278
13:01
13 Noyabr 2019

Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilir

Məktəblər arasında basketbol, voleybol, atletika, şahmat və stolüstü tennis idman növləri üzrə respublika çempionatının rayondaxili mərhələsi davam edir.

Təhsil Nazirliyindən Lent.az -a daxil olan məlumata görə, ölkə üzrə 2515 ümumi təhsil müəssisəsinin qatıldığı rayondaxili mərhələdə 50 mindən çox məktəbli iştirak edir. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə isə 778 məktəb qoşulub.

Çempionatın rayondaxili mərhələsi noyabrın 21-də yekunlaşacaq. Nəticələrə uyğun olaraq hər idman növü üzrə I yeri tutan məktəb komandası zona mərhələsinə vəsiqə qazanmış olacaq.

Qeyd edək ki, respublika çempionatı Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə əmrinə əsasən təşkil olunur.

Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana marağının artırılması, məktəblərin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsidir.

Şahmat, voleybol və atletika idman növü üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyır. Stolüstü tennis və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsidir.