Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur
01 noyabr 2019 17:25 (UTC +04:00)

Bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur

Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamının icrasına uyğun olaraq, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən növbəti dəfə bədii və animasiya film ssenariləri müsabiqəsi elan olunur. 

Lent.az xəbər verir ki, müsabiqədə iştirak şərtləri aşağıdakılardır:

Ssenari yaradıcılığı ilə məşğul olan istənilən şəxs iştirak edə bilər;

İştirakla bağlı yaş məhdudiyyəti yoxdur;

Müsabiqədə iştirak etmək üçün azbüdcəli tammetrajlı bədii, həmçinin uşaq mövzusunda bədii, qısametrajlı bədii və animasiya filminin ssenarisi (elektron variantda CD diskdə və çap olunmuş variantda, şrift Courier New, ölçü 12), şəxsiyyəti təsdiq edən sənədin surəti və müəllif haqqında məlumatın (əlaqə telefonu və e-mail ünvanı) təqdim edilməsi tələb olunur;

Müsabiqəyə qatılmaq üçün film ssenarisi (və ya ssenariləri) və tələb olunan sənədlər 2019-cu il noyabr ayının 1-dən 25-dək (Azərbaycan Dövlət Film Fondunun baş mütəxəssisi və müsabiqənin münsiflər heyətinin məsul katibi Leyla Vəzirzadəyə (ünvan: AZ 1065, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 10) təqdim edilməlidir;

Hər bir müəllif müsabiqəyə vətənpərvərlik, milli-mənəvi və ümumbəşəri dəyərlər, yeniyetmə və gənclər, eləcə də müasir həyatın digər prioritet mövzularında ən çoxu iki film ssenarisi təqdim edə bilər;

Müsabiqənin kino mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyi əsasında ən yaxşı ssenarilər müəyyən edilir və Münsiflər heyətinin apardığı müzakirələr məxfi saxlanılır;

Qaliblərin adları 2019-cu il dekabr ayının 20-dək nazirliyin www.mct.gov.az saytında və “Mədəniyyət” qəzetində açıqlanır;

Qalib ssenarilərin müəllifləri ilə bağlanan müqaviləyə əsasən ssenarilərin istifadə hüquqları, o cümlədən çəkiləcək filmin yaradıcı heyətinin müəyyən edilməsi istehsalçı studiyaya məxsus olur;

Qalib ssenarilərə dövlət sifarişi ilə növbəti illərdə filmlər çəkilir;

Müsabiqədə iştirak yalnız qeyd olunan tələblər çərçivəsində mümkündür. Əks halda təqdim edilən işlərə baxılmır;

Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

# 1814
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar