Amerikalılar Ağcabədidə!
21 oktyabr 2019 20:15 (UTC +04:00)

Amerikalılar Ağcabədidə!

MKİ-də məxfi söhbət

Mərkəzi Kəşfiyyat İdarəsinin yarıqaranlıq otağı, kresloda iki nəfər üzbəüz oturub, söhbət edirlər.

Allen Dalles:

- Hə, buyur, şübhələrin nədən ibarətdir?

Dosye:

Allen Uelş Dalles. 1893-cü ildə Nyu-Yorkda anadan olub. Amerikanın diplomatiya və kəşfiyyat tarixində önəmli adamlardan biridir. İkinci Dünya Müharibəsi zamanı Berndə strateji xidmət idarəsi rezidenturasının rəhbəri olaraq fəaliyyət göstərib. 1953-cü ildən 1961-ci ilə qədər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru kimi çalışıb. 1990-cı illərdə əhalini mənəvi və ideoloji baxımdan məhv eləmək yolu ilə sovetləri dağıtmaqla bağlı üzə çıxan “Dalles planı”nın müəllifi olduğu deyilir. 1969-cu ildə vəfat edib.

Riçard Bissell:

- Ser, Xruşevin qəzəblənib, hətta Paris sammitinin belə işini pozacağına nəyə görə bu qədər əminsiniz?

Dosye:

Riçard Mervin Bissel. 1909-cu ildə anadan olub. Mərkəzi Kəşfiyyat İdarəsinin U-2 kəşfiyyat təyyarəsi ilə bağlı məxfi layihəsinin rəhbəri kimi SSRİ-yə qarşı mühüm əməliyyatlarda iştirak edib. Bissel, həmçinin ABŞ-a düşmən sayılan dövlətlərdə çevrilişlərin həyata keçirilməsi, siyasi liderlərin fiziki olaraq aradan götürülməsi işlərinə cavabdeh olub. 1994-cü ildə vəfat edib.

Dalles:

- Bizim psixoloqlar Xruşşovu yaxşı öyrəniblər. Çılğındır, impulisivdir, düşünülməmiş qərarlar verməyə meyllidir. Planımızın baş tutması üçün təyyarəmiz mütləq SSRİ sərhədini pozmalıdır. Özü də mayın 1-də. Bu tarix onlarda milli bayramdır. Belə bir gündə qırmızıların ərazisində uçmaq onları çox qəzəbləndirəcək. Xruşşov isə korridoda banderliyer tərəfindən əsəbiləşdirilən öküz kimi əsəbiləşəcək, mən də onun şlyapasını yeyəcəm.

Bissel:

- Hə, indi sizin nə eləmək istədiyinizi anladım, ser. Ancaq gərək uçuşdan əvvəl bir-iki dəfə məşq olunsun ki, sovet hava ərazisinin lap dərinliyinə gedilməsin.

Dalles:

- Lap dərinliyə getmək də olar, ancaq sovetlərin yeni zenit raketlərindən yayınmaq şərtilə. Bizdə olan kəşfiyyat məlumatlarına görə, Balxaş ətrafında yeni strateji obyektlər tikilir, Kazanda isə səsdən sürətli bombardmançı təyyarələrin quraşdırılmasına başlanıb. Bu obyektlərin şəkillərini çəkmək də olar.

Bissel:

- Sizi başa düşdüm, ser…

U-2 layihəsi

Mərkəzi Kəşfiyyat İdarəsinin əfsanəvi şefi Dalles ilə onun sağ əli sayılan Bisselin bu söhbəti qətiyyən uydurma deyil. Bu haqda ikinci cənab, yəni Bissel illər sonra özü etiraf eləmişdi. Dallesin təklifi ilə baş tutacaq uçuşun taleyi məsələsinə sonra qayıdacağıq. İndisə Bisselin rəhbərlik elədiyi U-2 layihəsinin məqsədinə və hədəfinə nəzər salaq.

Bütün dünyada məşhur olan U-2 kəşfiyyat təyyarələri ABŞ-ın SSRİ ərazisi üzərində foto və elektron kəşfiyyat işləri aparmaq üçün xüsusi olaraq yaradılmışdı. Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən maliyyələşdirilən bu layihəyə rəhbərlik, bildiyimiz kimi Dalleslə məsləhətləşmə aparan Bisselə tapşırılmışdı. 1955-ci ildə ilk sınaq uçuşunu həyata keçirən U-2 qarşısında Moskvanın fotolorını çəkmək, həmçinin SSRİ ərazisində yerləşən radar qurğularının yerlərini müəyyənləşdirmək tapşırığı qoyulmuşdu. Ümumiyyətlə, 1955-60-cı illər arasında ABŞ-ın U-2 təyyarələri SSRİ ərazisinə dəfələrlə kəşfiyyata gəlsələr də, bunlardan ancaq 24-ü radarlar tərəfindən qeydə alınmışdı.

