405
18:17
24 Oktyabr 2019

DTX yuxarı sinif şagirdlərinə sosial şəbəkələrlə bağlı seminar keçdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyası Bakı şəhərinin orta ümumtəhsil müəssisələrinin 10 və 11-ci sinif şagirdləri üçün “Sosial şəbəkələrin gənclərin həyatında rolu: müsbət və mənfi tərəfləri” mövzusunda interaktiv seminarlarını davam etdirir.
APA-nın xəbərinə görə, seminarlar DTX-nin təcrübəli əməkdaşları, Akademiyanın müəllimləri və bu sahə üzrə dəvət olunan peşəkar mütəxəssislər tərəfindən aparılır.
Seminarların məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənclərin vətənpərvərlik, dövlətçiliyə sədaqət, milli-mənəvi dəyərlərin və əxlaqi irsin qorunması ruhunda tərbiyəsi, onların tolerantlıq mədəniyyətinin inkişaf etdirilməsi və ictimai maarifləndirilməsi üzrə tapşırıqlarının həyata keçirilməsidir.
Növbəti seminar Təhsil Nazirliyinin və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Nəsimi rayonunun iyirmi altı orta ümumtəhsil məktəb və liseylərin şagirdləri üçün təşkil olunub.
Seminarda şagirdlərə sosial şəbəkələrin müsbət və mənfi tərəfləri, habelə gənclərin asudə və qiymətli vaxtlarının daha çox “virtual dünya”ya sərf etməsinin real həyatdan uzaqlaşmağa gətirib çıxarmasının psixoloji fəsadları və milli genofonda doğurduğu təhlükələr barədə interaktiv diskussiyalar aparılıb.
Akademiya rəisinin birinci müavini Elşad Nəsirov mövzu üzrə ətraflı məlumat verərək bildirib ki, müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı özünün faydası ilə yanaşı, yeni təhlükələr də gətirir. Bu təhlükələrdən biri də sosial şəbəkələrdir ki, yeniyetmələr və gənclər tərəfindən qaydalara uyğun və səmərəli istifadə olunmadıqda böyük fəsadlara yol aça bilər: “Çalışmaq lazımdır ki, sosial şəbəkələrdən düzgün şəkildə istifadə olunsun. Bunun üçün gənclərimizin bu sahədə maarifləndirilməsi prioritet məsələlərdəndir”.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva belə tədbirlərin yeniyetmələrin, xüsusilə məktəblilərin vətənpərvərlik, dövlətçilik və milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsi, habelə onların sosial şəbəkələrdən düzgün istifadə ilə asudə vaxtlarının səmərəli təşkili baxımından əhəmiyyətini vurğulayıb.
Sonda tədbir iştirakçılarına “Sosial şəbəkələrin gənclərin həyatında rolu” adlı videoçarx nümayiş olunub.