələblərinə uyğun olaraq, satışdan çıxarılaraq məhv edilib.

Aşkarlanmış nöqsanlarla əlaqədar müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib və obyektin fəaliyyəti nəzarətə götürülüb. Sağlamlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı icrası məcburi göstərişlər verilib. Qanunvericiliyin və texniki normativ hüquqi aktların tələbləri izah olunub.

İstehlakçılara bir daha tövsiyyə olunur ki, qida məhsulları seçərkən məhsulun etiket məlumatlarına, mənşəyi ilə bağlı sənədlərə eyni zamanda saxlama şəraitinə diqqətli yetirsinlər. Hər hansı neqativ hallarla rastlaşdıqda Agentliyin 1003 - Çağrı Mərkəzinə məlumat versinlər.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.