2095
13:27
14 Noyabr 2019

Məktəbdəki nöqsanlara görə 7 nəfərə töhmət verildi - RƏSMİ

Bu ilin oktyabr ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 28 müraciət daxil olub.

Nazirlikdən Lent.az -a verilən məlumata görə, Bakı, Sumqayıt və Gəncə şəhərləri, Abşeron, Saatlı, İsmayıllı, Astara, Ağdaş, Samux, Ağsu, Biləsuvar və Yevlax rayonlarından daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyətləri ilə bağlıdır.

Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhəri 19, 31, 85 və 261 nömrəli tam orta məktəblərində, Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyində və 33 nömrəli tam orta məktəbdə, Astara rayonu, Şahağacı kənd 2 nömrəli məktəbdə, Samux rayonu, Alabaşlı kənd tam orta məktəbində təsdiqini tapan hallar həmin məktəblərin pedaqoji şuralarının müzakirəsinə çıxarılıb.

Fəaliyyətində nöqsanlara yol verən məsul şəxslərdən birinə yazılı xəbərdarlıq, yeddi nəfərə isə töhmət verilib.