İndisə gələk, Dallesin xeyir-duası ilə 1960-cı il iyun ayının 15-də Parisdə dünya ölkələri liderlərinin iştirakı ilə baş tutacaq yüksək səviyyəli görüşdən 15 gün əvvəl - may ayının 1-də həyata keçirilən uçuşa. Bəli, uçuş baş tutdu, ancaq hər şey Mərkəzi Kəşfiyyat İdarəsinin planladığı kimi olmadı. Təyyarəçi Frensis Heri Pauersin idarə elədiyi U-2 Pakistanın Pişəvər hava limanından qalxaraq SSRİ ərazisinə daxil olmalı və Norveçin Budye şəhərində yerə enməliydi. Ancaq bu uçuş Sverdlovsk yaxınlığnda SSRİ-nin “yer-hava” raketinin zərbəsi ilə yarıda qırıldı. Pauersin təyyarəsi saat mexanizmi ilə işləyən xüsusi plastik partlayıcı paketlərlə təmin olunmuşdu ki, belə hallarda təyyarə qırımızıların əlinə keçməsin deyə təyyarəçi paraşütlə tullanmazdan əvvəl saat mexanizmini işə salsın. Ancaq Pauers buna vaxt tapmır, ya da ümumiyyətlə, mexanizmi işə salmaq istəmir. Paraşütlə tullanan təyyarəçi həbs olunur, casus-təyyarənin qalıqları isə Moskvada Qorki adına parkda nümayiş olunur.

Mavr işini gördü!

Bunlarla belə, Dalles arzusuna çatır. Məsələ bundaydı ki, Paris sammitində Amerika ilə sovetlər arasında sürətlə silahlanmanın dayandırılması məsələsi müzakirə olunmalıydı. Ancaq hadisədən sonra yeri-göyü dağıdan Xruşşov Paris sammitində prezident Eyzenhauerdən rəsmi üzrxahlıq tələb edir, imtina cavabı alınca, zirvə toplantısını tərk edir. Şiller demişkən, “mavr işini gördü, mavr gedə bilər”. Amerika kəşfiyyatı işini görmüşdü.

Təyyarəçinin taleyi ilə bağlı onu da deyək ki, 1962-ci ildə Frensis Pauers deşifrə olunaraq Amerikada 32 il həbs cəzası almış sovet kəşfiyyatçısı Rudolf Abellə dəyişdirilir. 

Dediyimiz kimi, 1 may uçuşu Amerika casus təyyarələrinin SSRİ ərazisi üzərindən kəşfiyyat xarakterli ilk “səfəri” deyildi. Əslində, U-2-lər məhz bu məqsəd üçün yaradılmışdı. Ancaq beynəlxalq qalmaqala səbəb olan 1960-cı ilin 1 may uçuşundan iki il əvvəl baş vermiş bir hadisə Mərkəzi Kəşfiyyat İdarəsində böyük narahatlıq yaratdı. Məsələ o qədər ciddi və məxfiydi ki, bu haqda Amerika prezidenti Eyzenhauerə düz 10 ay sonra məlumat verildi.

Sərhədpozan “Duqlas”

1958-ci il iyunun 27-də Moskva vaxtı ilə saat 18:29-da “Duqlas” C-II8A Amerika təyyarəsi İrəvan şəhərinin 30 kilometrliyində Ermənistan SSRİ tərəfdən dövlət hava sərhədini pozaraq 170 kilometrə qədər ərazinin dərinliyinə keçdi.

Həmin dövrdə Bakı Hava Hücumundan Müdafiə Dairəsi qərargahının kəşfiyyat bölməsində xidmət edən Aleksandr Orlov özünün “Nəhəng dövlətlərin gizli savaşı” kitabında yazır: “Axşam məni təcili hərbi dairənin komanda məntəqəsinə çağırdılar. Məlum oldu ki, Ermənistan üzərindən hava sərhədi pozulub. Sürətinə və uçduğu hündürlüyə görə təyyarənin  yük təyyarəsi olduğu məlum idi. Sərhəd pozucusunun yaxalanması üçün havaya qaldırılan iki ədəd “MİQ-17” qırıcılarına onu nəzarətə götürmək elə də çətin olmadı”.

Az sonra aparıcı “MİQ” pilotundan xəbər gəlir: “Hədəfi görürəm, Amerika hərbi-yük təyyarəsidir. Bizim “arxamca eniş elə” siqnalına reaksiya vermir, Türkiyəyə tərəf istiqamət götürür. Neyləməli?”

Vurulsun, vurulmasın?

Pilot tamamilə təlimata uyğun hərəkət edirdi və sualı da əbəs yerə vermirdi. Məsələ bundaydı ki, 50-ci illərdə hava sərhəd pozucularına qarşı tədbirlərlə bağlı müdafiə nazirinin əmrləri tez-tez dəyişirdi. Məsələn, bu əmrlərin birində deyilirdi ki, qırıcıların xəbərdarlığını yerinə yetirməyən hədəflər dərhal vurulmalıdır. Başqa bir əmrləsə pilotlar sərhəd pozucusunu ancaq və ancaq enişə məcbur eləməliydi. Hədəf məcburi enişdən imtina elədiyi halda pilotun nə edəcəyi haqda heç nə yazılmırdı. Xəbəri alan Serov da iki daş arasında qalmışdı.

Dosye

İvan Aleksandroviç Serov. 1954-cü ildə yenidən təşkil edilən SSRİ Nazirlər Soveti Yanında Dövlət Təhlükəsizlik Komitəsinin ilk sədri. Xruşşovun yaxın adamlarından biri. Macarıstan üsyanının yatırılmasında, üsyan rəhbərlərinin həbsində yaxından iştirak edib. 1958-ci ildən Baş Kəşfiyyat İdarəsinin rəisi kimi çalışıb. Sonradan işində yol verdiyi nöqsanlara görə, bütün vəzifələrdən çıxarılıb, rütbəsi general-mayora qədər endirilib.  1990-cı ildə vəfat edib.

Bəli, Serov üçün qərar qəbul eləmək çox çətin idi. O, qətiyyən şübhə eləmirdi ki, təyyarədə Mərkəzi Kəşfiyyat İdarəsinə aid sənədlər və əməkdaşlar ola bilər. Ona görə düşünürdü ki, bəlkə casuslar təyyarədə olan sənədləri məhv eləyənə kimi onları vursun, sənədləri ələ keçirsin. Ancaq indiki halda şərait vaxt itirmədən qəti qərarların qəbul olunmasını tələb edirdi. Komanda Məntəqəsində olan Bakı Hava Hücumundan Müdafiə Dairəsinin komandanı general-polkovnik İvanov Moskvadakı SSRİ Hava Hücumundan Müdafiə Qoşunlarının Mərkəzi Komanda Məntəqəsi ilə danışdı.

Dosye:

Vladimir Vladimiroviç İvanov. 1900-cu ildə anadan olub. Böyük Vətən Müharibəsində ordu komandanı kimi bir sıra döyüşlərdə qələbələr qazanıb. 1956-cı ildən 1959-cu ilə qədər Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olub. Ordu generalı İvanov 1968-ci ildə vəfat edib.

İvanova “şəraitə uyğun hərəkət eləyin” əmri qəti qərar qəbul eləməyə bəs edir. Təyyarə vurulsun! 

Təyyarə vuruldu!

Beləliklə, təyyarəni vurma qərarı verilir. Dövlət Təhlükəsizik Xidmətinin “tam məxfi” qrifli arayışından oxuyuruq: “Dövlət sərhədinin pozulması barədə məlumat alınan kimi Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının Kürdəmir hava limanından 18:24-də 259-cu aviasiya diviziyasının 976-cı polkuna məxsus iki MİQ-17 təyyarəsi pozucu-təyyarəni saxlamaq üçün havaya qaldırıldı.  

Eskadrilya komandiri kapitan Svetliçnikov və həlqə komandiri Zaxarov 18:44-də 5500 metr yüksəklikdə pozucu-təyyarəni aşkar etmiş və onu bizim Qara-Çala hava limanında yerə enməyə məcbur eləməyə çalışmışdır. Ancaq Amerika təyyarəsi xəbərdarlıq siqnalına məhəl qoymadan sağa tərəf istiqamət götürərək İran ərazisinə keçməyə cəhd göstərmişdir. Bundan sonra 18:58-də qırıcıların atəşləri ilə yandırılmış və hündürlüyü itirməyə başlamışdır. Saat 19-da sərhəd pozucusu olan təyyarədən 5 paraşütçü yerə tullanmışdır.

19:7-də təyyarə Kirovabaddan 95 kilometr cənub-şərqdə yerləşən Azərbaycan SSRİ Ağcabədi rayonunun Hindarx kəndində tikilməkdə olan hərbi hava limanının enmə zolağına düşmüş, bir neçə dəqiqə sonra tamamilə yanmışdır”.

Hindarxa düşən təyyarə...

Gəlin, əvvəlcə istintaqı Hindarx kəndinə eniş eləyən təyyarə üzrə aparaq. Təyyarə enən kimi hava limanında  olan hava hücumundan müdafiə qüvvələrinin əsgərləri tərəfindən mühasirəyə alınır. Hadisənin şahidi olan yerli əhali təbii ki, təyyarənin yaxınına buraxılmır. Əsgərlər təyyarənin içinə girməyə tələsmirlər. Müəyyən müddətdən sonra yanan təyyarənin qapısı açılır, bir-birinin ardınca 4 nəfər amerikalı tüstü-duman içində bayıra çıxırlar, dərhal həbs olunurlar. Onların düşməsi ilə təyyarə yenidən alışır. Bu isə sonradan istintaqçılarda təyyarənin qəsdən yandırılması haqda şübhələr yaradır.  Çünki hadisə yerində iş aparan xüsusi qrup müəyyən edir ki, amerikalılar yerə düşdükdən sonra 6 dəqiqədən çox təyyarəni tərk etmirlər. Sonradan ağzı açıq halda tapılmış kiçik boş yanacaq çənləri də bir daha sübut edir ki, təyyarə qəsdən yenidən yandırılıb. Təbii ki, bütün bunlar sonradan aşkara çıxacaq.

İndisə qayıdaq təyyarədən paraşütlə tullanan 5 nəfərə.

5 nəfərin axtarışı

1958-ci il iyunun 27-də saat 23:40 dəqiqədə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin 33 əməliyyat işçisi Bakıdan Ağcabədi rayonunun Hindarx kəndinə yola düşdü. Operativ qrup  iyunun 28-də səhər saat 10-da Hindarxa çatır. Vəziyyət qəliz idi, qrup vaxt itirmədən dərhal əməliyyata başlayır.  Beləcə, Hindarxa düşən yanan təyyarədən çıxarılan 4 Amerika desantının həbsindən sonra qalan 5 nəfərin və ərazidə casus materiallarının axtarışına başlanılır.

Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsindən xüsusi qrup rayona hadisə yerinə ezam olunur. Paytaxtdan ezam olunan qrupa ətraf rayonlardan da müvafiq rəsmi şəxslər, həmçinin 4-cü Ordunun Bakı Dairəsi Hava Hücumundan Müdafiə Qoşunlarının qrupu, yerli aktivlərin iştirakı ilə 42-ci sərhəd dəstəsinin sərhədçiləri də qoşulur. Axtarış əməliyyatına rəhbərlik o dövrdə Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsi 2-ci şöbə - əks-kəşfiyyat şöbəsinin rəis müavini 35 yaşlı mayor Heydər Əlirza oğlu Əliyevə tapşırılır. Axtarışın nəticələri haqda raport Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri polkovnik Fyodr Kopılova təqdim olunur.

Dosye:

Fyodor İvanoviç Kopılov. 1910-cu ildə Orlov quberniyasında anadan olub. Böyük Vətən Müharibəsi başlayandan ordu sıralarında xidmət edib. Müxtəlif partiya işlərində çalışdıqdan sonra 1948-ci ilin sentyabr ayından Dövlət Təhlükəsizliyi Nazirliyinə işə göndərilib. 1956-cı ildən 1959-cu ilə qədər Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri işləyib. IV-V çağırış SSRİ Ali Sovetinin deputatı olub. 1970-cu ildə vəfat edib.

Beləliklə, axtarış qrupunun rəhbəri mayor Heydər Əliyevin polkovnik Fyodr Kopılovun adına yazdığı raportdan oxuyuruq: “1958-ci il iyunun 28-30-da ümumən 500-ə yaxın operativ işçi, əsgər və yerli aktiv Amerika təyyarəsindən tullanmış 5 nəfər desantın axtarışına cəlb olunmuşdur. Axtarış bu istiqamətlərdə aparılmışdır:

1. Axtarış zolağının uzunluğu 20, eni 6 kilometr olmaqla Hindarx-Mahrızlı-Qərvənd istiqaməti.

2. 45 kv.km ərazi olmaqla Hindarx-İmanqulubəyli-Qaraxanlı-Çəmənli-Qərvənd istiqaməti.

3. 18 km dərinliyi, 2 km cəbhə boyu olmaqla Hindarx-Üçoğlan-Qərvənd istiqaməti.

Yerli sakinlər köməyə gəlir

Onu da qeyd edək ki, iyun ayının 28-də Mahrızlı, Çəmənli və Üçoğlan kəndinə 3 nəfərdən ibarət operativ istintaq qrupu göndərilmişdi. Onlar Amerika desantlarının tutulmasında iştirak edən yerli sakinlərdən sorğu götürmüşdülər.

Heydər Əliyevin arayışından daha sonra oxuyuruq: “Məlum olmuşdur ki, “Stalin”, “Sosializim” və “Orconikidze” kolxozlarının sədrləri Quliyev, Əliyev, Məmmədov, Üçoğlan kənd sovetinin sədri Məhərrəmov, Stalin adına kolxozun partiya təşkilatı sədri Kərimov, kolxozçular Haciyev, Baxşəliyev, Heydərov, Abdullayev, Məmmədov, Bayramov və başqaları Amerika paraşütçülərinin yerə enməyinin şahidi olmuş, onların tutulmasında bilavasitə iştirak etmişlər. Yanmış təyyarənin qalıqları və axtarış işinin marşrut sxemi arayışa əlavə edilir.

Azərbaycan SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin ikinci şöbəsinin rəis müavini mayor Heydər Əliyev. 3 iyul 1958 ci il”.

Maraqlıdır ki, Amerika təyyarəsindən, desantlardan düşmüş və götürülmüş hərbi sursatlar, ləvazimatlar arayışda ən xırda detallarına qədər təsvir olunub. İndisə keçək Ağcabədiyə düşmüş 9 Amerika təyyarəçisinin kimliyinə.

Tutulan 9 amerikalı kimlər idi?

1. Lyüter Vilyam Laylıs. 1925-ci il martın 24-də Amerikanın Texas ştatının Bel şəhərində anadan olub. Amerika vətəndaşıdır. Qərbi Almaniyanın Visbaden şəhərində 7405 saylı aviaeskadrilyada xidmət edir. Təyyarə komandiridir. Rütbəsi mayor. ABŞ hərbi hava qüvvələrində 11 il xidmət təcrübəsi var.

2. Deyl Lonald Brannon. 1914-cü il aprelin 25-də Ohaya ştatında anadan olub. Amerika vətəndaşıdır. Visbadendə yerləşən 7170 saylı təchizat aviaqrupunun komandiridir. Rütbəsi polkovnik. İkinci dünya müharibəsi vaxtı Sakit okeanın cənub hissəsində Yaponiyaya qarşı vuruşan qırıcı eskadrilyasının komandiri olub.

3. Robert Edvard Krens. 1922-ci ildə Amerikada anadan olub. Amerika vətəndaşıdır. Avropadakı ABŞ hərbi hava qüvvələrində xidmət edir, rütbəsi mayor. Hazırkı ekipajın ikinci  pilotudur.

4. Benni Allen Şup. 1925-ci ildə Corciya ştatında anadan olub. Amerika vətəndaşıdır. 1943-cü ildən Amerika hərbi hava qüvvələrində xidmət edir. Rütbəsi mayor, 1-ci dərəcəli pilotdur. Visbaden şəhərində arvadı və 8 yaşlı qızı var.

5. Ceyms Tomas Keyn. 1921-ci il oktyabrın 27-də Nyu-York şəhərində anadan olub. Amerika vətəndaşıdır. Ali təhsillidir. İkinci dünya müharibəsi vaxtı aviasiyada xidmət edib. Müharibədən sonra kollec qurtarıb. 1951-ci ildən yenidən orduya çağırılıb və Yaponiyaya göndərilib. Hazırda Visbaden şəhərindəki 7405 saylı dəstək eskadrilyasında xidmət edir. Rütbəsi kapitan.

6. Ceyms Nikolas Lyüter. 1932-ci il sentyabrın 7-də Minnesot ştatında anadan olub. Amerika vətəndaşıdır. Ali təhsillidir. 1955-ci ildən hərbi hava qüvvələrində xidmət edir. Hazırda Visbadendəki Amerika bazasında arvadı yaşayır, ABŞ-da 2 qardaşı, 3 bacısı var.

7. Ceyms Hi Holman 1923-cü il fevralın 17-də Luiziana ştatında anadan olub. Amerika vətəndaşıdır. 1955-ci ildən 7405 saylı ABŞ dəstək aviaeskadrilyasında xidmət edir. Rütbəsi serjant.

8. Peder Nikolas Seybo. 1936-cı ildə anadan olub. Amerika vətəndaşıdır. ABŞ hərbi hava qüvvələrində sıravi kimi xidmət edir.

