931
16:42
16 Noyabr 2019

İranda benzinin bahalaşmasına etiraz: ölən var

İranın cənubunda yerləşən Sircan şəhərində benzinin bahalaşmasına etiraz edənlərdən bir nəfər ölüb. Ölümün səbəbi hələ müəyyən edilməyib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü rayon rəhbərinin səlahiyyətlərini icra edən Sirjan Məhəmməd Məhəmməd Abadi bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçılarının bəziləri vəziyyətdən istifadə edərək dövlət əmlakını məhv edib, bir neçə yanacaqdoldurma məntəqəsinə ziyan vurub və yerli neft anbarına daxil olmağa çalışaraq oranı yandırmağa cəhd ediblər. Lakin təhlükəsizlik qüvvələri bunun qarşısını ala bilib: "Cümə günü saat 22:00-dan sonra vəziyyət tamamilə sabitləşib, şənbə günü heç bir insident baş verməyi"

Benzinin qiymətlərinin artmasına qarşı etiraz aksiyaları cümə günü İranın digər bir neçə şəhərində də keçirilib. Belə ki, Məşhəd, Şiraz, Birjənd, Əhvazda da etiraz aksiyaları qeydə alınıb.

Qeyd edək ki, ötən gün İranda benzinin qiymətinin iki dəfə artırmasına dair ölkə hökumətinin qərarı qüvvəyə minib. Qiymət 15 min rialdan (0,09 ABŞ dolları) 30 min riala (təxminən 0,2 dollar) qaldırılıb. Bundan başqa, adambaşına düşən kvota çərçivəsində benzinin güzəştli qiyməti 50% (15 min rialadək) artırılıb. Yeni qaydalara görə, avtomobil sahibi bu qiymətə ayda 60 litrə qədər, motosiklet sahibi isə 25 litrə qədər benzin ala bilər. Taksi sürücüləri üçün ayrıca kvota nəzərdə tutulur – 400 litr.