763
15:07
19 Noyabr 2019

Növbəti əfv sərəncamı olacaq? - Komissiya üzvündən AÇIQLAMA

“İl ərzində həm Əfv Məsələləri Komissiyasına, həm də komissiyanın üzvlərinə müraciətlər daxil olur”.

Bu sözləri Lent.az -a Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Əfv Məsələləri Komissiyasının üzvü Mehdi Mehdiyev deyib. O bildirib ki, daxil olan müraciətlər toplanır, baxılır və araşdırılır:

“Əfv sərəncamının imzalanması Prezidentin səlahiyyətindədir. Prezidentin müvafiq göstərişindən sonra vaxt təyin olunur və komissiyanın iclasları başlayır. Bu səbəbdən də növbəti əfv sərəncamının nə vaxt veriləcəyi ilə bağlı dəqiq nəsə demək mümkün deyil.

Xatırladım ki, əfv sərəncamı bu il Novruz bayramı ərəfəsində verilib. Ehtimal edirəm ki, növbəti sərəncam gələn il - 2020-ci ildə imzalana bilər”.

Qeyd edək ki, bu il martın 16-da Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 431 nəfər əfv edilib. Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.