802
17:31
05 Noyabr 2019

Azərbaycanda İLK DƏFƏ bu cihazla əməliyyat aparıldı - FOTO

Azərbaycanda ən modern texnologiya əsasənda unikal tibbi əməliyyatların icra olunduğu Tədris Cərrahiyyə Klinikasında növbəti ilkə imza atılıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ölkəmizdə ilk dəfə olaraq 3D+ Laparoskopik ginekoloji əməliyyat icra edilib.

Bu barədə Lent.az -a ATU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, cərrahiyyə əməliyyatı Klinikanın II-ci Mama-Ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov və komandası tərəfindən uğurla icra olunub. 3D+ formatlı kameranın yaratdığı komfortlu görüntüyə görə əməliyyat gözlənilən müddətdən daha erkən və uğurla başa çatıb və ATU-nun Tədris Cərrahiyyə Klinikasının həkimləri növbəti dəfə innovativ təchizatdan istifadə edərək müasir əməliyyat icra ediblər.

Üçölçülü təsvirin əsas üstünlüyü ondadır ki, bu zaman həkim daxili orqanları olduğu kimi görüb daha düzgün qərar verə bilir. Orqanlar arasındakı məsafə, onların bir-birinə nisbətən yerləşməsi, dərinliyi – hər bir şey insan gözünün gördüyü kimi əks olunur. Çünki insan gözü istənilən obyekti iki rakursdan müşahidə edib birləşdirir və beynə ötürür. Beləliklə 3D təsvir yaranır. Yeni cihaz məhz bu cür üçformatlı aydın təsvir yaradır.

Kiçik dəlikdən içəri yeridilən 3D formatlı kameranın köməyilə qarın boşluğunun içi tam gözlə görünən formatda əks olunur. Bu da həkimə imkan verir ki, əməliyyatı daha dəqiq yerinə yetirsin. Sanki həkim açıq əməliyyat yerinə yetirir, amma burada insan gözünün və beyninin işini cihazlar yerinə yetirir.

3D+ Lapraskopik aparatı kameralar və optik linza sistemindən ibarətdir. Bu cihaz xəstənin daxilindəki təsvirləri 3D monitora ötürür. 3D eynəkləri isə monitordakı təsviri həcmli şəkildə görməyə imkan verir.