9. Eyl Hovard Rimer. 1932-ci il may ayının 5-də Minnesot  ştatında anadan olub. Milliyyətçə belçikalı-almandır, Amerika vətəndaşıdır. 1950-ci ildən Amerika ordusunda sıravi kimi xidmət edir. 1957-ci ildən Visbadendəki 7405 dəstək eskadrliyasında bort-mexanik vəzifəsindədir.

Sorğu-sual başlayır

Həbs olunan amerikalılar əvvəlcə avtomobillərdə Kirovabada, yəni indiki Gəncəyə gətirilir, ayrı-ayrı otaqlarda ilkin ifadələri alınır. İyunun 28-də saat 13-də paytaxtdan gəlmiş xüsusi təyyarələrlə Bakıya gətirilir, Dövlət Təhlükəsizlik Komitəsinin binasında onlar üçün ayrılmış otaqlarda saxlanılır və sorğu-sual edilir.

Vaxtilə Azərbaycan DTK-sının sədri vəzifəsində çalışmış, ömrünün sonuna kimi isə Heydər Əliyev adına Dövlət Təhlükəsizlik Akademiyasının rəisi işləmiş general-leytenant Ziya Yusifzadə Heydər Əliyevin DTK-da çalışdığı dövr haqda kinorejissor Vaqif Mustafayevin çəkdiyi “Professional” filmində deyirdi: “9 nəfər amerikalı Bakıya gətirildi və hər bir ekipaj üzvü ilə əsaslı surətdə iş aparılmağa başlandı. Amerikalı təyyarəçilərin dindirilməsi ilə şəxsən Heydər Əliyev məşğul olurdu. Mən dindirmədə tərcüməçi qismində iştirak edirdim. Heydər Əliyevin ustalığına heyran olurdum. O, istintaqı elə aparırdı, istintaq olunanları almaq istədiyi cavaba elə yaxınlaşdırırdı ki, onlar özləri də hiss etmədən faktiki olaraq Cənub-Şərqi Asiya, Türkiyə, Pakistan, Avropa ərazilərində onlara məlum olan bütün Amerika hərbi hava limanının yerini açıb söyləyirdilər”.

Arzulanmayan qonaqların sorğu-sualı davam etməklə yanaşı, deyilməlidir ki, amerikalılara qarşı həm də kifayət qədər mədəni davranılıb. Hətta, iyul ayının 4-də Amerikanın müstəqillik günü münasibətilə Sovet çekistlərindən təbrik də alırlar. Bütün bunlar sənədlərdə əksini tapıb.

Onlar sorğu zamanı etiraf edirlər ki, Ermənistan SSRİ-nin ərazisində olan Sevan gölünü Türkiyədəki Van gölü ilə səhv salaraq sərhədi bilmədən pozublar.

Mətbuat iş başındadı!

Bütün bunlarla belə, mətbuat da öz işini görürdü. “İzvestiya” qəzetinin 29 iyun 1958-ci il sayında sovet hökumətinin Amerika Birləşmiş Ştatlarına göndərdiyi 27 iyun tarixli notası dərc olunur. Notadan oxuyuruq:

“27 iyun 1958-ci il Moskva vaxtilə 18:30-da ABŞ Hərbi Hava Qüvvələrinin bildiriş nişanları olan 4 mühərrikli təyyarə İrəvan şəhərinin cənubundan SSRİ sərhədini pozaraq 170 kilometr ölkənin dərinliyinə qədər keçmişdir. 2 qırıcının xəbərdarlıq siqnallarına baxmayaraq, təyyarələr buna əməl eləmədiyindən enişə məcbur ediliblər. Təyyarə sərhədin pozulduğu yerdən 240 kilometr aralıda yerə enərək yanmışdır. ABŞ Hərbi Hava Qüvvələrinin formasını geymiş 9 nəfər hərbçi SSRİ ərazisindədir. Sovet hökuməti ABŞ-dan sovet sərhədlərinin pozulmasının qarşısının alınması üçün təcili olaraq effektiv ölçülər götürülməsini tələb edir”.

Bir həftə sonra – iyul ayının 4-də “İzvestiya”da ABŞ hökumətinin cavabı dərc olunur. Cavabda deyilir: “DS-6 hərbi-yük təyyarəsi Almaniya Federativ Respublikasının Visbaden şəhərindən Tehrana uçurmuş. Təyyarədən son siqnal Kipr adasından – Nikosiyadan 13:20-də alınıb. Hava buludlu olub və təyyarə dağlıq ərazidə azıb. Bu, qəsdən sərhəd pozuculuğu deyil. Xahiş edirik, ekipajı və mümkündürsə, təyyarəni, əgər qalıbsa, təyyarənin hissələrini qaytarın”.

