1760
12:15
01 Noyabr 2019

Azərbaycanın bu ərazilərində istilik verilməsinə başlandı - RƏSMİ AÇIQLAMA

“Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları, istilik məntəqələri qış rejiminə keçid üçün hazırdır”.
Bu sözləri Lent.az -ın suallarını cavablayan sözügedən ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O bildirib ki, istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən, yəni bu gündən başlayıb:
“Bakı şəhərində və respublikanın digər ərazilərində isə istilik mövsümü noyabr ayının 15-dən veriləcək”.
R.Əliyev qeyd edib ki, soyuq hava ilə əlaqədar hər hansısa bir xəstəxana və ya digər obyektlər istiliyə daha tez keçidlə bağlı müraciət edə bilərlər:
“Belə ki, sözügedən obyektlərlə ASC arasında bağlanmış müqavilə ilə istilik müddəti 5 ay ərzində nəzərdə tutulub. Əgər istiliyə keçidin tez başlanması ilə bağlı bizə müraciət edilərsə, ödənişin zəmanət verildiyi halda bu məsələyə baxıla bilər”.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda qış mövsümü hər il noyabr ayının 15-də başlayır, aprelin 15-də bitir.
Əlavə edək ki, oktyabrın 31-i gündüzdən ölkə ərazisində hava şəraiti dəyişib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub, Xınalıq və Şahdağda qar yağıb.
Həmçinin Bakıda havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enib.