4057
13:15
20 Noyabr 2019

Sabah qar yağacaq, güclü külək əsəcək - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 21-də arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək.

Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 21-22-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və rütubətli hava şəraiti fonunda temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əlverişsizdir.