Yazıçı, publisist Elmira Axundova özünün «Heydər Əliyev. Şəxsiyyət və Zaman» kitabında yazır: “Heydər Əliyevin şəxsi arxivində işləyən zaman, 1969-cu ildən 1984-cü ilədək xarici radiosəslərin verilişlərinin mətnləri saxlanan qovluğu nəzərdən keçirərkən, “Amerikanın səsi” radiostansiyasının 1982-ci il mayın 5-də efirə verdiyi maraqlı informasiyaya rast gəldim. Onun sözbəsöz məzmunu belədir: “Amerikanın səsi” 1982-ci il dekabrın 5-də  xəbər yaymışdır ki, 22 il bundan əvvəl Sovet  İttifaqı qüvvələri tərəfindən "U-2" kəşfiyyat təyyarəsindən başqa, Amerikaya məxsus daha bir kəşfiyyatçı-təyyarə vurulub salınmışdır. Pauersin idarə etdiyi təyyarənin məhv edilməsi ABŞ ilə SSRİ arasında münasibətlərin pisləşməsinə səbəb oldu. Bu hadisə ilə əlaqədar hətta yüksək səviyyədə görüş təxirə salınmışdı.

MKİ-nin keçmiş şefi Alen Dallesin Amerika Senatındakı çıxışı əsasında elan olunmuşdur ki, SSRİ ərazisi üzərində "U-2"- dən savayı daha bir Amerika kəşfiyyat təyyarəsi vurulub salınmışdır. Qeyd edilir ki, bu, Qafqaz rayonu üzərində baş verib. Təyyarənin ekipajı 9 nəfərdən ibarət olub. Dallesin sözlərinə görə, Amerika tərəfi ekipaj heyətinin ABŞ-a qaytarılması tələbi ilə dəfələrlə müraciət etmişdir. Lakin Moskva bu məsələnin üstündən sükutla keçirdi. Bu vaxta qədər ekipaj heyətinin taleyi barədə heç nə məlum deyil”

Ya Dalles, ya “Amerikanın səsi” yalan deyir!

Yazıçımızın bu məsələ ilə bağlı “Amerikanın səsi”nə aid materialı arxivdə tapması başadüşüləndi. Dediyimiz kimi, Heydər Əliyev 2-ci şöbənin rəis müavini kimi bu işlə xüsusi məşğul olub və operativ qrupun rəhbərliyi ona tapşırılıb, nəticələr barədə arayışı da özü tərtib edir. Sadəcə, bir məqam unudulmamladır. “Amerikanın səsi”nin nə deməyindən asılı olmayaraq, əlimizdə Dövlət Təhlükəsizlik Xidməti arxivinin daha bir materialı var. Bu material amerikalıların təhvil verilməsi haqqındadır. Ona görə, yenidən qayıdaq “tam məxfi” qrifi ilə qorunan işə. Azərbaycan Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Amerika hərbi təyyarəsi tərəfindən SSRİ sərhədinin pozulması faktı üzrə aparılmış operativ və istintaq haqda arayışından oxuyuruq: “Amerika təyyarəsinin ekipajının İrandakı ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndələrinə təhvil vermək göstərişi aldıqdan sonra təyyarəçilərin hər biri ilə bir daha belə təxribat xarakterli əməllərə yer verməyəcəkləri haqda ayrı-ayrılıqda söhbətlər aparılmışdır. Amerikalılar bu proses boyu rəsmi sovet hakimiyyət nümayəndələrindən, onlara göstərilmiş tibbi yardımdan, yeməkdən və məişət şəraitindən razı qaldıqlarını bildirmişlər. Onlar həmçinin Sovet tərəfə qarşı heç bir şikayətlərinin olmadıqları haqda yazılı izahat vermiş, bütün sənədlərinin və şəxsi əşyalarının onlara qaytarıldığını etiraf etmişlər.

Bütün ekipaj üzvləri təhvil verilmək üçün 1958-ci il iyul ayının 6-da saat 23:30-da Azərbaycan DTK əməliyyatçılarının müşayiəti ilə rahat avtobuslarda Astara rayonunda 44 saylı sərhəd dəstəsində əvvəlcədən hazırlanmış xüsusi otaqlarda yerləşdirilmişdir.

İyulun 7-də Moskva vaxtilə səhər saat 7-də amerikalıların təhvil verilməsi üçün danışıqlar başlamışdır. Danışıqları Lənkəran rayonu üzrə SSRİ sərhəd komissarı podpolkovnik Kuzmin, İrandakı ABŞ hərbi hava attaşesi polkovnik Con Baska aparmışdır. Tərcüməçi Azərbaycan DTK 2-ci şöbəsinin əməliyyatçısı Ziya Yusifzadə olmuşdur”.

Danışıqlar vaxtı Amerika tərəfi Sovetlərin 30 min rubl təzminat istəməsinin səbəbini soruşub. Sovet nümayəndə heyəti cavab verib ki, bu xərclər Amerika təyyarəçilərinin saxlanmasına və onların daşınması üçün ayrılmış xüsusi təyyarələrə xərclənib. Amerika tərəfinin razılaşmaqdan başqa çarəsi qalmır.

İran tərəfinin təhvil aktının fars dilində də tərtib olunmasına isə sovet nümayəndə heyəti razılıq vermir. Sovetlər təhvil almanın iki ölkə arasında baş tutduğundan rus və ingilis dilində aktların tərtibinin kifayət elədiyini deyirlər.

Nəhayət iyul ayının 8-də “İzvestiya qəzetində belə bir məlumat dərc olunur: “1958-ci il iyul ayının 7-də Astara şəhərində 1958-ci il iyunun 27-də SSRİ sərhədini pozmuş Amerika hərbi təyyarəsinin ekipajı Amerika Birləşmiş Ştatlarının ordu nümayəndələrinə təhvil verilmişdir”.

Bundan sonra isə artıq  bizə tanış olan heyətin tam siyahısı dərc olunur. Gördüyünüz kimi, “Amerikanın səsi”nin məlumatı tamamilə dezinformasiyadır. 

Hadisənin əks-sədası...

Bu iş barədə sovet mətbuatı sonralar yazmağa elə də meylli olmadı. Ancaq Amerika və Qərb mətbuatında olayla bağlı dəfələrlə, xırda da olsa, informasiyalar getdi. Məsələn, sonradan məlum oldu ki, sən demə, bu hərbi yük təyyarəsindən Amerikada vur-tut iki ədə idi və ikisi də Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Allen Dallesin xüsusi tapşırıqlarını yerinə yetirirmiş. Beləliklə, Hindarxda vurulan təyyarədən sonra Dalles qalır bir təyyarənin ümidinə.

Yaxud, 90-cı illərdə Amerika qəzetlərinin birinə müsahibə verən ekipaj üzvü polkovnik Deyl Brannon etiraf eləmişdi ki, özü də daxil təyyarədə olan 9 nəfərdən 3-ü xüsusi xidmət orqanının əməkdaşı olublar. Mayor Şup isə bildirmişdi ki, təyyarədən düşənə qədər SSRİ-yə qarşı planlanan kəşfiyyat əməliyyatına dair sənədləri parça-parça eləyib şəxsən özü udubmuş.

Ona görə də, SSRİ-nin o dövrkü siyasi rəhbərliyi tərəfindən təyyarəçilərin əsaslı sorğu-suala çəkilməsinə icazə verilsəydi, çox güman ki, bu faktlardan daha çoxu elə həmin vaxtlarda meydana çıxardı. Ancaq Sovet rəhbərliyi onsuz da gərgin olan münasibətləri qızışdırmaq istəmir və amerikalılar vətənlərinə qaytarılırlar.

Görürsünüz, heç ağlımıza gəlməzdi. Mərkəzi Kəşfiyyat İdarəsində gedən söhbət hara, Allen Dalles hara, Ağcabədi hara? Ancaq yox, istintaqımız zamanı meydana çıxdı ki, dünyanın istənilən otaqlarında istənilən müzakirələr gedər, bu müzakirələrdən səbəblər doğar və bu səbəblərin bir tərəfi Azərbaycana da gəlib çıxa bilər. Deməli, sayıqlığımızı əldən verməməliyik. Ona görə də istintaq davam edir!

P.S. İctimai Televiziyanın efirində yayımlanan “İstintaq davam edir” layihəsi çərçivəsində Ali Məhkəmənin, Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin və Prokurorluğun arxiv materialları əsasında hazırlanmış filmlərin ssenari mətnini hər həftənin 1-ci günü “Lent.az”dan oxuyun!

Filmi bu linkdən izləyə bilərsiniz!

https://www.youtube.com/watch?v=sJM2I0SWGps

 

 

 

 

 

# 1913
avatar

İlham Tumas

Oxşar yazılar